02 iyun 2020 10:57
833

Azərbaycandan qlobal miqyasda həmrəylik nümunəsi

Pandemiyaya qarşı mübarizədə göstərdiyi səylər ölkəmizin humanist siyasətə sadiq olduğunu və bütün dünya əhalisinin sağlamlığının qorunmasına öz töhfəsini verdiyini bir daha sübut edir

Azərbaycan koronavirus pandemiyasına qarşı mübarizədə həm ölkə daxilində, həm də dünyada öz fəal rolunu oynayır. Ölkəmiz qlobal həmrəylik nümayiş etdirərək koronavirusa qarşı mübarizədə Ümumdünya Səhiyyə Təşkilatına könüllü maliyyə yardımı ayırmışdır. Mart ayının 13-də Azərbaycan tərəfindən Ümumdünya Səhiyyə Təşkilatının strateji hazırlıq və cavab planı çərçivəsində COVID-19 mübarizə Fonduna könüllü maliyyə yardımının ayrılmasını nəzərdə tutan donor sazişi imzalanmışdır. Ötən ay Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus  Azərbaycan dövlətinin başçısına ikinci məktub ünvanlandı. Məktubda bildirilir ki, Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanda koronavirusla mübarizə sahəsində görülmüş işlərə çox yüksək qiymət verir, təqdir edir. Baş direktor COVID-19-a qarşı mübarizədə qabaqlayıcı tədbirlər həyata keçirdiyi üçün Azərbaycan hökumətinin gördüyü işləri yüksək qiymətləndirib. Eyni zamanda, o, Azərbaycan Prezidentinin milli, regional və qlobal səviyyələrdə çoxtərəfli diplomatiyaya və həmrəyliyə dəstəyini nümunəvi adlandırıb, bunun Prezident İlham Əliyevin rəhbərliyi ilə keçirilmiş ardıcıl tədbirlər zamanı aydın şəkildə özünü büruzə verdiyini xüsusilə qeyd edib. Bütün bunlar görülmüş işlərə verilən böyük qiymətdir. Bu istiqamətdə reallaşan tədbirlərlə bağlı ölkə başçısı bildirib ki, bu gün dünyada 150-dən çox ölkə yardım üçün beynəlxalq maliyyə qurumlarına müraciət edib: “Yəni, onların daxili maliyyə resursları imkan vermir ki, lazım olan işlər görülsün. Azərbaycanın bu siyahıda adı yoxdur. Biz o ölkələrdənik ki, öz gücümüzə bu bəla ilə mübarizə aparırıq. Biz artıq 10-dan çox ölkəyə yardım göstərmişik, yük təyyarələri, tibbi ləvazimat, dezinfeksiya materialları göndərmişik. Bəzi ölkələrə maliyyə yardımı göstərmişik. Ümumdünya Səhiyyə Təşkilatına iki dəfə donor ianəsi etmişik. Belə ölkələrin sayı o qədər də çox deyil. Ona görə bu, bizim məsuliyyətimizi göstərir. Onu göstərir ki, biz pandemiyaya qarşı qlobal müstəvidə də fəal rol oynayırıq."

Həqiqətən də Azərbaycan bu gün COVID-19 bəlası ilə mübarizədə dünya ölkələrinə öncüllük edir. Belə ki, ölkəmizdə mərhələli şəkildə məhdudlaşdırıcı tədbirlər tətbiq edilir və dövlət xəstəxanalarının işi operativ surətdə tamamilə yeni formatda təşkil olunur.  Bu istiqamətdə görülən kompleks tədbirlər çərçivəsində 10 modul tipli xəstəxananın tikintisinin xüsusi əhəmiyyəti vardır. Belə ki, bu, arta biləcək xəstə sayına tab gətirmək üçün infeksion çarpayı fondunun artırılması baxımından müstəsna rol oynayır. Hazırda 10 modul tipli xəstəxananın quraşdırılması üzrə işlər davam etdirilir. Onlardan ikisi Bakıda, digərləri isə ölkənin müxtəlif regionlarında quraşdırılır. Ölkə rəhbərinin biz qəbələlilərə göstərdiyi diqqət və qayğının nəticəsidir ki, artıq rayonumuzda 200 yerlik modul tipli xəstəxananın tikintisinə başlanılmışdır. Bu xəstəxanaların istifadəyə verilməsi sayəsində ölkəmizin səhiyyə sisteminin əlavə 2000-dən artıq çarpayı ehtiyatı yaranacaq. Əlavə olaraq bu gün 20-dən çox dövlət xəstəxanası koronaviruslu xəstələrin müalicəsi üçün ayrılıb, bu məqsədlə ölkədə 23 laboratoriya fəaliyyətə başlayıb. Milyon nəfərə düşən testlərin sayına görə Azərbaycan lider ölkələr sırasındadır. Pandemiyadan öncə və pandemiya dövründə belə Azərbaycanda həkimlərə, tibb işçilərinə qayğı ilə yanaşılmışdır, bu gün də onların fəaliyyəti yüksək qiymətləndirilir.

Müalicə prosesinin düzgün təşkilinə yönəlmiş kompleks tədbirlər sayəsində Azərbaycan bu vəziyyətdən az itkilərlə çıxa bilir. Koronovirusla mübarizə sahəsində Azərbaycanda həyata keçirilən tədbirlərə ictimai dəstək yüksək səviyyədədir. Pandemiyadan əziyyət çəkənlərə təqribən 2 milyard dollarlıq sosial-iqtisadi yardım paketi ayrılıb. Koronavirus pandemiyasının ölkəmizdə yayılmasının sürətinin qarşısının alınması, bu virusa yoluxanların müalicəsinin yüksək səviyyədə təşkili, onların tezliklə sağalması istiqamətində görülən işlər birbaşa ölkə başçısının nəzarətindədir. Virusun yayılmağa başladığı dövrdən zəruri qabaqlayıcı, profilaktik və təxirəsalınmaz tədbirlər görülür. Çoxtərəfli diplomatiyanın təşviq edilməsi, Qoşulmama Hərəkatının üzv dövlətləri arasında əməkdaşlığın və həmrəyliyin gücləndirilməsi Prezident İlham Əliyev tərəfindən Azərbaycanın Qoşulmama Hərəkatında sədrliyinin prioritetlərindən biri kimi müəyyən edilib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyevin təşəbbüsü ilə bu il aprelin 10-da Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü də keçirilib. Türk Şurası dünya miqyasında ilk beynəlxalq təşkilatdır ki, dövlət başçıları səviyyəsində koronavirus pandemiyasına həsr olunmuş Zirvə görüşünü keçirib. Qeyd olunan tədbirlər qlobal səviyyədə beynəlxalq həmrəyliyin daha da möhkəmləndirilməsi istiqamətində əhəmiyyətli töhfədir. Beləliklə, Azərbaycan nəinki milli səviyyədə COVID-19-la mübarizədə səmərəli tədbirlər görür, eyni zamanda, regional və qlobal miqyasda da koronavirusa qarşı həmrəyliyin və əməkdaşlığın gücləndirilməsinə əhəmiyyətli töhfəsini verir.

Sevinc Azadi

“İki sahil”