15 avqust 2019 12:04
72

Azərbaycanda yaşayan 29 ilandan 6-sı təhlükəlidir

Dünyadakı ilanların beşdəbir hissəsi təhlükəli sayılır. Həmin statistika ölkəmizə də xasdır. Azərbaycanda ilanların 29 növündən yalnız 6-cı təhlükəlidir. Onlardan ən zəhərlisi isə gürzədir.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası Zoologiya İnstitutunun əməkdaşı, biologiya üzrə fəlsəfə doktoru Səbinə Bünyatova məlumat verib.

Onun dediyinə görə, ilanlardan qorunmağın müxtəlif yolları var: “İlanlarda ən yaxşı inkişaf etmiş orqan iybilmədir. Bəzi sərt iyli bitkilər var ki, ilanlar həmin iyləri sevmir, lakin müəyyən müddətdən sonra ona öyrəşirlər. Həmçinin bəzi pişik növləri və it cinsləri var ki, onlar da ilanları zərərsizləşdirə bilirlər. Lakin qorunmağın ən yaxşı yolu bağ evlərini və həyətyani sahələri gəmiricilərdən qorumaqdır, çünki ilanlar əsasən qida ehtiyaclarını ödəmək üçün gəmiricilərin ardınca həmin ərazilərə gedib çıxırlar”.