21 noyabr 2019 14:16
889

Azərbaycandan dünyaya “Təbiət və həyat naminə birləşmək” ali mesajı

Hələ gənc ikən amerikalı məşhur fantast yazıçı Rey Bredberinin “İldırımın səsi” əsərini oxumuşdum. Həmin əsərin məzmunu sonralar dünyada “Kəpənək effekti” adıyla tanınan məşhur bir nəzəriyyəyə əsaslanır. Bu nəzəriyyənin mahiyyəti ondan ibarətdir ki, keçmişdəki kiçik dəyişikliklər gələcək üçün fəlakətli nəticələr doğura bilər. Yəni, uzaq keçmişdə öldürülən kiçik bir kəpənək Yer kürəsinin tarazlığına təsir edə bilər.

Mətləbə bu haşiyə ilə başlamağım təsadüfi deyil. İlk baxışdan kiçik görünsə də, millətimizin və ümumən planet əhalisinin sağlamlığında əhəmiyyətli rol oynayan çox mühüm bir məsələdən söz açmaq istərdim. Məlumdur ki, hazırda planetimizdəki qlobal iqlim dəyişiklikləri ilə bağlı görkəmli ekoloqlar, tanınmış alimlər həyəcan təbili çalırlar. Bildiyiniz kimi, qlobal iqlim dəyişikliklərini yaradan səbəblər sırasında sənaye müəssisələrinin sobalarından, milyonlarla avtomobildən havaya atılan zəhərli qazlar, müxtəlif məqsədlər üçün istifadə edilən kimyəvi maddələr, ionlaşdırıcı radiasiya və radioizotoplarla yanaşı, yaşıllıqların, xüsusilə ağacların kəsilib məhv edilməsi də yer alır. Alimlərin son hesablamalarına görə, hər il Yer kürəsində “planetimizin ağciyərləri”adlandırılan 15 milyard ağac ya kəsilir, ya da quruyaraq məhv olur. Bu qorxunc statistikaya təbii ki, bizim ölkə ərazisində kəsilən ağacların da sayı daxildir. Qlobal miqyasda diqqət yetiriləcək , bəşəriyyəti düşündürən digər mühüm bir məsələ isə içməli su qıtlığıdır.

İçməli su tükənən təbii sərvətlərdəndir və bu ekoloqları, alimləri ciddi şəkildə narahat edir. Bir halda ki, söhbət həm ağaclardan, həm də sudan düşdü, vurğulamalı olduğum bir məqam var. Son illərdə seçicilərlə mütəmadi görüşlərdə daha çox qarşılaşdığım irad və istəklərdən biri budur ki, çoxmərtəbəli binalarda yaşayan sakinlər yaşadıqları evlərin həyətlərində yaşıllıqlar salır, ağaclar əkir və uzun illər onlara qulluq göstərərək ən azından yaşadıqları ərazilərdə sağlam bir mikromühit yaratmağa çalışsalar da, həmin yaşıllıqların suvarılması ciddi bir problemə çevrilib. Doğrudur, ölkə əhalisinin içməli su təminatı sahəsində son illər çox böyük işlər görülüb və nailiyyətlər əldə edilib. Ölkə başçısının bu istiqamətdə həyata keçirdiyi siyasət, xüsusilə əhalinin fasiləsiz su təchizatı təkcə Bakıda deyil, bölgələrdə də böyük razılıq və minnətdarlıqla qarşılanır. Suya israfçı münasibətin dəyişməsi , onun qənaətlə işlədilməsi və “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin bu sahədəki tədbirlərini də alqışlamaq lazımdır.

Amma bununla belə, sakinlər həyətlərdə, binaların qarşısında yayda günəşdən qorunmaq üçün əkib illərlə qulluq göstərdikləri ağacları bu gün suvara bilmir və nəticədə qızmar yay günlərində yüzlərlə ağac məhv olur. Əlbəttə, demirik ki, yaşıllıqların suvarılması üçün içməli su verilsin. Agacların sulanmasında içməli suyu sərf etmək az qala cinayət olardı, amma texniki suyla daimi suvarmanı təmin etmək mümkündür. Yeni artezian quyuları qazmaq, texniki su xəttinin çəkilməsini təmin etmək və hansısa rayon təşkilatını belə yaşıllıqların suvarılmasına məsul etmək arzuolunandır. Bu günlərdə Milli Məclisin növbəti iclaslarının birində bununla bağlı çıxışımda hörmətli Baş nazirə və maliyyə nazirinə ünvanladığım müraciətdə yaşıllıqların, ağacların suvarılması məqsədilə yeni artezian quyularının qazılmasına, texniki su mənbələrinin qurulmasına xüsusi diqqət yetirilməsini xahiş etmişəm. Yaxın gələcəkdə dövlət səviyyəsində yaşılıqların suvarılması üçün içməli olmayan su mənbələrindən istifadə məsələsi ilə bağlı sistemli proqramın tərtib və tətbiq olunacağına ürəkdən inanıram.

Mətləbimizin əvvəlinə qayıdaraq, bütün sadalananlarla yanaşı çox sevindirici, hətta qürurverici məqamı da vurğulamaq yerinə düşərdi ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev bütün sahələrə olduğu kimi ağacların kəsilməsi məsələsinə də çox böyük həssaslıqla yanaşaraq belə hallara qarşı sərt tədbirlərin görülməsini tələb edir. Dövlət başçısının məhz bu prinsipial mövqeyinin nəticəsidir ki, son illərdə belə neqativ halların qarşısı xeyli alınıb. Prezidentimizin sərəncamları ilə bir çox regionlarda meşələr, təbiətin yaşıl inciləri ya milli qoruq, ya da yasaqlıq statusu ilə dövlət səviyyəsində qorunur. Digər tərəfdən respublikanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın və Fondun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə son onillikdə ölkəmizdə yüz minlərlə ağac əkilir, müxtəlif ərazilərdə sözün əsl mənasında meşələr salınır. Fondun təşəbbüsü ilə bu yaxınlarda dahi şairimiz İmadəddin Nəsiminin 650 illiyi ilə bağlı ölkədə 650 min ağacın əkilməsi təşəbbüsünün irəli sürülməsi və kampaniyaya start verilməsi buna əyani sübutdur. Leyla xanım Əliyevanın təşəbbüsü ilə Bakının bütün rayonlarında nümunəvi həyətlərin yaradılmasını, bu həyətlərdə ilk növbədə yaşıllıqların salınması və ağacların əkilməsini də bura əlavə etmiş olsaq

qətiyyətlə demək olar ki, ölkənin ekoloji mühitinin sağlamlığının qayğısı çəkilir.

Yeri düşmüşkən xatırladım ki, bu yaxınlarda Bakının Xətai rayonunda salınan 37 hektarlıq “Gənclik” parkında Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın da iştirakı ilə Heydər Əliyev Fondu tərəfindən “Təbiət naminə birləş, Həyat naminə birləş!” layihəsi çərçivəsində ağacəkmə aksiyası olub.

Həmin aksiya həm də Birinci vitse -prezident Mehriban xanım Əliyevanın “İnstagram” hesabında “Təbiət naminə birləş, Həyat naminə birləş!” devizi altında yayımlandı. Diqqət çəkmək istədiyim məqam bundan ibarətdir ki, bu, sadəcə nəcib bir aksiyanın təbliğatı olmaqla qalmayıb, bütövlükdə Yer kürəsinin qorunması üçün dövlət səviyyəsində Azərbaycandan dünyaya verilən ali mesajdır. Bu, həm də Mehriban xanım Əliyevanın timsalında tarixən birləşdirici, barışdırıcı və qoruyucu mövqe sərgiləyən nəcib Azərbaycan xanımının yaşadığımız birgə evimizi-planetimizi qorumaq üçün təbiət və həyat naminə birləşməyin zəruriliyini bütün dünyaya xatırladan mühüm bir çağırışdır.

Mərhum akademik Bəkir Nəbiyev 2007-ci ildə nəşr olunan “Cəza” kitabıma yazdığı “Təbiətin intiqamı yaman olur” adlı möhtəşəm ön sözdə qeyd edib ki, XIX əsrin ortalarında alman alimi Hekkel ilk dəfə qlobal miqyasda ekoloji təhlükəyə diqqəti cəlb edərək ekologiya termininə dirçəliş verəndə də ətraf mühit indikindən bəlkə də min dəfə təmiz imiş. Lakin zaman keçdikcə əhalinin sürətli artımı, meşələrin görünməmiş dərəcədə qırılması, okeanlarda və açıq dənizlərdə karbohidrogen çıxarılmasının böyük vüsət alması nəticəsində suyun genişmiqyasda çirklənməsi, nəhəng meqapolislərin meydana gəlməsi, sənaye tullantılarının lazımınca təmizlənməməsi, havanın ölçüyəgəlməz şəkildə zəhərlənməsi bütün dünyada ekoloji tarazlığın pozulmasına gətirib çıxarmış, bu sahədə irimiqyaslı fəlakətlərə səbəb olmuşdur.

Əsər ətrafında düşüncələr məni belə bir qənaətə sövq etdi ki, indi cəmiyyət bu dilemma qarşısında qalmışdır: ya ətraf mühitə məhvedici münasibəti davam etdirib öz oturduğu budağı kəsməklə öz mövcudluğunu təhlükəyə məruz qoymalı, ya da öz evi, məskəni olan təbiətə doğma övlad münasibəti göstərərək onu gözləyən fəlakətlərin qarşısını almalı, təbii ehtiyatlardan , sudan, meşələrdən, bitkilərdən, enerji ehtiyatlarından qədirşünaslıqla istifadə edib onları gələcək nəsillərə əlverişli vəziyyətdə təhvil verməlidir”.

Görkəmli akademikin fikirlərinə istinad etməkdə məqsədim bir daha həmin ön sözün sərlövhəsinə diqqət çəkməkdir ki, bütün bu sadalananlara əməl eləməsək, mərhum Bəkir Nəbiyevin söylədiyi kimi, təbiətin intiqamı yaman olacaq. Və məqamındaca xatırlatmaq istədiyim nüans- mərhum akademikin ön sözdə qeyd etdiyi kimi qlobal fəlakətlərdən çıxış yolu isə bəşəriyyətin məhz Mehriban xanım Əliyevanın çağırışında ifadə etdiyi “Təbiət naminə birləş, Həyat naminə birləş”məsindədir!

Bunun isə ilkin mərhələsi hamılıqla ağac əkib, park salıb, bağ becərib yaşıllığı artırmaqdan başlanır. Elə isə bu gündən, lap elə bu andan bu ali çağırışa səs verək: Təbiət və həyat naminə birləşək!

Hüseynbala Mirələmov,
Milli Məclisin deputatı, YAP Xətai rayon təşkilatının sədr