10 yanvar 2020 17:59
538

Azərbaycanda könüllülər hərəkatı keyfiyyətcə yeni inkişaf mərhələsinə daxil olur

Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevin 30 dekabr 2019-cu il tarixli Sərəncamı ilə 2020-ci il Azərbaycan Respublikasında “Könüllülər İli” elan edildi.

Xüsusi qeyd etmək istəyirəm ki, ölkədə gəncliyə böyük diqqət və qayğının əsası müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin çoxşaxəli vətənpərvər fəaliyyətinin, yüksək milli təəssübkeşliyinin nəticəsində qoyulub. Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə gəncliyin gələcəyinə uzaqgörənliklə xüsusi yanaşan müdrik dövlət xadimi Heydər Əliyev ölkəmizdə uğurla həyata keçirilən dövlət gənclər siyasətinin müəllifi və banisidir.

Azərbaycanda yenidən hakimiyyətə qayıtdıqdan sonra Heydər Əliyevin çoxşaxəli fəaliyyətinin əsas istiqamətlərindən biri də gənc nəslə diqqət və qayğının artırılması, yeniyetmə və gənclərlə bağlı dövlət siyasətinin əsas prinsiplərinin müəyyənləşdirilməsi, respublikamızın ictimai-siyasi, sosial-iqtisadi həyatında gənclərin fəal iştirakının təmin olunması, onların sosial-mənəvi ehtiyaclarının ödənilməsi, gələcəyin layiqli vətəndaşları kimi formalaşması üçün münbit şəraitin yaradılması olub. Bu da təbiidir. Çünki gənclər xalqın gələcəyi, ümidi, cəmiyyətin inkişafının və yüksəlişinin əsas meyarı və barometridir. Hər bir cəmiyyətin maddi-mənəvi tərəqqisi dövlət siyasətinin bütün istiqamətlərdə düzgün qurulmasından, vətəndaşların, o cümlədən gənclərin sosial, psixoloji vəziyyətindən, fəaliyyət şəraitindən bilavasitə asılıdır.

Məhz 1993-cü ildən başlayaraq Azərbaycanda dövlət gənclər siyasəti təşəkkül tapmağa başladı.1993-cü ilin 22 sentyabrında ümummilli lider Heydər Əliyev gənclərin bir qrupu ilə görüşmüş, Azərbaycan gəncliyini ölkənin ictimai-siyasi həyatında daha fəal iştirak etməyə, ölkənin taleyinə biganə qalmamağa çağırmışdı.

Gənclərlə iş sahəsində dövlət siyasətinin mühümlüyünü nəzərə alaraq, ümummilli lider Heydər Əliyev 1994-cü ilin iyul ayının 26-da bu siyasəti həyata keçirəcək yeni dövlət qurumunun - Gənclər və İdman Nazirliyinin yaradılması haqqında Fərman imzaladı. Yeni nazirliyin qarşısına qoyulan əsas məsələlərdən biri böyüməkdə olan nəslin Vətənə, xalqa məhəbbət ruhunda tərbiyə olunması, gənclərin sosial-iqtisadi problemlərinin həlli, mənəvi ehtiyaclarının ödənilməsi, gənc nəslin hərtərfli inkişafı üçün şəraitin yaradılması olmuşdur. Respublikada çoxsaylı gənclər təşkilatlarının fəaliyyət göstərdiyi bir şəraitdə onların işini əlaqələndirmək zərurəti getdikcə özünü daha çox göstərirdi. Bu işi təmin etmək məqsədilə Heydər Əliyevin xüsusi fərmanı ilə 1996-cı ilin 2 fevralında keçirilmiş Müstəqil Azərbaycan Gənclərinin I Forumunun xüsusi əhəmiyyəti oldu. Forumda gənclərin bütün kateqoriyalarını: tələbələri, hərbiçiləri, jurnalistləri, siyasi partiya və gənclər təşkilatlarını təmsil edən 2 mindən çox nümayəndə iştirak etmişdi. Forumda böyük nitq söyləyən Heydər Əliyev gəncliyin qarşısında çox böyük vəzifələr durduğunu, onun əsas vəzifəsinin isə özünü müstəqil Azərbaycan Respublikasının inkişafına həsr etməkdən ibarət olduğunu qeyd edib. 1 fevral 1997-ci ildə Heydər Əliyev gənclər təşkilatlarının nümayəndələri ilə görüşündən sonra, onların xahişini yerinə yetirərək 2 fevralın Gənclər Günü elan edilməsi haqqında Fərman imzalayıb. Həmçinin gənc istedadların “Qızıl kitabı”, Gənc İstedadlara Yardım Fondu yaradılmışdır. 

Ümummilli liderimiz Heydər Əliyevin hakimiyyəti dövründə dövlət gənclər siyasətinin normativ hüquqi bazasının yaradılması və təkmilləşdirilməsi istiqamətində də əməli addımlar atılıb. Belə ki, Ulu Öndər tərəfindən 1999-cu ilin iyul ayının 29-da imzalanmış «Dövlət gənclər siyasəti haqqında” Fərmanda və Fərmanla təsdiq edilmiş geniş tədbirlər planında Azərbaycanda gənclər hərəkatının əsas inkişaf mərhələləri, dövlət gənclər siyasətinin əsas istiqamətləri, bu siyasətin həyata keçirilməsi sahəsində mövcud olan problemlər və onların həlli üçün konkret tədbirlər öz əksini tapıb. Bu Fərman ölkəmizin ictimai-siyasi həyatında gənclərin daha da fəal iştirakı üçün şəraitin yaradılması, dövlət orqanlarının diqqətinin gənclik problemlərinin həllinə yönəldilməsi baxımından tarixi bir sənəddir və Azərbaycan gənclər təşkilatlarının fəaliyyət proqramı kimi dönmədən həyata keçirilir. Eyni zamanda 1993-2003-cü illərdə qəbul olunmuş Dövlət proqramlarının əksəriyyətində gənclərlə bağlı müvafiq maddələr öz əksini tapıb.

Azərbaycan gəncliyinin qüdrətli hamisi və müəllimi olan Heydər Əliyev haqlı olaraq qeyd edirdi ki, savadı, təhsili olmayan gənc həyatda layiqli yer tuta bilməz. Heydər Əliyev 1997-ci ildə respublikamızın və xarici ölkələrin ali məktəblərinə qəbul olunmuş tələbələrin bir qrupu ilə görüşündəki nitqində deyirdi ki, müasir həyat və dünyanın gələcəyi insanlardan daha çox bilik tələb edir, çünki gələcək bilikli, elmli insanların çiyinləri üzərində qurulacaqdır.

Ulu öndər Heydər Əliyevin müdrik siyasi kursunun, fundamental milli inkişaf konsepsiyasının layiqli davamçısı olan möhtərəm Prezidentimiz cənab İlham Əliyev bu gün dövlət gənclər siyasətini müasir dövrün tələblərinə, yeni beynəlxalq çağırışlara uyğun şəkildə çox uğurla davam etdirir. Xüsusi qeyd etmək istəyirəm ki, dövlət başçımızın adıçəkilən Sərəncamı gənclərin fəaliyyətinə yeni məzmun, yeni ruh, yeni nəfəs gətirəcək. Sərəncam gənclərin daha da sosiallaşmasına, onların kommunikativ imkan və bacarıqlarının artmasına, ölkəmizin ictimai-siyasi və mədəni həyatında fəal təmsil olunmalarına, onların daxili mənəvi aləminin zənginləşməsinə, dünyagörüşlərinin genişlənməsinə, elmi-intellektual potensiallarının yüksəlməsinə müstəsna təsir göstərəcək. Ölkə Prezidenti cənab İlham Əliyev Azərbaycanın gələcəyini sağlam və müasir düşüncəli, vətənpərvər gəncliyin fəaliyyətində görür və əslində, sözügedən Sərəncamla bu fəaliyyətin miqyasının daha da genişlənməsinə, keyfiyyətcə yeni inkişaf mərhələsinə daxil olmasına əlverişli şərait yaradır.

Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısında Prezident İlham Əliyev demişdir: "Bu gün hər bir vətənpərvər azərbaycanlı haqlı olaraq fəxr edir ki, o, müstəqil Azərbaycan Respublikasının vətəndaşıdır. Ölkəmizin hərtərəfli inkişafında gənclərimizin çox böyük rolu vardır. Gənclər müxtəlif sahələrdə çox uğurla fəaliyyət göstərirlər, ölkəmizin ümumi inkişafına böyük töhfə verirlər... Bu gün Azərbaycan gəncləri cəmiyyətimizin fəal hissəsidir. Biz haqlı olaraq gənclərimizlə fəxr edə bilərik”.

Qeyd etmək istəyirəm ki, Azərbaycanın ali təhsil sistemində xüsusi yeri və mövqeyi olan, cəmiyyətdə yenilikçi və müasir universitet nüfuzu qazanmış Bakı Slavyan Universitetində  (BSU) könüllülük fəaliyyətinin sistemləşdirilməsinə, könüllülük mədəniyyətinin formalaşmasına xüsusi diqqət yetirilir. Universitetin  tələbə-gəncləri də ölkəmizdə könüllülük hərəkatında fəal iştirak edir və bu hərəkata böyük töhfələr verirlər. Professor-müəllim və tələbə heyəti ölkəmizdə keçirilən ictimai-siyasi və mədəni-kütləvi tədbirlərdə fəal iştirak edir, tələbələrin rəsmi dövlət orqanlarının, idarə və təşkilatlarının keçirdikləri tədbirlərdə iştirakı təmin olunur.

BSU-da tərbiyə işi – milli-mənəvi, əxlaqi dəyərlərə, eləcə də dünya mədəniyyətinin ənənələrinə, müasir həyatın dəyər və tələblər sisteminə uyğun istiqamətləndirilmiş, təhsil, elmi-tədqiqat, təşkilati-idarəetmə proseslərinə inteqrasiya edilərək, tələbə və müəllimlərin istehsalat və ictimai fəaliyyətində həyata keçirilmişdir.

Tərbiyə işi şəxsiyyətin mənəvi və fiziki inkişafına tələbat, vətəndaş mövqeyinin formalaşdırılması zərurəti, azərbaycançılıq, vətənpərvərlik tərbiyəsi, ulu öndər Heydər Əliyev ideyaları işığında tərbiyəsi, müasir sivilizasiya və demokratiya şəraitində işləmək və yaşamağa qadir olması, multikultural dəyərlərə hörmət, tolerantlıq, yaradıcılıq istiqamətlərində formalaşdırılmışdır.

Universitetdə “Bakı – 2017” IV İslam Həmrəyliyi Oyunlarının təbliğinə həsr olunmuş İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) və İnsan Resursları Departamentinin nümayəndələrinin iştirakı ilə “Bakı – 2017” IV İslam Həmrəyliyi Oyunlarında tələbələrin könüllülüyə cəlb edilməsi məqsədilə bir sıra sorğu və təqdimatlar keçirilmişdir. “Bakı – 2017” IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin əməkdaşları ilə görüş keçirilmişdir. Bu oyunlarda universitetdə müxtəlif fakültələr üzrə təhsil alan tələbələr könüllü qismində iştirak etmişlər. “Bakı – 2017” IV İslam Həmrəyliyi Oyunlarında əməliyyat və mərasim könüllüləri qismində 500 nəfər tələbəmiz fəal iştirak etmişdir. Əməliyyat  könülüllər dəstəsinə BSU-dan ümumilikdə  700 nəfər tələbə cəlb olunmuşdur. Bundan əlavə, BSU-dan 200 nəfər tələbə açılış və bağlanış mərasimində iştirak etmək üçün ehtiyat olaraq nəzərdə tutulmuşdur. BSU-nun tələbələri sertifikat və diplomlarla təltif edilmişlər.

2018-2019-cu tədris ilində tələbələrimiz elm, idman və yaradıcılıq sahələrində keçirilən tədbirlərdə sanballı uğurlara imza atmışlar. Azərbaycan Respublikası Təhsil Nazirliyinin və ATGTİ – nin birgə təşkilatçılığı ilə keçirilən “Tələbə baharı” Respublika yaradıcılıq müsabiqəsində BSU – nun “Nur” vokal qrupunun üzvləri, Beynəlxalq münasibətlər, regionşünaslıq və jurnalistika fakültəsinin IV tədris ili tələbəsi Namiq Fərəcli “Klassik estrada”, Tərcümə fakültəsinin III tədris ili tələbəsi Aytac Samullayeva “Müasir estrada” nominasiyalarında birinci yerə layiq görülmüşlər. BSU-nun “Arzu” rəqs ansamblı “Dünya xalq rəqsləri” nominasiyasında birinci yerə, “Milli rəqs” nominasiyasında isə ikinci yerə layiq görülmüşdür. Filologiya və xarici dili müəllimliyi fakültəsinin I tədris ili  tələbəsi, “Nur” vokal qrupunun üzvü Aydan Şahgəldiyeva və BSU – nun “Arzu”rəqs ansambılı Təhsil Nazirliyinin və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının birgə təşkilatçılığı ilə keçirilən ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş bədii yaradıcılıq festivalında fərqlənmişlər.

BSU-nun tələbələri “Bir” Tələbə-Könüllü proqramında da yaxından iştrak edirlər. Məlum olduğu kimi, “Bir” Tələbə - Könüllü proqramı könüllü tələbələrlə işin təşkilinin sistemləşdirilməsi, vahid məlumat bazasının yaradılması, tələbələrin könüllü fəaliyyətlə məşğul olmasının stimullaşdırılması məqsədilə Təhsil Nazirliyinin təşəbbüsü ilə yaradılıb.  BSU-nun tələbələrinin bu proqramda fəal iştirakı diqqətçəkəndir. Ümumilikdə universitetimizin tələbə-könüllüləri respublika və beynəlxalq miqyaslı bütün tədbirlərdə BSU-nu layiqincə təmsil edirlər.

Azərbaycan dövləti ölkə gənclərinə hərtərəfli qayğı və diqqət göstərdiyi kimi, gənclərimiz də dövlətin etimadını hər addımda doğrultmaq üçün əllərindən gələni əsirgəmirlər. Hər gün, hər addımda şahidi oluruq ki, Azərbaycan gəncliyi öz dövləti və lideri ətrafında sıx birləşib. BSU-nun tələbələri də bu sırada təşəbbüslə, inamla, məhəbbətlə önəmli mövqe tuturlar.

Cəfər Adilov,

Bakı Slavyan Universitetinin
Tələbə Gənclər Təşkilatının sədri