22 may 2019 10:05
1421

Azərbaycanda kənd təsərrüfatı texnoloji sahəyə çevrilməlidir

XXV Azərbaycan Beynəlxalq Qida Sənayesi və XIII Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı sərgiləri ölkənin qeyri-neft sektoru sahəsində qazandığı uğurların təqdimatında əhəmiyyətli rol oynadı

Azərbaycanın bu gün müxtəlif sahələr üzrə beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi etməsi uğurlu inkişaf strategiyasının nəticəsidir. Prezident kimi fəaliyyətə başladığı gündən  enerji sektorundan asılılığın minimuma endirilməsini qarşıya mühüm vəzifə kimi qoyan cənab İlham Əliyev qeyri-neft sektorunun inkişafı istiqamətində davamlı addımlar atdı və onların uğurlu nəticələri göz önündədir.

Beynəlxalq maliyyə qurumlarının hesabatlarında da  iqtisadiyyatını düzgün əsaslar üzərində quran, şaxələndirmə siyasətini uğurla həyata keçirən Azərbaycanın sosial-iqtisadi göstəriciləri lider mövqeyinin möhkəmlənməsində əhəmiyyətli rol oynayır. XXV Azərbaycan Beynəlxalq Qida Sənayesi və XIII Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı sərgiləri bir daha  Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən tədbirlər çərçivəsində digər sahələrlə yanaşı, kənd təsərrüfatının da bir çox istiqamətləri üzrə böyük işlər görüldüyünə işıq saldı.

Kənd təsərrüfatının inkişafı ölkəmizdə prioritet sahələrdən biridir. Son illər ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafında xidmət edən Fərman və sərəncamların imzalanması, rayonlar üzrə ixtisaslaşmanın həyata keçirilməsi, dövlətimizin başçısı İlham Əliyevin sədrliyi ilə həmin bölgələrdə müşavirələrin keçirilməsi və s. kimi addımlar deyilənlərin təsdiqidir. Bu sahələrə göstərilən dövlət dəstəyi nəticəsində kənd təsərrüfatı məhsullarının ixrac potensialının artırılmasına geniş imkanlar yaranıb. Aqrar sahəyə qoyulan investisiyaların həcmi  ildən-ilə artır.

Məlumdur ki, qeyri-neft sektorunda istehsal olunan,  Azərbaycan  brendi kimi    tanınan məhsulların  dünya bazarlarına ixracı prioritet kimi qarşıya qoyulub və bu istiqamətdə ciddi addımlar atılır.  Məqsədə çatmaq üçün  ilk növbədə özəl sektorda istehsal olunan  mallara tələbatın yerli potensial hesabına ödənilməsi, idxalın azaldılması əsas məsələ kimi  irəli sürülüb. Aparılan iqtisadi islahatların,  həyata keçirilən layihələrin nəticəsi olaraq   Azərbaycan  ərzaq məhsullarına olan tələbatını tam ödəyir.  Ölkə Prezidenti  İlham Əliyevin  əsas tapşırığı  budur ki, ölkəmizdə istehsal olunan bütün ərzaq məhsullarının xammalı da məhz Azərbaycan mənşəli olmalıdır. Ona görə  qeyri-neft sektorunun inkişafına diqqət daha da  artırılır.  Cənab İlham Əliyevin fərmanları əsasında təsdiqlənən regional inkişaf proqramlarının uğurlu icrası nəticəsində qarşıya qoyulan bu kimi məqsədlərə yüksək səviyyədə nail olunur.  Sahibkarlığın İnkişafı Fondunun xətti ilə fermerlərə, iş adamlarına  vəsaitin ayrılması ilə qeyri-neft sektorunun inkişafına nail olunmaqla idxaldan asılılıq minimuma endirilir.  Prezident İlham Əliyevin imzaladığı “Qeyri-neft məhsullarının ixracının təşviqi  ilə bağlı  əlavə tədbirlər” haqqında  Fərmanın uğurlu icrası məhz  bu məqsədə xidmət edir. Yeni qaydalar sahibkarların istehsal etdikləri məhsulların ixracına  marağını artırmaqla, keyfiyyətin beynəlxalq standartlara uyğunluğunu da təmin edir.

Dövlətimizin başçısı İlham Əliyev Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında da bu məsələyə xüsusi diqqət yönəldərək bildirmişdir ki,  kənd təsərrüfatı daim diqqət mərkəzindədir: “Bildiyiniz kimi, dövlət bu sahəyə çox böyük dəstək, yardım göstərir. Güzəştli şərtlərlə gübrələr, yanacaq, subsidiyalar, texnika verilir. Mən deyə bilərəm ki, Azərbaycan bu sahədə dünya miqyasında fermerlərə dəstək baxımından ən qabaqcıl ölkələrdən biridir. Həm də onlardan vergilər də tutulmur, torpaq vergisi istisna olmaq şərti ilə. Yəni, bu sahəyə maksimum dəstək verilir. Bu sahədə aparılan islahatlar, əminəm ki, daha da böyük nəticələrə gətirib çıxaracaq. Hesab edirəm ki, indiki 3,6 faiz artım bizim potensialımızı tam əks etdirmir. Çünki bu qədər işlər görülür - həm meliorativ tədbirlər, həm dövlət tərəfindən dəstək. Fındıqçılıq, üzümçülük, pambıqçılıq, taxılçılıq, meyvəçilik, tərəvəzçilik sahəsində görülən işlər indi burada məruzədə də səsləndi. Yəni bizim istehsalımız və ixracımız böyük dərəcədə artır. Mən hesab edirəm ki, görülmüş işləri və islahatları nəzərə alsaq kənd təsərrüfatında artım daha da yüksək ola bilər.”

İclasda bu hədəf açıqlanmışdır: Azərbaycanda kənd təsərrüfatı texnoloji sahəyə çevrilməlidir və burada yeni mexanizmlər, o cümlədən aqrar sığorta mexanizmi tətbiq edilməlidir. Dövlətimizin başçısı, eyni zamanda, vurğulamışdır ki,  paralel olaraq,  kəndlərdə investisiya layihələrinin icrası ilə bağlı düşünməliyik. Hər bir kənd üzrə  proqram ola bilər. Kəndlərin yeni inkişaf konsepsiyası hazırlanmalıdır.

Atılan bütün addımlar  2013-2020-ci illəri əhatə edən  mərhələdə Azərbaycanın əsas hədəfi olan  inkişaf etmiş ölkələr sırasında addımlamaq istəyimizə xidmət edir.  Göstərilən məqsədə çatmaq üçün bazar iqtisadiyyatı şəraitində  sağlam rəqabəti təmin edən düşünülmüş dövlət tənzimlənməsi, enerjidən səmərəli istifadə və yüksək əlavə dəyər yaradan ixracyönümlü iqtisadiyyata  transformasiya və sosial-iqtisadi sahələrin inkişafına  kompleks yanaşma  həyata keçirilən siyasətin  ana xəttini təşkil edir.  Dünya təcrübəsinə istinadən bildirilir ki,  belə bir sistem yalnız sahibkar təşəbbüsünə və sərbəst rəqabətə  əsaslanan bazar münasibətləri şəraitində mümkündür. Bu səbəbdəndir ki, xarici investorların maraq göstərdiyi  ölkəmizdə  sağlam investisiya mühitinin  yaradılması istiqamətində davamlı addımlar atılır.

Statistik rəqəmlərə  nəzər salaq.  Dövlət proqramlarının icra olunduğu 2004-2018-ci illər ərzində ümumi daxili məhsul 3,3 dəfə, o cümlədən qeyri-neft sektoru üzrə 2,8 dəfə, sənaye üzrə 2,6 dəfə, kənd təsərrüfatı üzrə 1,7 dəfə artıb. Bu müddətdə həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində ölkədə 1,5 milyonu daimi olmaqla 2 milyondan çox yeni iş yeri, 100 mindən çox müəssisə yaradılıb, işsizlik 5 faizə, yoxsulluq səviyyəsi isə 5,1 faizə enib. Dövlət proqramları çərçivəsində görülmüş genişmiqyaslı işlər regionların qarşıdakı illərdə də inkişafı üçün möhkəm zəmin yaradıb. Artıq dördüncü Dövlət Proqramı təsdiqlənib. Hər bir sənəd özəlliyi, eyni zamanda, icra mexanizmi ilə diqqət çəkir.

Cari ilin arxada qalan aylarında özəl sektorun inkişafının daha da  sürətləndirilməsi ilə bağlı  həyata  keçirilən tədbirlər iş adamlarının sərbəst fəaliyyəti, şəffaflığın təminatı üçün əlverişli, münbit şərait  yaradıb. Sahibkarlıq subyektlərində  yoxlamaların 2 il müddətinə dayandırılması, lisenziya  tələb olunan fəaliyyət növlərinin  sayının 59-dan 37-yə endirilməsi, lisenziyaların “ASAN xidmət” mərkəzlərində verilməsi ilə iş adamlarını narahat edən süründürməçilik hallarının aradan qaldırılması kimi biri-birindən önəmli addımlar yeni iş yerlərinin sayının günbəgün artmasına geniş imkanlar açır.

Uğurlarımızda yeni texnologiyaların rolu inkaredilməzdir.  “İnnovasiyalara gəldikdə, bu gün dünyada Azərbaycan məhsulu kimi tanınan “ASAN xidmət” brendi vardır” söyləyən cənab İlham Əliyev bildirir ki, bunu biz yaratmışıq, bizim daxili intellektual məhsulumuzdur və iradəmizin ifadəsidir: “ASAN xidmət” bu gün bir neçə ölkədə fəaliyyət göstərir və bu sistemi tətbiq edən ölkələrin sayı artmaqdadır. Ölkəmizdə on beş “ASAN xidmət” mərkəzi yaradılıb. Bu ilin sonuna qədər onların sayı 20-yə çatacaq. Bu mərkəzlərə 26 milyondan çox müraciət olunub. Əhali tərəfindən bəyənmə əmsalı təxminən 100 faizdir. “ASAN xidmət”də iki yüzdən çox xidmət göstərilir, tam şəffaf və heç bir pozuntusuz. Bu sahə, bildiyiniz kimi, həmişə böyük narahatlıq doğururdu. Vətəndaşlar haqlı olaraq şikayət edirdilər. İndi isə şikayətlər yoxdur, “ASAN xidmət”in yaradılması və uğurlu fəaliyyəti bizim siyasətimizi əks etdirir. Azərbaycanda hər şey şəffaf olmalıdır, hər şey qanun çərçivəsində olmalıdır. Bu, bir daha onu göstərir ki, vətəndaşlara xidmət bizim siyasətimizin əsas məsələlərindən biridir.”

Bu günlərdə Azərbaycan brendləri sırasında xüsusi yer tutan ilk “DOST” mərkəzinin açılışı oldu. Bu kimi mühüm addımlar şəffaflığın təminatında mühüm rol oynamaqla yanaşı, insan amilinə verilən dəyəri bir daha təsdiqləyir.

Dövlətimizin başçısı İlham Əliyevin çıxışlarında bu mühüm məqam da öz əksini tapır ki,  bu gün dünyada ümumi meyil ondan ibarətdir ki, daha çox texnologiyalara üstünlük verilir, elmi-texniki tərəqqi yeni texnologiyalar ortaya çıxarır, robotlar insanları əvəzləyir. Qeyd edək ki, ötən ilin mühüm hadisələri sırasında “Sofiya” robotunun ölkəmizə səfərini də qeyd etməliyik. Bu mühüm məqam Azərbaycanın yenilikçi, təkmilləşməyə meyilli ölkə olduğunu bir daha dünyaya nümayiş etdirdi. 2019-2025-ci illərdə Bakıda və respublikanın rayonlarında 31 “DOST” mərkəzinin yaradılması nəzərdə tutulur.

Azərbaycan brendi kimi tanınan Ailə Biznesinə Asan Dəstək - “ABAD” mərkəzləri yaradılır.  “Bu, “ASAN xidmət”in bir qoludur və çox müsbət təşəbbüsdür” bildirən dövlətimizin başçısı  onu da əlavə edir ki, ailə biznesi bir istiqamət kimi Azərbaycanda geniş vüsət ala bilər və almalıdır. Dövlət öz dəstəyini  göstərir və göstərəcək.

Qarşıya qoyulan məqsədə nail olmaq üçün kompleks tədbirlərin həyata keçirilməsini əsas tələb kimi irəli sürən dövlətimizin başçısı İlham Əliyevin təkmil islahatları beynəlxalq səviyyədə də təqdir olunur.  Dünya Bankının hesabatlarında  Azərbaycanın 10  ən islahatçı ölkə sırasında yer alması təkmil islahatların nəticəsidir.

XXV Azərbaycan Beynəlxalq Qida Sənayesi və XIII Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı sərgiləri də Azərbaycanın bu kimi uğurlarının təqdimatı oldu. Dünyanın 32 ölkəsini təmsil edən 440 şirkəti, eləcə də 11 milli və regional qrupu bir araya gətirən builki sərgi ən müasir kənd təsərrüfatı texnikası, əkin-biçin aqreqatları, kənd təsərrüfatı məhsulları təqdim olundu. Sərgidə iştirak edən şirkətlərə diqqət yetirsək onların əksəriyyəti  Azərbaycanda uğurlu biznes qurublar. Təbii ki, bu mühüm göstərici ölkəmizdə  normal biznes mühitinin yaradıldığının nümayişidir. Sərgidə də vurğulandığı kimi, həyata keçirilən bütün bu layihələr Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Qeyd olunanlar bu ümumiləşdirməyə əsas verir ki, bu gün Azərbaycan təkcə neft-qaz deyil, qeyri-neft sektorunun inkişafı baxımından da dünyanın diqqətindədir. Xarici iş adamları ölkəmizdə bu sahədə mövcud durumdan məmnunluqlarını ifadə edir, investisiya yatırmaqda maraqlı olduqlarını bildirirlər. Təkcə bu rəqəmi qeyd etmək kifayətdir ki, son 15 ildə ölkə iqtisadiyyatına 250 milyard dollara yaxın investisiya qoyulub. Azərbaycanla iqtisadi əməkdaşlıqda maraqlı olan dövlətlərin və şirkətlərin sayı artmaqdadır.

Yeganə Əliyeva, “İki sahil”