08 avqust 2019 10:50
227

Azərbaycanda müstəqil və modern media senzuranın ləğvindən sonra formalaşdı

21 il öncə bu gün,  1998-ci il avqustun 6-da ümummilli lider Heydər Əliyev Azərbaycan mətbuatda üzərindən dövlət senzurasının ləğv edilməsi haqqında Sərəncam imzalayıb. Həmin tarixdən milli mətbuatımız söz, fikir və  məlumat azadlığı qazandı. Beləliklə, plüralizmi, müstəqilliyi məhdudlaşdıran bütün süni maneələr, yersiz və haqsız “nəzarətlər” tamamilə aradan qaldırıldı. Eyni zamanda, jurnalistin sərbəst və azad fəaliyyət göstərməsi, informasiya toplaması və yayımlaması üçün də bütün demokratik prinsipləri özündə ehtiva edən modern qanunvericilik sistemi formalaşdırıldı.

Bakı Dövlət Universitetinin Beynəlxalq jurnalistika kafedrasının professoru, filologiya elmləri doktoru, Əməkdar jurnalist Nəsir Əhmədli “İki sahil”ə açıqlamasında bildirdi ki, əslində, senzura lazımlı şeydir. Amma siyasətsiz senzura. Labüd bildiyim və tövsiyə etdiyim  məhz hər bir qələm sahibinin içində olmalı olan vicdan senzurasıdır: “Hər bir qələm sahibi bilməlidir ki, nəyi demək (yazmaq) olar, nəyi yox. Ümumiyyətlə, azadlıq nisbi anlayışdır. Bu məqamda belə bir sual ortaya çıxır ki, "jurnalistlər söz azadlığını söz sərbəstliyinə qurban verirlərmi?". Baxır hansı jurnalist, söhbət məhz necə jurnalistlərdən gedir? Fikrimcə professional, yəni Bakı Dövlət Universitetinin məzunları heç vaxt söz azadlığını söz sərbəstliyinə qurban verməzlər. Hazırda Azərbaycan mediasında mənəvi amil problemi var. Qanunun tənzimləmədiyi, yaxud senzuranın ləğvi ilə, tənzimləmə sərhədlərindən kənarlaşdırılmamış, sərbəstlik verilmiş mövzular, məqamlardan  qeyri-peşəkar media nadan formada istifadə edir. Düzdür, burada qanuna zidd heç nə yoxdur, lakin mənəvi aşınma, cəmiyyətdəki dəyərlərə hörmətsizlik yaxın gələcək üçün heç də xoş prespektiv vəd etmir. Burada bir nüansa diqqət etməliyik, Azərbaycanda dövlət senzuarı ləğv edilib, hər bir peşəkarın daxilində, kimliyində, özünü ifadəsində mənəvi senzura olmalıdır ki, bu da həm hüquqa, həm də əxlaqa uyğun olmayan bir tendensiyanın qarşısının alınmasında həlledici şərtdir.”

Həmsöhbətimiz qeyd etdi ki, senzura dövlətin kütləvi informasiya vasitələrinin məzmunu və yayılması üzərində nəzarəti, söz, mətbuat azadlığı, televiziya və digər informasiya vasitələrinin dövlət maraqlarına yaxud bu ad altında avtoritar maraqlara uyğun məhdudlaşdırma formasıdır. Əlbəttə, müasir dövrdə buna həm hüquq və azadlıqların ali təmin olunması axını fonunda yol vermək olar, həm də faktiki olaraq dövlət özü artıq  vətəndaş cəmiyyəti və texnoloji imkanların fonunda məlumat senzurasına nail olmaq iqtidarında deyil. Lakin bu o demək deyil ki, məlumatların mediada yayılması, istənilən məzmunda tirajlanmaya dövlət göz yummalıdır.

Bakı Dövlət Universitetinin  Hüquq  fakültəsinin dosenti,  Vəkillər Kollegiyasının üzvü Bəhruz Məhərrəmov isə vurğuladı ki, Azərbaycan Respublikasının Konstitusiyasında məlumat azadlığı anlayışı 3 meyarın fonunda tam realizə olunmuş hesab edilir: ”İlk olaraq, informasiya proseslərinin  azadlığı. Buraya hər kəsin istədiyi məlumatı qanuni yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı daxildir. İkinci senzuranın yolverilməzliyi. Bu meyarın da məzmunu ondan ibarətdir ki, dövlət Kütləvi informasiya vasitələrində senzuranı ləğv etməklə kütləvi informasiyanın azadlığına təminat verilir. Nəhayət, üçüncü şəxslərin KİV-də dərc edilən və onun hüquqlarını pozan və ya mənafelərinə xələl gətirən məlumatı təkzib etmək və ya ona cavab vermək hüququna təminat verilir. Göründüyü kimi, dövlətin Əsas Qanununda məlumat  azadlığının təmin olunması imperativ  şərtdir, senzuranın ləğvi isə bu şərtin yalnız 3 detalından biridir. Yəni, bu, o deməkdir ki, dövlətin məlumat azadlığının təmin edilmısi yolunda istənilən tədbiri senzuranın mövcudluğu  şəraitində heçə bərabərdir. Məhz bu reallığı qiymətləndirən Ulu Öndər Heydər Əliyev 6 avqust 1998-ci il tarixli Sərəncamı ilə senzuranı ləğv etdi. Konstitusiyamızının 71-ci maddəsinin II hissəsində təminat verilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Həmin maddədə həmçinin vurğulanır ki,  hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Bu, o deməkdir ki, bizdə media digərlərinin hüquq və azadlıqlarını pozmayana qədər tamamilə sərbəstdir. Bu hüquqi yanaşma isə beynəlxalq hüququn yanaşması ilə üst-üstə düşür. Bütün bunların fonunda tam əminliklə deyə bilərik ki, Azərbaycan Respublikasında media azadlığının qanunvericilik bazası və əsası ən yüksək səviyyədə təmin olunub. Medianın özünün azadlığı məsələsi isə, artıq müxtəlif qütblərdən olan insanların fərqli yanaşmalarının və mübahisələrinin mövzusudur. Mən də hesab edirəm ki, media azadlığı ilə bağlı problemlər mövcuddur, lakin, bu daha media azadlığını hədsiz sananlarla, dövlətin qanuni məhdudiyyət imkanlarını düzgün tənzimləyə bilməyənlərin uzlaşmaması fonunda yaranan praktiki problemlərdir”. 

B.Məhərrəmov onu da əlavə etdi ki, müasir dünyanın inkişaf etmiş bütün ölkələri demək olar ki, müəyyən fərqlərlə eyni təkamül yolunu keçiblər: “Biz müasir demokratiya yolunda çox gəncik.Belə olan səviyyədə təbii ki, azı bir əsrlik müasir demokratik ənənəyə malik ABŞ, Böyük Britaniya yaxud Fransada olan media azadlığının səviyyəsi ilə Azərbaycan reallığını müqayisə etmək düz olmaz. Lakin qanunvericilik bazamız, elm və təhsilə yanaşmamız, ictimai təfəkkürümüzün səviyyəsi müəyyən dövrdən sonra mümkün fərqlərin aradan qalxacağına zəmanət verir. Təbii ki, biz hətta bunu istəməsək belə, bu dövrün və yeni informasiya əsrinin hökmüdür. Müasir dövrdə hansısa dövlətin senzuranı ləğv edib etməməsinin elə də ciddi əhəmiyyəti yoxdur. Qlobalaşma elə səviyyəyə çatıb ki, İran, Şimali Koreya, Səudiyyə Ərəbistan kimi qapalı sistemlər belə artıq informasiya axınının qarşısında heç bir vəchlə davam gətirə bilmirlər. Lakin, 21 il əvvəl, elmin, texnikanın müasir dövrə münasibətdə çox geri olması, dövlətin qapalılıq imkanlarının olduğu bir şəraitdə, senzuranın ləğvi bir tarix idi və hesab edirəm ki, bu gün Azərbycanda müstəqil həm də  müasir media meyillərinin formalaşma və möhkəmlənməsi də məhz bu proseslə başlamış oldu”.

Filologiya elmləri doktoru, professor, Əməkdar jurnalist Allahverdi Məmmədli hesab edir ki, Azərbaycanın media həyatı üçün  senzuranın ləğv olunması çox mühüm bir addım idi: “Beləliklə, hər bir insana o cümlədən media nümayəndələrinə sərbəst düşünmək və düşündüklərini  ifadə  edə bilmək imkanı verildi. Şübhəsiz ki, azadlıq həm də məsuliyyətlə yanaşmaq deməkdir. Bunlar olmasa azadlıq  şikəst olar. Media azadlığına nail olmaq  üçün qanunları gözəl bilmək, məsuliyyəti artırmaq lazımdır. Bu gün Azərbaycanın media həyatında  müstəqil düşünənlər və bunu ifadə edə bilən qələm əhli var. Azad olmaq istəyiriksə biz ilk növbədə doğruya, obyektivliyə və cəsarətə söykənməliyik. Bizə verilən media azadlığından sui-istifadə etməməliyik. Şübhəsiz ki, son zamanlar bizim media həyatımızda  çox böyük islahatlar gedir. Nəticədə biz dünya mətbuatında təmsil oluna bilirik. İnformasiya savaşında biz düşmənlərimi qabaqlaya bilirik. Bütün bunlar onu göstərir ki, mediamız azaddır və fəaliyyət prinsipində demokratik göstəricilərin bütün əlamətlərini qoruyub saxlayır.”

Yaqut Ağaşahqızı, “İki sahil”