14 yanvar 2020 20:31
1506

Azərbaycanda sabitliyin təminatçısı Azərbaycan xalqıdır

Prezidenti İlham Əliyevin yanında 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə ölkəmizin beynəlxalq aləmdə sabitlik və inkişaf məkanı kimi nüfuz qazanmasını şərtləndirən amillər bir daha diqqətə çatdırıldı

Prezidenti İlham Əliyevin yanında 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə “Azərbaycan sabitlik şəraitində yaşamışdır. Sabitlik hər bir ölkənin inkişafı üçün əsas şərtdir. Biz il ərzində müxtəlif yerlərdə gərginliyin artmasını görürdük. Qanlı toqquşmalar, müharibələr, kütləvi etiraz aksiyaları, polis zorakılığı, insan haqlarının kobudcasına pozulması, demokratik dəyərlərin tapdalanması - bütün bunlar dünyanın demək olar ki, bütün yerlərində müşahidə olunurdu. Avropada, Asiyada, Latın Amerikasında, postsovet məkanında, bizim bölgəmizdə, Yaxın Şərqdə, dünyada gərginlik artır. Azərbaycan isə sabitlik məkanı kimi inkişaf edir” söyləyən dövlətimizin başçısı ölkədə sabitliyin təminatçısının xalq-iqtidar birliyi olduğunu xüsusi qeyd etdi.

Hər bir ölkənin inkişafında, beynəlxalq aləmdə mövqeyinin möhkəmlənməsində sabitliyin və iqtisadi tərəqqinin rolunu nəzərə alsaq, bu gün Azərbaycanda qeyd olunan istiqamətlərdə əldə olunan uğurlar göz önündədir. İqtisadiyyatın şaxələndirilməsi siyasətinin uğurla həyata keçirilməsi, iqtisadiyyatın elmi əsaslara söykənməsi dövlətimizin başçısı İlham Əliyevin “neft kapitalını insan kapitalına çevirək” tezisinin reallıq olduğunu təsdiqləyir. İqtisadi tərəqqiyə geniş yol açan demokratikləşmə prosesi də uğurla həyata keçirilir. Dövlətimizn başçısı İlham Əliyevin qeyd etdiyi kimi, iqtisadi və siyasi islahatların vəhdətliyi davamlı uğurları şərtləndirir. Ən əsası neft gəlirlərinin idarə olunmasında şəffaflıq lazımi səviyyədə təmin olunur, ölkənin hərtərəfli inkişafına xidmət edən sosial-iqtisadi layihələrin icrası sürətləndirilir.

Xarici siyasətin daxili siyasətin davamı olduğunu da nəzərə alsaq, bu gün Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri və rolunun möhkəmlənməsini şərtləndirən amillər aydın görünür. Azərbaycanın beynəlxalq əhəmiyyətli tədbirlər üçün ideal məkan kimi seçilməsində də ölkəmizdəki sabitlik əhəmiyyətli rol oynayır. Tolerantlıq təcrübəsi, multikultural dəyərlərin inkişafına verdiyi töhfələr yüksək dəyərləndirilən Azərbaycan dünyaya sülh, əmin-amanlıq, birlik, həmərəylik mesajını ünvanlamaqla, eyni zamanda, bütün münaqişəli məsələlərin beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həllinin vacibliyini öndə saxlayır. Məhz bu mövqe ölkəmizin dünya birliyində sabitləşdirici faktor kimi nüfuz qazanmasını şərtləndirir.

“Bu gün Azərbaycan çox fərqli bir inkişaf modelini nümayiş etdirir” söyləyən cənab İlham Əliyev respublikamızın multikultural cəmiyyətlərin formalaşmasına töhfələrinin davamlı olduğunu, tolerant ölkə kimi nüfuz qazandığını əsaslı şəkildə diqqətə çatdıraraq, 2016-cı ilin ölkəmizdə “Multikulturalizm ili” və 2017-ci ilin “İslam Həmrəyliyi ili” elan edilməsini, həmçinin ölkəmizin 2015-ci ildə ilk Avropa Oyunlarına, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməsini Azərbaycanın müxtəlif dinlərin, mədəniyyətlərin qovşağında yerləşən ölkə kimi mövqeyinin möhkəmləndirilməsi kimi diqqətə çatdırır. Cənab İlham Əliyevin ötən il  xarici ölkələrə, eyni zamanda, Azərbaycana bu və ya digər ölkələrin dövlət başçılarının səfərlərinə diqqət yetirsək görərik ki, keçirilən görüşlərdə, tərəfdaşlığın inkişafına dair imzalanan sənədlərdə Azərbaycanın multikultural dəyərlərin inkişafı istiqamətində göstərdiyi səylər təqdir edilərək, əməkdaşlığın inkişafı üçün geniş imkanların mövcudluğu xüsusi qeyd olunur. 2018-ci ildə Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanan “Tərəfdaşlığın prioritetləri” sənədində də bu məqam qeyd olunmuşdur ki, dünya xalqları arasında dialoqun təşviqi və inkişafında Azərbaycan mühüm rol oynamaqdadır. Hazırda mütərəqqi dünyada demokratik dəyərlərdən biri kimi qəbul edilən etnik və dini tolerantlıq Azərbaycan cəmiyyətinin nümunəvi normalarına çevrilib. Ölkəmiz İslam mədəniyyətinin dünyada təqdim edilməsində mühüm rol oynayır. Bir çox Avropa ölkələrində təşkil olunan sərgilər, təqdimatlar, digər mədəni tədbirlər İslam mədəniyyətini təbliğ, İslam dəyərlərini təcəssüm etdirir.

Yuxarıda da qeyd etdiyimiz kimi, hər bir məsələnin sülh, əmin-amanlıq, ən əsası beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həllində maraqlı olan Azərbaycan bu mövqeyi ilə regionda sabitlik adası kimi nufuz qazanıb. İslam Əməkdaşlıq Təşkilatının sülhməramlı fəaliyyətinə dəstək verən Azərbaycanın qurumun sammitlərində, Zirvə görüşlərində  islamofobiyaya qarşı mübarizədə fəal iştirakı xüsusi önə çəkilir. “Biz müsəlmanlara qarşı törədilən cinayətləri qətiyyətlə pisləyirik” söyləyən Prezident İlham Əliyev 2017-ci ildə ölkəmizdə keçirilən İslam Həmrəyliyi Oyunlarında 50-dən artıq müsəlman ölkəsinin iştirakını islamofobiyaya qarşı ən real mübarizə kimi dəyərləndirir. Eləcə də İslam aləmində narahatlıq doğuran hadisələr - Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Yaxın Şərq dövlətlərində yaranmış qarşıdurmalar, qaçqın böhranının hər biri taleyüklü məsələ olmaqla həmrəyliyin, birliyin vacibliyini aktuallaşdırır.

Dövlətimizin başçısı müşavirədə diqqəti ötən il Bakıda keçirilən Dünya dini liderlərinin II Sammitinə yönəldərək bildirdi ki,   70 ölkədən gəlmiş dini liderlər Azərbaycanda gedən proseslərə çox müsbət qiymət verdilər, Azərbaycan multikultural, öz ənənələrinə, milli, dini dəyərlərinə sadiq ölkə kimi özünü bu Zirvə görüşündə də təqdim etdi.

“Azərbaycan o ölkədir ki, öz inkişafını, öz gələcəyini milli köklər üzərində qurubdur” söyləyən dövlətimizin başçısı İlham Əliyev bildirir ki, ənənəvi dəyərlər bizim üçün ən böyük sərvətdir: “Azərbaycan multikulturalizm dəyərlərini təbliğ edən ölkələrdən biridir. Multikulturalizm Azərbaycanda həm həyat tərzidir, həm də dövlət siyasətidir. Təsadüfi deyil ki, Azərbaycanda bu istiqamətdə bir çox önəmli addımlar atılmışdır və bir neçə mötəbər beynəlxalq tədbir keçirilmişdir. Tədbirlərin bəziləri ənənəvi xarakter daşıyır... Bütün bu tədbirlərin bir məqsədi var - dinlərarası dialoqu möhkəmləndirmək, dini ayrı-seçkiliyə qarşı birgə mübarizə aparmaq, multikultural dəyərləri təbliğ etmək və beləliklə, dünyada gedən müsbət proseslərə öz töhfəmizi verməkdir.”

Ölkə Prezidenti daim çıxışlarında dünyanın ikili siyasətindən və onun yaratdığı problemlərdən bəhs edir, diqqəti  Dağlıq Qarabağ münaqişəsi zamanı həlak olan dinc əhalinin sayına, Ermənistanın Azərbaycan torpaqlarında törətdiyi terror hadisələrinə yönəltməklə erməni faşizminin bu gün də davam etməsinə göz yuman Qərb, Avropa dövlətlərinin, beynəlxalq təşkilatların  müsəlman ölkələrinə ikili standartlarla yanaşmasının beynəlxalq hüququn norma və prinsiplərinə zidd olduğunu  bildirir. Rəsmi Bakı bəyanatlarında bu məqamı da diqqətə çatdırır ki, Ermənistanı açıq-aydın təcavüzkar kimi tanıyan BMT və İƏT-in qətnamələri işğalçı dövlətlə münasibətdə olan bütün müsəlman ölkələri üçün əsas mesaj olmalıdır. Çünki Ermənistanın işğalçılıq siyasəti təkcə Azərbaycanın dini-mədəni sərvətlərinə qarşı deyil, həm də ümumilikdə İslamın tarixi-mədəni irsinə qarşı olan hücumdur.

Dövlətimizin başçısı İlham Əliyevin  mədəniyyətlərarası və dinlərarası dialoqun təşviqi ilə bağlı imzaladığı sənəd də bu istiqamətdə atılan addımların tərkib hissələrindəndir. Bu kimi sənədlərdən irəli gələn vəzifələrin uğurlu icrası Azərbaycanın mədəniyyətlərarası və dinlərarası dialoq məkanı kimi mövqeyini möhkəmləndirməklə yanaşı, dünyanın ikili siyasətinin doğurduğu problemlərin beynəlxalq ictimaiyyətə çatdırılması fonunda ədalətə ədalət gözü ilə yanaşmaq imkanlarını artıracaq.

O da bildirilir ki, belə yanaşmalara baxmayaraq dünyada multikulturalizmin bir çox ünvanları vardır. Dünyanın əksər ölkələrində çoxmillətli cəmiyyətlər mövcuddur və müxtəlif dinlərin, müxtəlif xalqların birgə yaşaması dövrün tələbidir.  Sivilizasiya bu istiqamətdə inkişaf edir, ümumbəşəri dəyərlər hər bir normal cəmiyyətdə birgəyaşayış qaydalarının əsas prinsipləri üzrə formalaşır. Bir vacib amil də hər zaman önə çəkilir ki, əgər hər bir ölkə müstəqil xarici siyasət aparsa, onda daxili işə müdaxilələr, dünyada müharibələr də az olar.

Hər sahədə təcrübəsi nümunə olan, iştirakçısı və təşəbbüsçüsü olduğu layihələrlə dövlətlər, xalqlar arasında dostluq körpüsünü günbəgün möhkəmləndirən Azərbaycanın məqsədi  bölgədə regional əməkdaşlığı inkişaf etdirmək, millətlərarası münasibətləri daha da yaxşılaşdırmaq, dinlərarası dialoqu gücləndirməkdir. İslami dəyərlərdən qaynaqlanan başqa dinlərə dözümlülük, qarşılıqlı anlaşma prinsiplərinə sadiq qalan azərbaycanlılar hər zaman bütün millətlərə hörmətlə yanaşmışlar. Ölkəmizdə inkişaf etdirilən demokratiyanın tələblərinə uyğun olaraq insanlar üçün sərbəst düşünmək, istədiyi dinə inanmaq imkanı yaranır.

Ümumiləşdirmə aparsaq, insanları yaxınlaşdıran, xalqları sülh, sabitlik, mehribanlıq, qarşılıqlı hörmət naminə birləşdirən, dinlərə qarşı suni yaradılan fobiyalarla mübarizədə istifadə olunan mültikulturalizmin təbliği daha vacib və aktualdır. Dövlətimizin başçısı İlham Əliyev ötən il Dünya dini liderlərinin II Sammitində bu əminliyi ifadə etmişdir ki, Bakıdan səslənən mesajlar lazımi ünvana çatacaq. Əsas istiqamətlərdən biri dini ayrı-seçkiliyə yol verməmək, ksenofobiya, islamofobiya, antisemitizmə qarşı birgə mübarizə aparmaq, dindən siyasi məqsədlər üçün istifadə etməmək, münaqişələrə dini don geyindirməmək, münaqişə zamanı tarixi-dini abidələri dağıtmamaq və ənənəvi dəyərləri təbliğ etməkdir.

Ölkəmizin iqtisadi və beynəlxalq mövqeyinin möhkəmlənməsi yeganə problemimiz olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllini şərtləndirir.

Yeganə Əliyeva, “İki sahil”