14 yanvar 2020 12:16
465

Azərbaycanda ÜDM-in artım faizi bir çox ölkələrdən yüksəkdir

Bu, əhalinin sosial rifahını daha da yüksəldəcək önəmli amildir

Prezident İlham Əliyevin elan etdiyi və sürətlə həyata keçirdiyi sosial -iqtisadi islahatlar artıq öz bəhrəsini verməkdədir.  Xüsusilə bu islahatlar bazar iqtisadiyyatı prinsipləri əsasında hazırlanır və əlverişli biznes mühitinin yaradılmasını, insan kapitalının  inkişaf etdirilməsini, sahibkarlara daha yaxşı şəraitin təmin olunmasını, dövlət  mülkiyyətində olan müəssisələrlə bağlı islahatların həyata keçirilməsini və digər məsələləri nəzərdə tutur. Bu gün Azərbaycan dövlətinin rəhbərinin iqtisadi hədəfi neftdən asılı olmayan güclü iqtisadiyyat formalaşdırmaqdır. Məhz son illər ərzində qəbul olunan və icra edilən strateji yol xəritələri, digər qərarlar əsasən bu məqsədə xidmət edir.

Çox önəmli hadisədir ki, Azərbaycan mühüm transmilli enerji layihələri həyata keçirir. Bu, layihələrin icrası qarşıdan gələn illərdə Azərbaycanın əhəmiyyətinin daha da yüksəlməsini və maliyyə imkanlarının artmasını təmin edəcəkdir. Çox yaxın gələcəkdə ölkəmizə valyuta axını bizə imkan verəcəkdir ki, ən müasir istehsalat sahələri quraq, dünya bazarlarını “Made in Azerbaijan” brendləri ilə zənginləşdirək. 

Azərbaycanda həyata keçirilən islahatlar, uğurla icra edilən regional inkişaf proqramları ölkəmizin hərtərəfli inkişafına səbəb olmaqla bizi nəinki  Cənubi Qafqazın, hətta MDB məkanının lider dövlətinə çevirib. Qürurverici hadisədir ki, bu inkişaf  tempini nüfuzlu beynəlxalq reytinq təşkilatları da hesabatlarında qeyd edirlər. Belə ki, Dünya Bankı tərəfindən hazırlanan “Doing Business-2019” hesabatında Azərbaycan 190 ölkə arasında 32 pillə irəliləyərək 57-ci pillədən 25-ci (o cümlədən biznesə başlamaq üzrə 18-ci pillədən 9-cu, tikinti üçün icazələrin alınması üzrə 161-ci pillədən 61-ci, elektrik təchizatı şəbəkələrinə qoşulmaya görə 102-ci pillədən 74-cü, əmlakın qeydiyyatı üzrə 21-ci pillədən 17-ci, kreditlərin alınmasına görə 122-ci pillədən 22-ci, kiçik investorların maraqlarının qorunmasına görə 10-cu pillədən 2-ci, vergilərin ödənilməsi üzrə 35-ci pillədən 28-ci, müflisləşmənin həllinə görə 47-ci pillədən 45-ci) yerə yüksəlmişdir.

İcmaldan məlum olur ki, biznesə başlamaq sahəsində (“Doing Business” üzrə bal 96,14) əgər əvvəl onlayn qeydiyyat üçün elektron imza tələb edilirdisə, indi buna ehtiyac yoxdur. Eləcə də əvvəllər tələb edilən işçilərin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində qeydiyyatdan keçirilməsinə də gərək qalmayıb. İndi işçilər qeydiyyat tamamlandıqdan dərhal sonra fəaliyyətə başlaya bilərlər. Xüsusilə onlayn qeydiyyat üçün tələb edilməyən prosedurlar sırasında “ASAN imza” da var.

Daha vacib bir məqam: bu gün Azərbaycanda biznesə başlamaq üçün bir prosedur, yarım gün və 0 manat lazımdır. Halbuki əvvəl bu iş üçün 3 prosedur, 3,5 gün və 90 manat xərc tələb edilirdi.

Bu da önəmli faktdır ki, Azərbaycanın sürətli inkişafı iqtisadiyyatın bütün sahələrində əldə olunan mənfəətin çoxalmasına imkan verib. Bu, əsasən yeni, müasir müəssisələrin tikilməsi, yüksək məhsuldarlıqlı, mükəmməl texnologiyanın tətbiqi sayəsində mümkün olur. Ancaq təbii ki, bu işlərin görülməsi həyata keçirilən Dövlət proqramlarının, qeyri-neft sektorunun inkişafına göstərilən güclü dəstəyin, sahibkarlığın inkişafına dövlət qayğısının güclənməsi hesabınadır.

 Statistik göstəricilər sübut edir ki, 2014-cü il ümumi daxil məhsulun artım tempində zirvə sayılır. Həmin ildən sonra neftin qiymətlərində baş verən təbəddülat bu göstəricini nisbətən aşağı salsa da sonrakı illərdə hökumətin həyata keçirdiyi tədbirlər sayəsində hər il artım baş verib və ÜDM-in həcmi çoxalıb. 

Ötən il isə qonşu Gürcüstanın “Bank of Georgia Group”a daxil olan “Galt&Taggart” investisiya şirkətinin “Regional Sabit Gəlirlər Bazarı” adlı hesabatında göstərilib ki, 2019-cu ildə Azərbaycanda ÜDM-in həcmi əvvəllki ildəkindən  2 faiz çoxalıb. 2020-ci ildə isə ölkəmizdə ÜDM-in artımı 2,5 faizə çatacaq.  Yəni cari il üçün isə bu rəqəm 2,2 milyard dollar, yaxud 4,9 faiz artaraq 47,4 milyard dollara bərabər olacaq. Yerli valyuta ilə ifadə edəndə məlum olur ki, 2019-cu ildə Azərbaycanda ümumi daxili məhsulun həcmi təqribən 80,3  milyard  manata çatıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il əhalinin hər nəfərinə düşən ÜDM isə 0,5 faiz artaraq 8 126,2 manat və yaxud 4 780,1 ABŞ dolları təşkil edib.

Ümumiyyətlə, ölkəmizdə adambaşına düşən ÜDM-in dəyəri bir çox  MDB ölkələrindəkindən bir neçə dəfə yüksəkdir. Əgər iqtisadiyyatda  ÜDM əhalinin həyat səviyyəsinin göstəricisi kimi qiymətləndirilirsə, deməli Azərbaycanda insanların sosial durumunun davamlı olaraq yüksəlməsi  də bir reallıqdır.

Elçin Zaman, “İki sahil”