22 may 2020 18:34
273

Azərbaycanda həyata keçirilən siyasətin mərkəzində vətəndaş dayanır

Son illər Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə genişmiqyaslı islahatlar həyata keçirilir və bu islahatlar hal-hazırda ciddi nəticələr verməkdədir. Ölkəmizdə dövlət idarəçiliyinin bütün istiqamətlərini əhatə edən hüquqi, institusional və kadr islahatları intensiv şəkildə davam etdirilir. Dövlət başçısının sözlərinə görə, ötən il bu sahədə geniş vüsət almış islahatlar müsbət nəticələr vermiş və bu il də proses pozitiv tendensiya ilə müşaiyət olunmaqdadır. Təbii ki,  islahatların əsas məqsədlərindən birini korrupsiya ilə mübarizənin daha da sərtləşdirilməsi və vətəndaş-məmur münasibətlərinin daha sağlam prinsiplər üzərində qurulması təşkil edir. Bu sahədə dövlət qulluqçularının şəffaf fəaliyyəti və vətəndaş məmnunluğunun artırılması yönündə uğurlar artıq müşahidə olunmaqdadır.

Ümumi iqtisadi vəziyyət nə qədər yaxşı olsa da, biz problemlərimizin mövcud olduğunu gizlətmədən, onların həlli yolları üzərində səylə çalışmalıyıq. Belə problemlərdən biri də digər ölkələrdə olduğu kimi, kölgə iqtisadiyyatının mövcudluğudur. Kölgə iqtisadiyyatı  qeyri rəsmi iqtisadiyyat adlandırılır və iqtisadiyyatın müşahidə olunmayan, rəsmi qeydiyyata düşməyən hissəsini əhatə edir, amma onu bütünlüklə zəbt edə bilmir. Kölgə iqtisadiyyatı həmçinin özündə qeyri-leqal, kriminal və qanunla qadağan edilən iqtisadi sahələri də əhatə edir. Kölgə iqtisadiyyatı inkişaf etməkdə olan ölkələrin vətəndaşlarının qanundan və ictimai qaydalardan kənar qurduqları qarşılıqlı iqtisadi münasibətlərdir. Mahiyyət etibarı ilə gəlirləri dövlət orqanlarından gizlədilən istənilən fəaliyyət növü və ya vergi ödənişlərindən yayınmaq kölgə iqtisadiyyatı fəaliyyəti hesab olunabilər.

Son vaxtlar Azərbaycanda kölgə iqtisadiyyatına qarşı mübarizə getdikcə daha geniş vüsət almaqdadır ki, bunun da əsasında Prezident İlham Əliyevin siyasi iradəsi dayanır. Burada Azərbaycan Prezidentinin kölgə iqtisadiyyatına dair fikirlərini xatırlatmaq yerinə düşərdi: “Kölgə iqtisadiyyatı böyük bəladır və biz bu bəla ilə bağlı çox ciddi mübarizə aparırıq. Biz kölgə iqtisadiyyatına qarşı həm inzibati, həm də institusional yollarla, o cümlədən islahat yolu ilə mübarizə aparırıq və aparacağıq. Kölgə iqtisadiyyatına qarşı mübarizə metodları kifayət qədər çoxşaxəlidir. Biz onların hamısından istifadə edirik və edəcəyik. Hər kəs başa, düşməlidir ki, Azərbaycanda bütün işlər qanun çərçivəsində aparılmalıdır”.

Kölgə iqtisadiyyatı ilə bağlı həyata keçirilən mübarizə tədbirlərinin nəticəsidir ki, 2020-ci ilin I rübündə dövlət büdcəsinə qeyri-neft sektoru üzrə daxilolmalar 21.3% artaraq 1.4 mlrd.manatı üstələmişdir. Eyni zamanda əmək haqqı fondu da artrmışdır. 2019-cu ildə əmək müqavilələrinin sayı 153 min artmış, o cümlədən bu artımın 99 mini özəl sektorun payına düşmüşdür. Ümumilikdə son 5 rüb, yəni 2019-cu il və cari ilin birinci rübü ərzində əmək müqavilələrinin sayı 172 mindən çox artmışdır. Ötən il ölkə Prezidentinin imzaladığı bir sıra sərəncamlara əsasən minimum əmək haqqı, pensiya və sosial müavinətlər artırılmış, şəhid ailələrinə birdəfəlik müavinətlər verilmiş, əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində müxtəlif layihələr reallaşmışdır.

Azərbaycan qlobal pandemiya dövründə də iqtisadiyyatının dayanıqlığını təmin etməkdədir.  Mayın 12-də Prezident İlham Əliyev Sumqayıtda "Gilan Tekstil Park” Məhdud Məsuliyyətli Cəmiyyətinin tibbi maska fabrikinin və tikiş fabrikinin nəzdində fəaliyyət göstərən qoruyucu kombinezonların istehsalı müəssisəsinin açılışında ölkə iqtisadiyyatının mövcud durumuna toxunaraq qeyd etdi ki, bir çox ölkələrdə iqtisadiyyat tənəzzülə uğrasa da, Azərbaycanda dörd ayın yekunlarına əsasən, iqtisadiyyat az da olsa - 0,2 faiz artıb. O ki qaldı qeyri-neft sektorunun inkişafına, bu sektorun sənaye artımı 16 faizdən çoxdur. Bu da, əlbəttə ki, görülmüş işlərin nəticəsidir.

Cənab İlham Əliyevin həyata keçirdiyi iqtisadi islahatlar nəticəsində ölkədə maliyyə sabitliyi və iqtisadi artım bərpa olunub, bir çox sahələrdə, xüsusilə kənd təsərrüfatı, qeyri-neft sənayesi və digər sektorlarda əhəmiyyətli irəliləyiş əldə edilib. Məlum olduğu kimi, Prezident İlham Əliyev bu il martın 19-da “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncam imzalayıb. Eyni zamanda, dövlət başçısının bu Sərəncamının icrası ilə bağlı təsdiqlənmiş Tədbirlər Planında məşğulluğa və sosial rifaha dəstək məqsədilə 4 istiqamət üzrə 10 tədbir əksini tapıb və artıq bu istiqamətdə addımların atılmasına start verilib. Aprelin 17-də isə Azərbaycan Respublikasının Prezidenti tərəfindən elan edilən yeni dəstək tədbirləri ilə 2,5 milyon vətəndaşı əhatə edən məşğulluq və sosial rifah istiqamətinə 600 milyon manat vəsait ayrılıb. Bunlar Prezident İlham Əliyevin “Azərbaycanda həyata keçirilən siyasətin mərkəzində vətəndaş dayanır” fikrinin növbəti təzahürüdür. Pandemiya dövründə atılan addımlar bir daha sübut etdi ki, Azərbaycan Prezidenti və dövləti hər zaman vətəndaşının yanındadır.

Əlbəttə ki, pandemiya şəraitində hər dövlətin belə uğurlu fəaliyyət göstərməyi mümkün deyil. Şübhəsiz ki, ölkəmizdə həyata keçirilən siyasət və əldə olunan uğurlar ölkə başçısı cənab İlham Əliyevin sarsılmaz iradəsinin, dəqiq və düşünülmüş siyasətinin nəticəsidir. Beləliklə, hər bir Azərbaycan vətəndaşı ölkə başçısının həyata keçirdiyi siyasəti dəstəkləyir, ona güvənir və onun ətrafında sıx birləşir.

Məmləkət Qaraçobanova,

YAP Piralları rayon təşkilatının könüllüsü