19 noyabr 2019 10:46
1127

Azərbaycanda sabitliyin mənbəyi xalqdır, onun iradəsidir, aparılan siyasətdir

Nəinki ölkənin, regionun aparıcı siyasi təşkilatına çevrilən Yeni Azərbaycan Partiyasının yaradılmasının 27 ili tamam olur. 1992-ci il oktyabarın 16-da xalqın böyük əksəriyyətinin istəyinin ifadəsi kimi dəyərləndirilən 91 nəfər ziyalının müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevə Yeni Azərbaycan Partiyasının yaradılması ilə bağlı “Azərbaycan Sizin sözünüzü gözləyir” müraciəti, bu müraciətə Ümummilli Liderin “Yeni, müstəqil Azərbaycan uğrunda” cavabı həmin dövrün çətinliklərindən xilas yolunu açıqlamaqla yanaşı, bugünkü uğurlarımızın başlanğıcı kimi dəyərləndirilir.

Dahi şəxsiyyət bu inamı ifadə etmişdir ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində yaradılması obyektiv zərurətdən irəli gələn Yeni Azərbaycan siyasi partiyası ölkənin ictimai-siyasi həyatında fəal iştirak edərək yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər.

Bu istəklə Yeni Azərbaycan Partiyasının yaradılmasından bizləri 27 illik zaman ayırır. Təsis konfransını 1992-ci il noyabrın 21-də respublikanın müxtəlif bölgələrindən 550 nümayəndənin iştirakı ilə Naxçıvanda keçirən Yeni Azərbaycan Partiyası bu gün milyonların partiyasına çevrilərək, 750 minə yaxın üzvü sıralarında birləşdirməklə ulu öndər Heydər Əliyevin ideyalarının, həyata keçirilən siyasətin təbliğatçısı və iştirakçısı kimi yeni-yeni hədəflərin gerçəkləşməsinə öz töhfəsini verir. Dünənin, bu günün partiyası kimi gələcəyə böyük inamla addımlayan Yeni Azərbaycan Partiyası sözlə əməl birliyini, monolitliyini daim qoruyur, sıralarını kəmiyyət və keyfiyyət baxımından zənginləşdirir.

2019-cu il ölkəmizdə, eyni zamanda, bələdiyyə seçkiləri ili kimi xarakterizə olunur. Hər bir seçki prosesinə böyük ruh yüksəkliyi ilə qatılan Yeni Azərbaycan Partiyasının seçki proseslərində seçdiyi şüarlara diqqət yetirdikdə məqsəd və məramı özünü qabarıq şəkildə büruzə verir. “Xalqa xidmət” devizi ilə seçkilərə qatılan partiyanın hazırlıq prosesinin ilkin- namizədlərin irəli sürülməsi və imzatoplama kampaniyasını uğurla həyata keçirməsi son nəticə barədə aydın təsəvvür yaradır. Çünki partiyanın hər bir üzvü atdığı addımlarında xalqa, dövlətə xidməti öndə saxlayır, Azərbaycanın uğurlarında payı olmaları ilə qürur duyurlar.

Azərbaycanın 27 illik müstəqillik tarixinin bələdçisi olan partiya müasir, müstəqil Azərbaycanın qurucusu ulu öndər Heydər Əliyevin düzgün müəyyənləşdirdiyi siyasətin son 16 ildə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində əldə olunan uğurlar sayəsində də özünə inamı və etimadı gücləndirir.

Tarixi paralellər əsasında Azərbaycanın müstəqillik yolunun heç də hamar olmadığını aydın görmək mümkündür. 1991-1993-cü ilin yayına qədər olan dövr Azərbaycan tarixinə xaos, anarxiya, özbaşınalıq, iqtisadi böhran illəri kimi yazılıb. Həmin dövrün iqtidarının səriştəsizliyi, idarəçilik qabiliyyətinin yoxluğu, şəxsi ambisiyalarını dövlət maraqlarından üstün tutmaları ucbatından Azərbaycan öz dövlət müstəqilliyini itirmək təhlükəsini yaşayırdı. Belə bir çətin məqamda ulu öndər Heydər Əliyev ona üz tutan xalqını ümidsiz qoymadı. Hakimiyyətə qayıdışı ilə Azərbaycanı düşdüyü ağır problemlərdən xilas etdi, ən əsası ölkədə sabitliyi təmin etməklə hər sahədə uğurlara yol açdı. Ümummilli Liderin gərgin səyləri nəticəsində 1994-cü il mayın 12-də atəşkəs sazişinin imzalanması bugünkü uğurlarımızı şərtləndirdi. Qısa müddətdə sabitlik diyarına çevrilən Azərbaycan böyük investisiyalar məkanı kimi tanındı. Hazırda ölkə iqtisadiyyatına yatırılan investisiyaların həcmi 270 milyard dollardan artıqdır. Azərbaycan investisiya cəlbediciliyini qorumaqla yanaşı bu və ya digər ölkələrə investisiya yatırır. Neft siyasətinin məntiqi davamı kimi dəyərləndirilən qeyri-neft sektorunun inkişafı istiqamətində atılan addımlar, biznes mühitinin yaxşılaşdırılması, təkmil islahatların davamlılığı Azərbaycanın beynəlxalq reytinq agentliklərinin hesabatlarında liderliyini qorumasını şərtləndirir. Bu gün Azərbaycan dünyada ən islahatçı, xoşbəxt, təhlükəsiz ölkə kimi tanınır və nüfuz qazanır.

İqtisadi və siyasi islahatların vəhdətliyinin təmin olunması davamlı inkişafa geniş yol açır. Nəzərə alsaq ki, demokratiya sabitliyin və qanunun aliliyinin təmin olduğu şəraitdə inkişaf edir, bu halda Azərbaycanın uğurları təqdirəlayiqdir. Sabitliyin təminatında, ölkədə mövcud ab-havanın yüksək səviyyədə olmasında isə əsas faktor xalq-iqtidar birliyi, həmrəyliyidir. Azərbaycanın regionda sabitləşdirici faktor kimi tanınması və nüfuz qazanmasında bu amilin rolu inkaredilməzdir. Ölkə Prezidenti İlham Əliyev sabitliyi bütün inkişafın əsası kimi dəyərləndirərək bildirir: “Bu, aksiomadır. Bunu biz yaxın tarixdə dəfələrlə görmüşük. Sabitlik pozulan zaman inkişaf da dayanır, ölkə iqtisadiyyatı tənəzzülə uğrayır, sərmayə qoyuluşu dayanır. Bir sözlə, sabitlik hər bir ölkənin inkişafı üçün başlıca şərtdir. Azərbaycanda isə sabitliyin mənbəyi Azərbaycan xalqıdır, onun iradəsidir və eyni zamanda, bizim apardığımız siyasətdir. Çünki bizim siyasətimiz milli maraqlara söykənir, milli maraqlarımız bizim üçün hər şeydən üstündür. Ölkəmizin təhlükəsizliyi, sabitliyi, iqtisadi və sosial inkişafı, beynəlxalq arenadakı artan rolu sabitliyin təminatçısıdır.”

Dövlətimizin insan hüquq və azadlıqlarının qorunması, mətbuat azadlığının təmin edilməsi, seçkilərin demokratik, beynəlxalq standartlara uyğun keçirilməsi, siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının normal fəaliyyətlərinin təminatı istiqamətində atdığı addımlar göz önündədir. Milli Konstitusiyamızın qəbulundan ötən 24 ildə sənədə 3 dəfə əlavə və dəyişikliklərin edilməsi ilə bağlı referendumun keçirilməsi, Seçki Məcəlləsinin təkmilləşdirilməsi istiqamətində atılan addımlar, mətbuat azadlığının təminatına, eyni zamanda, jurnalist məsuliyyətinin və peşəkarlığının artırılmasına, mənzil şəraitinin yaxşılaşdırılmasına yönələn davamlı tədbirlər bir daha bu reallığı təsdiqləyir ki, Azərbaycanın demokratiya təcrübəsi öyrənilməyə layiqdir.

Ümummilli lider Heydər Əliyev müstəqillik yolunda ilk addımlarını atan dövlətin qarşısında dayanan vəzifələri açıqlayarkən iki və çoxtərəfli çərçivədə əlaqələrin qurulmasını və inkişafını əsas faktor kimi irəli sürürdü. Məhz 1993-cü ildən qoyulan möhkəm təməl Azərbaycanın bugünkü uğurlarını şərtləndirir. Belə ki, ölkəmizin dostlarının sayı günbəgün artmaqda, beynəlxalq nüfuzu möhkəmlənməkdə, ən əsası söz sahibi kimi yeri və rolu artmaqdadır. Azərbaycanın 2011-ci ildə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi böyük uğur, ən əsası ölkəmizin ədalətli mövqeyinin təsdiqi idi. Bunun üçün təkcə cari ilin ötən dövründə Azərbaycanın xarici siyasət uğurlarına diqqət yetirmək kifayətdir. Azərbaycanın BMT Baş Assambleyasından sonra dünyanın ikinci ən böyük siyasi təsisatı olan, 120 üzvü özündə birləşdirən Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşünə ev sahibliyi etməsi, növbəti 3 ildə sədrlik missiyasını həyata keçirəcəyi barədə qərarın qəbulu, həmçinin tədbirin sonunda qəbul edilən Bəyannamədə Dağlıq Qarabağla bağlı Azərbaycan dövlətinin mövqeyinin dəstəklənməsi dövlətimizin uğurlu daxili və xarici siyasətinin nəticəsidir. Bu uğurlarımız yeganə problemimiz olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllini şərtləndirir. Diplomatik uğurlarımızla yanaşı iqtisadi imkanlarımızın genişlənməsi fonunda ordumuzun gücünün və qüdrətinin artması da Dağlıq Qarabağ probleminin həllinə geniş yol açır. “Azərbaycan Xalq Cümhuriyyəti İli” çərçivəsində, həmçinin Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi, Bakının azad olunmasının 100 illiyi ilə əlaqədar keçirilən paradlar Azərbaycan Ordusunun malik olduğu imkanların təqdimatında əhəmiyyətli rol oynamışdı. Eyni zamanda, 2016-cı ilin aprel döyüşləri, 2018-ci ilin Naxçıvan qələbələri bu əminliyə əsas verir ki, Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı azad etmək gücündədir. Üçrəngli bayrağımızın Şuşada, Xankəndidə dalğalanacağı gün uzaqda deyil.

Bu uğurlara yol açan əsas amillərdən biri təbii ki, islahatların zamanın tələbinə uyğun təkmilləşməsi, Azərbaycanın hər addımında dünyanın qabaqcıl ölkələrinin təcrübəsinə istinad etməsi, yenilikçi ölkə kimi nüfuzunu daha da artırması, ən əsası idarəetmə sistemində təkmilləşmədir. Bu mühüm uğurumuzu da qeyd etməliyik ki, artıq üçüncü peykimiz orbitə çıxarılıb. Azərbaycan 2022-ci ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edəcək.

Dövlətimizin başçısı İlham Əliyevin son kadr islahatları, gənclərin potensial imkanlarından səmərli istifadə etmək üçün atdığı biri-birindən əhəmiyyətli addımlar, imzaladığı Fərman və sərəncamlar ümumilikdə bir məqsədə xidmət edir: Azərbaycanın davamlı inkişafı təmin edilsin. Bu çağırış edilir ki, yaşlı nəsil öz təcrübəsini gənc nəslə öyrətməlidir.

2016-cı ildə ölkəmizdə keçirilən ümumxalq səsverməsinə çıxarılan məsələlərə uyğun olaraq vitse-prezidentlik institutunun yaradılması, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti təyin edilməsi uğurlarımızın davamlılığında mühüm amillərdəndir. Sosial problemlərin həllini daha çox öndə saxlayan Mehriban xanım Əliyevanın öz doğma yurd-yuvasından didərgin düşmüş soydaşlarımızın sosial müdafiəsinin gücləndirilməsinə xidmət edən addımları təqdir olunur. Mehriban xanım Əliyeva daim bu inamı ifadə edir ki, tezliklə Dağlıq Qarabağ problemi öz ədalətli həllini tapacaq, soydaşlarımız öz doğma yurd-yuvalarına qayıdacaqlar. Mehriban xanım Əliyevanın Azərbaycan həqiqətlərinin təbliği, mədəniyyətimizin. ədəbiyyatımızın inkişafı istiqamətində atdığı addımlar da təqdirəlayiqdir. Azərbaycanın cari ildə YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasına ev sahibliyi etməsində də Mehriban xanım Əliyevanın xidmətləri, Onun Azərbaycan-YUNESKO əlaqələrinin inkişafına töhfələri təqdir olundu.

Göründüyü kimi, uğurlarımızın miqyası genişdir. Təbii ki, Yeni Azərbaycan Partiyasının bələdçisi olduğu müstəqil Azərbaycanın 28 ildə əldə etdiyi uğurları bir yazıda əhatə etmək mümkün deyil. Əsas olan budur ki, Azərbaycan ulu öndər Heydər Əliyevin yolu ilə inamla irəliləyir.

Dövlətimizin başçısı İlham Əliyev “Bizim əldə edilmiş bütün uğurlarımızda Yeni Azərbaycan Partiyasının, onun üzvlərinin böyük əməyi, zəhməti, rolu var. Bu gün partiyamız ölkəmizin aparıcı siyasi qüvvəsi kimi bu böyük məsuliyyəti hiss edir, onu öz üzərinə götürür. Partiyamızın üzvləri müxtəlif sahələrdə ölkəmizin ümumi inkişafına çox böyük töhfələr verirlər. Bu gün Yeni Azərbaycan Partiyası dünya miqyasında çox böyük və güclü partiyadır. Bizim beynəlxalq əlaqələrimiz də genişlənir. Beləliklə, məndə partiyamızın gələcək inkişafı ilə bağlı çox nikbin fikirlər var” fikirləri ilə partiyaya milyonların sevgisinin şəksiz olduğunu təsdiqləyir.

Yeganə Əliyeva, “İki sahil”