12 fevral 2019 16:56
273

Azərbaycanda müxalifətçi olmaq neçəyədir? - YENİ FAKTLAR

Müsavat Partiyasında yeni saxta sənəd qalmaqalı yaşanır.

Müsavat başqanının müavini Səxavət Soltanlı artıq neçə gündür ki, "hakimiyyətin yeni taktikası"nı "ifşa edir". Daha doğrusu, S.Soltanlı pis oyunda yaxşı sima göstərməyə çalışır və funksioneri olduğu partiyanın illərdən bəri suçlandığı fırıldaqlar seriyasının yeni təzahürünün yalan, böhtan və saxtakarlıq olduğunu sübut etməyə çalışır.

"İki sahil" Milli.Az-a istinadən xəbər verir ki, S.Soltanlı Facebook səhifəsində uzun-uzadı status paylaşaraq yazıb:

"Müsavat Partiyasına qarşı "saxta sənəd satma" ittihamı ilə yeni bir kampaniya başladılıb.

Bəziləri səmimi, bəziləri də məkrli məqsədlə bu "ittihamlara" cavab verməyimizi istəyirlər.

Əzizlərim, ortada münasibət bildiriləsi bir dənə də olsa ciddi fakt olmadığı halda nəyə cavab verək?

Bəli, Müsavat Partiyasının, rəhbərlərinin adından saxta sənəd düzəldənlər var, biz onların kimlər tərəfindən verilməsinin müəyyənləşməsində ən çox maraqlıyıq.

Hüquq-mühafizə orqanlarına müraciət edirik ki, tapın bu cinayətkarları!

Hər zaman belə müzakirələrdə "Ortaya fakt qoyun!" deyirik.

Elə "faktlar" qoyurlar ki, adam müzakirəyə çıxarmağa, adı hallanan şəxsə "sizin adınızdan istifadə etməklə saxta sənəd düzəldiblər" deyə müraciət etməyə də ehtiyac duymur. Saxta sənəd haqqında fakt istəyirsən götürüb ortaya saxta fakt qoyurlar.

İndi sizin diqqətinizə belə bir saxta sənədi təqdim edəcəm.

Güya Yadigar Sadıqlıya məxsus olduğu deyilən, Yadigar bəyin hansı təşkilatın sədri olduğunu bilməyən biriləri tərəfindən primitiv formada onun adından istifadə etməklə saxta sənəd düzəldir.

Kimsə Müsavat adından saxta sənəd düzəldirsə, buna görə Müsavat Partiyası və ya adından saxta sənədə saxta imza atan Yadigar Sadıqlı günahkarmı olur, "arayış alverçisi"mi olur? Yadigar Sadıqlının ümumiyyətlə Salyana aidiatı yoxdur, o Lənkəran təşkilatının sədri olub, Lənkaranda doğulub, orda işləyib, indi də orda yaşayır.

Üzünə baxan kimi bu sənədin də saxta olduğu, Müsavat Partiyasına aidiyyatı olmadığı, Yadigar Sadıqlının da bundan xəbəri olmadığı aşkar görünür. Və ən sonda, kimsə bizim tərəfimizdən, Müsavat Partiyası tərəfindən hansısa bir sənədi pul müqabilində (qədər önəmli deyil) kiməsə verməsi ilə bağlı ortaya ciddi bir fakt qoysa, hamınızdan üzr istəyəcək, Müsavat başqanının müavini vəzifəsindən və seçkili orqan olan partiyanın Divanından da istefa verəcəyimi bəyan edirəm!"

İlk baxışdan çox qətiyyətli, radikal, hətta bir qədər centlmencəsinə yazılmış bəyanatdır.  Hətta Səxavət Soltanlı sən demə, Yadigar Sadıqovun nüfuzunun və imicinin müdafiəsinə qalxaraq "saxtakarlar"ı "qətiyyətlə ifşa" edir, "ortaya fakt" qoyulacağı təqdirdə partiyadakı görəvindən dərhal istefa verəcəyini deyir.

Di gəl, Müsavatın başqanı, daha doğrusu, təsərrüfat müdiri Arif Hacılının səmimiyyətinə "zərərçəkən" Yadigar Sadıqlı inanmayıb.

Bu partiyanın rəhbərliyinə bələd olan hər kəs kimi.

Müsavatın Divan üzvü Yadigar Sadıqlı Facebook səhifəsində yazıb ki, S.Soltanlının virtual olaraq yellədiyi və "haqq-ədalət, ifşa" tələb etdiyi sənəd onun, yəni Sadıqlının partiya başqanlığına namizədliyini açıqlamasından sonra peyda olub.

Y.Sadıqlı yazıb: "Dünən mənim iştirak etmədiyim Divan iclasında məlum olub ki, partiya rəhbərliyinin əlində belə bir sənəd var: mənim Salyan təşkilatının sədri kimi göstərildiyim, guya imzaladığım saxta xasiyyətnamə. Aylardır bu sənəd partiya rəhbərliyində ola-ola mənə heç bir məlumat verilməyib. Elman Fəttahın bununla bağlı iradına da düz-əməlli cavab səslənməyib. Gecə saatlarında isə Müsavat üzvlərinin qapalı qrupunda gələcək qurultayda başqanlığa namizəd olacağımı açıqladıqdan sonra başqan müavini Səxavət Soltanlı yenə mənə demədən, adım keçən sənədi mənimlə məsləhətləşmədən paylaşıb. Onsuz da məsləhətləşsəydi, etiraz etməyəcəkdim. Cəmiyyətdə qazandığımız imic var, belə şeylər bizə yapışmaz. Amma yenə də etika, yoldaşlıq xəbər verməyi tələb edirdi.

Beləcə, bütün söz-söhbətlərdən sonra partiya rəhbərliyi bir saxta sənəd tapıb, o da mənim adım keçən. Bu sənədin haradan gəlməsini bilmək mənim hüququmdur. Həmin sənədlə sosial şəbəkədə tanış olduğuma görə, elə burada da Səxavət Soltanlıdan sənədin mənbəyi haqqında məlumat istəyiəm.Kim göndərib və nə vaxt göndərib. Cavabın şifahi deyil, ekran çəkimi ilə (screenshoot) verilməsini tələb edirəm".

Sosial şəbəkə lüğətində belə cavaba "Tug Life" deyirlər. Yəni çox dəqiq, konkret və "öldürücü" cavab.

Müsavatın saxta sənədlər, xüsusilə də partiyaya üzvlük biletləri və xasiyyətnamələr paylaması ilə bağlı iddialar illərdir səslənir. Hər iddiadan sonra partiya rəhbərliyi, Arif Hacılı və ətrafı belə işlərin olmadığını, iddiaların "hakimiyyətin böhtanları" olduğunu deyir.

Fəqət, Avropada azərbaycanlı mühacirlərin həyatına, ələlxüsus da onların Azərbaycandan hansı yollarla Avropa ölkələrinə yollanmasına az-çox bələd olan şəxs kimi deyirəm: belə saxta sənədlər var, onlar satılır və alver indi də davam edir.

Almaniyada mühacirət həyatı yaşayan hüquqşünas Əlövsət Əliyev də belə deyir.

Onun sözlərinə görə, bir qrup işbazlar insanların məlumatsızlığından istifadə edirlər. Onlara Müsavatdan və ya başqa təşkilatdan saxta sənədlər alırlar. Bu saxta sənədlər isə onların işlərini korlayır. Saxta sənəd təqdim edən hər kəs birmənalı olaraq rədd cavabı alır. Çünki status verən təşkilatların Azərbaycan haqqında məlumatı var. Azərbaycandan bu kimi hallarla bağlı informasiya almaq da problem deyil. Saxta sənədlər də siyasi partiyalar, KİV-lər, bəzi QHT-lər tərəfindən təqdim olunur. Bu saxta sənədlər böyük pullarla həmin şəxslərə satılır. İş görənlər kifayət qədər peşəkar olmasalar da, insanları inandırırlar. Və hər kəsə də azərbaycanlılardan uzaq olmağı tövsiyyə edirlər. Bəlkə də ona görədir ki, Avropada azərbaycanlıların çoxu özlərini oğru kimi aparırlar. Saxta sənədlərin verilməsi sahəsində ixtisaslaşmış müxalifət partiyaları var.

Belə partiyalar arasında AXCP və Müsavatın ilk yerləri tutduqları da səngimək bilməyən iddialar arasındadır.

İsveçdə yaşayan mühacir Sərdar Ağayev demişdi: "Bu kimi saxta sənədlər hələ 2006-cı ildən ortaya çıxmışdı. O sənədləri hazırlayan və satan da məlum idi. Mən də bir neçə nəfəri tanıyırdım ki, belə sənəd almışdı. O vaxt o saxta sənədi hazırlayan şəxsin Müsavata heç bir aidiyyatı yox idi. Adam oturmuşdu ADP-nin qərargahında, saxta partiya sənədi, polisdən axtarış barədə saxta arayış, saxta məhkəmə hökmü, bir sözlə, nə istəsələr hazırlayıb satırdı. Elə həmin zamanlar da bir Müsavat Partiyasına aid saxta bilet ortaya çıxmışdı".

Belçikada yaşayan jurnalist mühacir Zülfiyyə Zahid: "Təkcə Belçikada xeyli sayda saxta müsavatçı, cəbhəçi və nidaçılar var. Bunları pul verib, saxta sənəd aldıqları üçün qınamaq lazım deyil. O sənədləri onlara pulla satan adamlar qınanmalıdır. 300 manata görə minlərlə insanın haqqına girirlər".

Xatırladım ki, 2015-ci ildə Belçikada siyasi sığınacaq almağa çalışan Elnur Mirzəyev də "müsavatçı" olması ilə bağlı Müsavat Partiyasından pulla saxta sənəd aldığını demişdi.

"Partiyaya üzv olmaq üçün külli miqdarda pul vermişəm. Konkret rəqəm lazımdırsa, deyim. 1800 manat. Bu hadisə 2011-ci ildə olub. Amma vəsiqəni köhnə tarixlə - 2008-ci ilə verdilər ki, inandırıcı olsun. Özləri də mənə dedilər ki, "2011-ci ilin noyabr ayındakı mitinqlərdə iştirak elə, şəkillərin olsun. O halda mühacirət statusu almağın daha asan olacaq". Onlar özləri orda ticarətlə məşğuldular. Maskaları cırılanda isə məni güdaza vermək istədilər", - E.Mirzəyev demişdi.

... Azərbaycanda bəlli müxalifət partiyalarında, radikal siyasi strukturlarda xarici ölkələrdə "ölkəsində təqib olunan siyasi fəal" qismində siysi sığınacaq almağa çalışanlara böyük məbləğdə pul qarşılığında saxta sənədlər verənlər var. Onların sayı az deyil.

Hər dəfə saxta sənəd ortaya çıxanda qopan səs-küy, təkziblərin sayı və emosionallığı da bunu sübut edir.