08 iyul 2020 22:32
1168

Azərbaycanda siyasi sistemin yeni konfiqurasiyası formalaşmaqdadır

Dövlətimizin başçısı İlham Əliyevin altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasındakı proqram xarakterli nitqindən irəli gələn vəzifələr   uğurla icra edilir 

Bu gün ümumbəşəri bəlaya qarşı mübarizə tədbirlərinin gücləndirilməsinə baxmayaraq, ölkəmizdə bütün sahələrdə  uğurlu islahatlar  prosesi davam etdirilir. Ötən ildən başlanan bu təkmilləşmə  hakimiyyətin hər üç qolunu-icra, qanunvericilik və məhkəmə-hüquq sistemini əhatə edir. Atılan addımlar ölkənin hərtərəfli inkişafını daha da  sürətləndirir, yeni-yeni hədəflərin müəyyənləşdirilməsini bir tələbə çevirir. 

Cari ilin fevralında keçirilən parlament seçkilərindən sonra  yeni formalaşmış  Milli Məclisin ilk iclası bütün sahələrdə əldə olunan uğurların təqdimatında əhəmiyyətli rol oynamaqla yanaşı, qanunvericilik bazasının təkmilləşdirilməsinin  zəruriliyinə də işıq saldı. «İslahatlar həm konseptual xarakter, həm də struktur xarakteri daşıyır» söyləyən dövlətimizin başçısı İlham Əliyev bildirdi ki, kadr islahatları aparılır. Prezident Administrasiyası, Nazirlər Kabineti yeni tərkibdə formalaşmışdır. Hazırda Nazirlər Kabineti daha operativ və çevik fəaliyyət göstərir. Nazirliklərdə, yerli icra orqanlarında  islahatlar aparılır və aparılacaq: «Bundan sonra da təmizləmə işləri aparılacaqdır, həm mərkəzi, həm də yerli icra orqanlarında, bütün dövlət qurumlarında. Mən demişəm, bir daha demək istəyirəm ki, əgər kimsə dövlət işində işləmək istəyirsə, onun niyyəti də, əməlləri də təmiz olmalıdır. Əgər hansısa bir adam özündə bu xüsusiyyətləri görmürsə, o, dövlət işindən getsin, sabah bədbəxt olmasın.»

Ölkə Prezidenti İlham Əliyev altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasındakı  nitqində  islahatların dərinləşməsinin parlamentdən yan keçə bilməzliyini də xüsusi qeyd edərək bu inamı ifadə etmişdir ki,  yeni tərkibdə formalaşmış Milli Məclis islahatlara yeni təkan verəcək.  Deputatların qarşısında ilk növbədə  qanunvericilik sahəsində böyük vəzifələr durur: «Çünki parlamentin əsas işi qanunvericilikdir. Mənim tövsiyəm ondan ibarətdir ki, nəinki kəmiyyətə, daha çox keyfiyyətə fikir verilsin. Çünki mövcud olan qanunların təkmilləşdirilməsinə baxmaq, onları təftiş etmək lazımdır. İcra strukturlarına mənim tərəfimdən göstəriş verilmişdir ki, qəbul edilmiş qanunların icrası nə yerdədir. Biz bir çox gözəl qanunlar qəbul edirik, eyni zamanda, Prezident tərəfindən bir çox önəmli sərəncamlar imzalanır, ancaq onların icrasına nəzarət lazımi səviyyədə deyil… Hesab edirəm ki, Milli Məclis, deputatlar da bu işlərlə məşğul olmalıdırlar.» Dövlətimizin başçısı qanunvericilik bazasını qarşıda duran hədəflərlə uzlaşdırmağın vacibliyini şərtləndirən amilləri diqqətə çatdıraraq bildirmişdir ki, həyat yerində durmur, yeni çağırışlar, yeni problemlər üzə çıxır.  Yeni qəbul ediləcək qanunların əsas mahiyyəti islahatları dərinləşdirməkdir. Siyasi sistemin formalaşdırılması və gücləndirilməsi üçün qanunvericilik təşəbbüsləri olmalı, iqtisadi islahatların dərinləşməsi işinə töhfə verən qanunlar qəbul edilməlidir.

Təbii ki, hər bir qanunun arxasında Azərbaycanda dövlət quruculuğunu təmin etmək, iqtisadi, siyasi, sosial islahatları həyata keçirmək məsələləri dayanır.  Ölkəmizdə iqtisadi və siyasi islahatların vəhdətliyinin qorunması hərtərəfli inkişafı daha da sürətləndirir. Konstitusiyanın qəbulundan ötən 24 ildən artıq dövr ərzində ali sənədə üç dəfə əlavə və dəyişikliklərin edilməsi məqsədilə  ümumxalq səsverməsinin keçirilməsi də deyilənlərin bariz nümunəsidir. Hüquqi, demokratik, dünyəvi dövlət quruculuğunun təmin edilməsi, çoxpartiyalılığa, müxtəlif siyasi cərəyanların ideyalarının azad ifadə olunmasına əsaslanan siyasi sistemin yaradılması, vətəndaş hüquqlarının qorunmasına yönələn təsisatların formalaşması, eyni zamanda, müasir bazar münasibətlərinə əsaslanan iqtisadiyyatın qurulması prosesi uğurla həyata keçirilir. Ötən bu illər ərzində Milli Məclisdə qəbul olunan minlərlə qanun və qərarlar ölkəmizin ayrı-ayrı sahələrinin inkişafına xidmət etməklə, ümumilikdə, hədəflərin gerçəkləşməsində stimulverici amil rolunu oynayır.

Demokratik cəmiyyətin mövcudluğunu təsdiqləyən amillərdən biri təbii ki, çoxpartiyalı sistemin yaradılmasıdır. Ölkəmizdə  40-dan artıq siyasi partiyanın qeydiyyatdan keçməsi, onların normal fəaliyyəti üçün lazımi şəraitin yaradılması göz önündədir. 1992-ci ildə qəbul olunan «Siyasi partiyalar haqqında» qanunun dövrün, zamanın tələblərinə cavab vermədiyini nəzərə alaraq yeni «Siyasi partiyalar haqqında» Qanunun qəbul olunması da deyilənlərin bariz nümünəsidir.  Ölkəmizdə keçirilən  seçki proseslərində  müxtəlif siyasi partiyaların iştirakı, həmçinin onları təmsil edən namizədlərin qatılması, heç bir ayrı-seçkiliyə yol vermədən  seçkilərin bütün mərhələrində eyni şəraitin yaradılması da günümüzün reallıqları sırasındadır. Məlum olduğu kimi, 9 fevral növbədənkənar parlament seçkilərində 20-yə yaxın siyasi partiya iştirak etmişdir. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, alıtıncı çağırış  Milli Məclis çoxpartiyalı məclisdir. Bütün siyasi qüvvələrin iştirak etdiyi seçkilər nəticəsində çoxpartiyalı parlament formalaşıb. Bu,  demokratiyanın inkişafında önəmli addımdır.

Əvvəldə də qeyd etdiyimiz kimi, ölkədə iqtisadi və siyasi islahatların vəhdətliyinin qorunması davamlı inkişafın əsasıdır. Bu gün böyük inam hissi ilə qeyd edirik ki, Azərbaycanın iştirakı olmadan regionda  hansısa iqtisadi və siyasi layihənin həyata keçirilməsi mümkünsüzdür.   Prezident İlham Əliyevin müəyyənləşdirdiyi yeni inkişaf konsepsiyası ölkəmiz qarşısında böyük perspektivlər açır. Ölkə Prezidenti İlham Əliyev keyfiyyətcə yeni mərhələdə  vətəndaş cəmiyyətinin yaradılmasını, demokratikləşmə prosesinin möhkəmləndirilməsini Azərbaycanın hərtərəfli inkişafı üçün başlıca şərt kimi dəyərləndirərək bildirmişdir ki, siyasi və iqtisadi islahatların davam etdirilməsi zamanın tələbidir. Əgər  müasir, güclü ölkə yaratmaq istəyiriksə, bunu etməliyik: «Bu işdə həm dövlətin üzərinə böyük vəzifələr düşür, eyni zamanda, Milli Məclisin üzərinə də böyük məsuliyyət düşür. Biz birlikdə buna nail olmalıyıq.»

Siyasi sistemin dünya standartları səviyyəsinə yüksəlməsi, ölkənin iqtisadi qüdrətinin artması və demokratik proseslərin dərinləşməsi məqsədilə yeni qanunların qəbulu daim öz aktuallığını qoruyur.  Milli Məclis üzərinə düşən məsuliyyətli missiyanı uğurla yerinə yetirməyə, dövlətin və xalqın maraqlarını qətiyyətlə  müdafiə etməyə, dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə  həyata keçirilən mütərəqqi siyasi, iqtisadi və hüquqi islahatlara layiqli töhfəsini verməyə səy göstərir.

Qeyd edək ki,  Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin yaradılmasında da məqsəd siyasi partiyalarla hakimiyyət arasında arasında əlaqələrin daha da möhkmləndirilməsinə dəstək olmaqdır. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin  ayrı-ayrı siyasi partiyaların rəhbərləri,  həmçinin  qeydiyyata alınan yeni partiya sədrləri ilə görüşü də deyilənlərin təsdiqidir.  Hər bir görüş  siyasi dialoqun möhkəmləndirilməsinə dəstəkdir. Görüşlərdə  ölkədaxili siyasi münasibətlər, gerçək siyasi dialoq mühitinin yaradılması istiqamətində fikir mübadiləsi aparılır,  hakimiyyət və siyasi partiya  təmsilçiləri arasında görüşlərin davamlı olmasının vacibliyi bildirilir.

Ölkə iqtidarı daim siyasi dialoq tərəfdarı olduğunu nümayiş etdirir  və bu istiqamətdə lazımi addımları atır. Bu  addımlar Azərbaycanda  vətəndaş həmrəyliyi və birliyinin daha da  möhkəmləndirlməsinə, ölkəmizin davamlı inkişafına xidmət  edir.        

Bu günlərdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin iştirakı ilə  Milli Məclisdə təmsil olunan siyasi partiyaların sədrləri və nümayəndələri tərəfindən Azərbaycanda siyasi partiyalar arasında geniş müzakirələrin aparılması üçün  videokonfrans formatında görüşün keçirilməsini də xüsusi qeyd etməliyik. “Azərbaycanda yeni siyasi konfiqurasiya: Pandemiya dövrü və yeni çağırışlar” mövzusunda keçirilən görüşdə  pandemiya dövründə meydana çıxan yeni çağırışlar fonunda siyasi sistemin əsas elementləri olan siyasi partiyaların fəaliyyətinə diqqət yönəldən  Milli Məclisin Sədri Sahibə Qafarova  Prezident İlham Əliyevin  təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən siyasi islahatların bütövlükdə ölkədə yeni dialoq və əməkdaşlıq mühiti yaratdığını, bu mühitin başlıca komponentlərinin isə dövlət başçısının VI çağırış Milli Məclisin ilk iclasındakı nitqində aydın şəkildə göstərildiyini diqqətə çatdırıb. Ölkə Prezidentinin qeyd edilən dərin məzmunlu, kifayət qədər konseptual tarixi nitqi siyasi sistemin də komponentlərini və perspektivlərini əhatə etməklə siyasi konfiqurasiyada və ictimai münasibətlər sistemində yeni tarixi mərhələ kimi qiymətləndirilə bilər.

Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik  hakimiyyəti ilə  əlaqələr  şöbəsinin müdiri Ədalət Vəliyev bu mühüm məqamı diqqətə çatdırmışdır ki,  ölkə Prezidenti tərəfindən dövlət idarəçiliyinin bütün istiqamətlərini əhatə edən çoxşaxəli islahatlar aparılır, ölkənin daha da qüdrətlənməsi və dünya birliyində yüksək mövqe tutması, xalqın rifah halının daha da yüksəldilməsi üçün genişmiqyaslı tədbirlər görülür.

Ə.Vəliyev Prezident Administrasiyasında  ilk dəfə olaraq  xüsusi struktur bölməsinin yaradılmasının ölkə rəhbərliyinin siyasi partiyalarla müntəzəm iş aparılması, sağlam əməkdaşlığın qurulması, Milli Məclis ilə  daha  nizamlı əlaqələrin təşkili işinə  verdiyi  əhəmiyyətdən irəli gəldiyini diqqətə çatdırıb.

Dövlətimizin başçısı İlham Əliyevin  təşəbbüsü və iradəsi ilə  görülən işlərin bu qənaətə  əsas verdiyi xüsusi qeyd edilib. Ölkəmiz artıq siyasi islahatların yeni mərhələsini yaşayır.  Siyasi sistemin yeni konfiqurasiyası formalaşmaqdadır və bu, iqtidar-müxalifət münasibətlərinin müzakirələr vasitəsilə inkişaf etdirilməsinə əsaslanır.

Daim bu məqam da önə çəkilir ki, ümummilli məsələlərin həllində iqtidar-müxalifət münasibətləri bir kənara qoyulub, ümumi mövqe nümayiş etdirilməlidir. Hər bir demokratik cəmiyyətdə müxalifətin olması vacibdir. Təbii ki, burada söhbət sağlam düşüncəli, konstruktiv müxalifətdən gedir.

Qeyd olunan tədbirdə səsləndirilən  Bəyanatda da bu vacib məqama xüsusi diqqət yönəldilir. Bildirilir ki, siyasi sistemi möhkəmləndirmək məqsədilə ölkənin yeni siyasi konfiqurasiyasının formalaşdırılmasına, həmçinin ölkədə çoxpartiyalı sistemin inkişaf etdirilməsinə, partiyalararası sağlam əməkdaşlıq mühitinin yaradılmasına yönəlmiş addımların davamlılığının təmin edilməsi  günümüzün əsas çağırışları sırasındandır.

Yeganə Əliyeva, “İki sahil”