29 oktyabr 2020 23:56
847

“Azərbaycanda readmissiya idarəçiliyinin gücləndirilməsi” layihəsinin idarə heyətinin birinci onlayn görüşü keçirilib

Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyi ilə Dövlət Miqrasiya Xidmətinin (DMX) birgə həyata keçirdiyi “Azərbaycanda readmissiya idarəçiliyinin gücləndirilməsi” layihəsi çərçivəsində idarə heyətinin birinci onlayn görüşü keçirilib.

DMX-dən "İki sahil"-ə bildiriblər ki, görüşdə Xidmət rəisi Vüsal Hüseynov çıxış edərək layihənin əhəmiyyətini vurğulayıb və gələcəkdə əməkdaşlığın daha da genişlənməsinə töhfə verəcəyini deyib.

Xidmət rəisi tədbir iştirakçılarının diqqətini əsrlər boyu Ermənistanın Azərbaycana qarşı törətdiyi işğalçılıq siyasətinə, xalqımıza qarşı nifrət zəminində reallaşdırdığı cinayətlərə, terror hadisələrinə yönəldib. Vüsal Hüseynov əvvəlcə Vətən uğrunda qəhrəmancasına həlak olmuş hərbçilərimizin və qətlə yetirilmiş mülki şəxslərin əziz xatirəsini yad edib.

Bildirib ki, oktyabrın 27-si Azərbaycan Silahlı Qüvvələrinin Dağlıq Qarabağda əks-hücuma başlamasının bir ayı tamam olub. Bu müddətdə döyüş meydanında mövqelərini itirən düşmənin çıxış yolunu dinc sakinlərin olduğu yaşayış məntəqələrini, cəbhə xəttindən çox uzaqda yerləşən şəhər və kəndlərimizi ağır artilleriyalardan atəşə tutmaqda gördüyünü deyən Vüsal Hüseynov bu günədək 92 dinc sakinin qətlə yetirildiyini, 400-ə yaxın insanın yaralandığını diqqətə çatdırıb. Azərbaycanın beynəlxalq səviyyədə tanınmış torpaqlarının erməni işğalçılarından azad edilməsinin xalqımız üçün Vətən müharibəsi, beynəlxalq hüququn və tarixi ədalətin bərpası olduğunu söyləyib.

Sonra Vüsal Hüseynov ölkəmizdə miqrasiya proseslərinin daha səmərəli tənzimlənməsi üçün həyata keçirilən qabaqcıl və innovativ tədbirləri diqqətə çatdırıb. Qeyd edib ki, DMX çoxtərəfli əsasda Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) ilə qanuni miqrasiya, miqrasiyanın səmərəli idarə olunması, readmissiya, könüllü qayıdış, miqrantların sosial müdafiəsi və digər sahələrdə əməkdaşlıq əlaqələrini genişləndirir, birgə layihələr həyata keçirir. Azərbaycan Respublikası ilə Avropa İttifaqı, Norveç, İsveçrə və Monteneqro arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında sazişlər imzalanıb. Həmin sazişlərə əsasən, tərəflər tənzimlənməyən miqrasiyanın qarşısının alınması və onunla mübarizə üzrə əməkdaşlığı gücləndirirlər. Ümumilikdə 2019-cu ildə Avropa İttifaqına üzv dövlətlərdən 460, 2020-ci ilin 9 ayında isə 103 şəxs Azərbaycana readmissiya edilib.

Xidmət rəisi, həmçinin qeyd edib ki, “Azərbaycanda readmissiya idarəçiliyinin gücləndirilməsi” layihəsinin icrasına başlandıqdan sonra bir sıra əhəmiyyətli hazırlıq tədbirləri həyata keçirilib, ən vacib addımlardan biri olan RCMS sisteminin mövcud infrastruktura uyğunlaşdırılması üzrə “Müraciət şərtləri”nin hazırlanması yekunlaşdırılıb: “Əminəm ki, layihənin readmissiya olunmuş Azərbaycan Respublikası vətəndaşlarının cəmiyyətə səmərəli reinteqrasiyasının dəstəklənməsi və problemlərinin həllinə töhfəsini verəcək”.

Qeyd edək ki, onlayn görüşdə Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyinin rəhbəri Vladimir Qyorqiyev, Avropa İttifaqının Azərbaycan üzrə nümayəndəliyinin əməkdaşı Məryəm Hacı-İsmayılova və Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin rəisi Emil Səfərov çıxış ediblər.