17 aprel 2019 10:54
1054

Azərbaycanda Multikulturalizmi: Dünyaya nümunə olan dəyərimiz

Milli ideologiyamız, tariximiz, dilimiz, dinimiz, mədəniyyət və incəsənətimiz, muğamlarımız, xalqın yaddaşını ehtiva edən folklorumuz milli mənəvi dəyərlərimizdəndir. Müstəqillik qazandıqdan sonra ulu öndər Heydər Əliyevin dilimizin, dinimizin milli mənəvi dəyərlərimizin qorunması, gənc nəslə aşılanması istiqamətində gördüyü işlər, babalarımızın bizə ərmağan etdikləri irsimizin yaşadılması üçün göstərdiyi səylər milli özünüdərki, azərbaycançılıq ideologiyasını təkmilləşdirdi.

Ən başlıcası isə adət-ənənələrimizdə, mentalitetimizdə, habelə sosial, mənəvi və dini düşüncə tərzimizdə başqa dinlərə, millətlərə dözümlü münasibət əsrlər boyu qorunaraq bu günümüzə gəlib çatmışdır. “Əsli və Kərəm” kimi dastanlarımızda, Nəriman Nərimanovun “Bahadur və Sona”sında, Hüseyn Cavidin “Şeyx Sənan”ında Azərbaycan xalqının başqa dinlərə mehriban, səmimi münasibəti əksini tapır. Əsrlərlə Çar Rusiyasının və Sovet İttifaqının tərkibində qalsa da, təsir və təzyiqlərlə üzləşsə də milli və dini adət-ənənələrini qoruyan Azərbaycan xalqı mənəvi sərvətlərini yaşadır, yeni məzmunla zənginləşdirir. Novruz, Ramazan, Qurban bayramları, Respublika, Milli Qurtuluş, Konstitusiya günləri və digər bayramlarımız bu gün də ənənələrə uyğun qeyd olunur. Digər mədəniyyətlərə inteqrasiyamız genişləndikcə, həyatımıza və məişətimizə yeni beynəlxalq bayram və tarixi günlər daxil olsa da, onların bəzilərinin kökləri minilliklərə gedib çıxır.

Əsrlər boyu müxtəlif dinlərin, xalqların nümayəndələri Azərbaycanda bir ailə kimi yaşamış, bu gün də eyni mehribanlıq davam edir. Fərqli dinlərə məxsus xalqların nümayəndələri məskunlaşdıqları ölkəmizdə bir ailənin üzvü kimi yaşayır, Azərbaycanı özlərinin ikinci Vətəni adlandırırlar. Respublikamızda dini məbədlərin, katolik, pravoslav kilsələrinin, sinaqoqların bərpası və tikintisi dövlətin diqqət göstərdiyi sahələrdəndir. Bu, reallıq ölkəmizdə çox gözəl sabitlik mühiti formalaşdırıb.

Bu kimi milli mənəvi dəyərləri yaşadan Azərbaycanda multikulturalizmə dövlət siyasəti kimi diqqət göstərilməsi təbiidir. “Biz öz milli, dini ənənələrimizə çox bağlıyıq, sadiqik və milli dəyərlər gələcək inkişafımız üçün xüsusi rol oynayır” söyləyən Prezident İlham Əliyevin bildirdiyi kimi, müasir, dünyaya açıq olan, mültikulturalizmin ünvanı adlandırılan Azərbaycan dövləti çox zəngin dəyərlərə malikdir.

2016-cı ilin Azərbaycanda “Multikulturalizm İli” elan olunması göstərdi ki,  multikulturalizm Azərbaycanda dövlət siyasəti, həyat tərzidir.

Avropa Şurasının və İslam Əməkdaşlıq Təşkilatının üzvü olan ölkəmizdə Birinci Avropa Oyunlarının, İslam Həmrəyliyi Oyunlarının keçirilməsi respublikamızı dinlər və mədəniyyətlərarası dialoq məkanı kimi tanıtdırdı.

Təsadüfi deyil ki, beynəlxalq səviyyəli humanitar layihələrdə iştirak edən, təbii fəlakət baş verən ölkələrə göstərilən yardımlarda da adı ön  sıralarda çəkilən Azərbaycan qardaş dəstəyini heç zaman əsirgəmir.

Mühüm tədbirlərin keçirildiyi məkan olan Azərbaycanı humanitar platforma da adlandırırlar. Beynəlxalq ictimaiyyəti düşündürən, dünya siyasətinin aktual məsələlərinin Azərbaycanda müzakirə olunması, mühüm çağırışların səslənməsi, hədəflərin müəyyənləşdirilməsi respublikamızın önəmini daha da artırır. Eyni diqqətin dövlət-din münasibətlərində də əksini tapması konfessiyalar arasında dözümlülük mühitini sabitləşdirir.

Hazırda ölkə ərazisində çoxsaylı məscidlərlə yanaşı, 13 kilsə, 7 sinaqoq fəaliyyət göstərir. Bakının mərkəzində Roma-katolik kilsəsi inşa olunmuşdur. Prezident İlham Əliyevin təşəbbüsü və qayğısı ilə dağ yəhudiləri, Avropa və Gürcüstan yəhudiləri üçün sinaqoqlar inşa olunmuşdur. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqəti və rəhbərliyi ilə Heydər Əliyev Fondunun layihəsi çərçivəsində Mərdəkan qəsəbəsindəki XVI əsrə aid “Pir Həsən” ziyarətgahı”nda, Binə qəsəbəsindəki “Möhsün Səlim” və “İmam Rza”, Gəncədəki “Həzrəti Zeynəb”, Buzovna qəsəbəsindəki “Cümə” məscidlərində, Bakıdakı Pravoslav kilsəsində təmir-bərpa işləri aparılıb, yəhudi uşaqları üçün təhsil kompleksi istifadəyə verilib. Mehriban xanımın səmərəli fəaliyyətinin nəticəsi olaraq muğam və aşıq, tar ifaçılıq sənəti, eləcə də Azərbaycan xalçası, Novruz bayramı, kəlağayı sənəti, İçərişəhər, Qız qalası və Şirvanşahlar saray kompleksi UNESCO-nun qeyri maddi-mədəni irs, Ümumdünya İrs Siyahısına daxil edilib. 16 Noyabr - Beynəlxalq Tolerantlıq Günü ölkəmizdə hər il qeyd olunur. ISESCO-nun 2009-cu ildə Bakı şəhərini İslam Mədəniyyətinin Paytaxtı elan etməsi, 2018-ci ildə Naxçıvanın İslam Mədəniyyətinin Paytaxtı seçilməsi, respublikamızda “İslamda dözümlülük” mövzusunda beynəlxalq konfransın, 2011-ci ildən başlayaraq hər iki ildən bir Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun, 2012-ci ildə İqtisadi Əməkdaşlıq Təşkilatının XII Zirvə Toplantısının, beynəlxalq humanitar forumların, Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun və digər mötəbər tədbirlərin keçirilməsi Azərbaycan təcrübəsi olan multikulturalizm və tolerantlığın nümunəsidir.

Azərbaycan brendi olan multikulturalizmin BMT tərəfindən təbliğinə diqqətin artması, UNESCO-nun Ümumdünya irs Komitəsinin 43-cü sessiyasının 2019-cu ildə Bakıda keçirilməsi ilə bağlı qərarın qəbulu Azərbaycan xalqının bəşəri və milli mənəvi dəyərlərə göstərdiyi ehtiramın təsdiqidir. Dövlət siyasətinin mərkəzində insan amili dayanan Azərbaycan “Bakı Ekspo- 2025” üçün namizədliyini irəli sürmüş üç şəhərdən biridir. Mühüm beynəlxalq tədbirlərə ev sahibliyi etməklə sivilizasiyalararası mərkəz kimi tanınan Azərbaycana belə yüksək diqqət ölkəmizdə mövcud olan siyasi sabitliyin də göstəricisidir. Cənab İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan dünyada multikulturalizm mərkəzlərindən biri kimi tanınır: “Bunun tarixi kökləri var. Əsrlər boyunca Azərbaycan müxtəlif dinlərin və etnik qrupların nümayəndələrinin sülh və əmin-amanlıq şəraitində yaşadığı yer olub. Biz fəxr edirik ki, müstəqilliyimiz bərpa olunandan sonra bu meyil gücləndi. Biz bu ideyaları qlobal arenada təbliğ etməyə çalışırıq.”

Xuraman İsmayılqızı, “İki sahil”