Yunanıstanın ölkəmizə yeni təyin olunmuş səfiri ilə görüşündə dünya siyasətinin müstəvisində söz sahibi olan Türkiyə –Azərbaycan qardaşlığının sarsılmazlığını Ermənistana, işğalçını dəstəkləyən havadarlarına çatdıran Prezident İlham Əliyevin qətiyyəti qardaş ölkə ictimaiyyəti tərəfindən birmənalı olaraq dəyərləndirildi: Türkiyə də tərəddüdsüz həmişə Azərbaycanın yanında olacaq!
Türk dünyasının öndərlərindən olan Mustafa Kamal Atatürkün «Azərbaycanın dərdi bizim dərdimizdir, Azərbaycanın sevinci bizim sevincimizdir», ulu öndər Heydər Əliyevin «Biz bir millət, iki dövlətik» müdrik kəlamları hər iki ölkədə aforizmə çevrilib. Bu qiymətli kəlamları müasir dövrümüzün mənzərisinə uyğun ifadə edən Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan «Azərbaycan bizim ailəmizin üzvüdür» söyləyir. İki qardaş ölkə arasındakı tarixi köklərə əsaslanan birliyin sarsılmazlığını «Mən dünyada siyasi sahədə Türkiyə və Azərbaycan kimi ikinci müttəfiq tanımıram» sözləri ilə zənginləşdirən Prezident İlham Əliyev onu da bildirir ki, bu iki xalq qədər biri-birinə dost, qardaş xalqlar ola bilməz. Bu birlik və həmrəyliyin əbədiliyini yaşadan hadisələr hər iki xalqı ümumi maraqlar baxımından da birləşdirir.
... 1918-ci ildə Türkiyənin Qafqaz İslam Ordusunun əsgərləri azərbaycanlı qardaşlarını erməni –bolşevik soyqırımından xilas etdi. Xalqına müraciətində «Ya istiqlal, ya ölüm» söyləyən və yeni Türkiyə yaradan Mustafa Kamal Atatürkə azərbaycanlı qardaşların dəstəyi Türkiyə –Azərbaycan birliyinin sonrakı illərdəki həmrəyliyinə təməl oldu. Azərbaycan müstəqilliyini qazandıqdan sonra hər iki qardaş ölkənin birgə səyinin nəticəsi olan qlobal enerji, nəqliyyat layihələrinin reallaşması təkcə regionun deyil, Avropa ölkələrinin enerji təhlükəsizliyini təmin edir. Dağlıq Qarabağ münaqişəsi başlanan gündən Azərbaycanın yanında olan, ərazi bütövlüyümüz üçün siyasi dəstəyini əsirgəməyən, Ermənistanla əlaqələrini donduran Türkiyənin işğalçıya tətbiq etdiyi məhdudiyyət bu gün də davam edir.
Türkiyədə xarici qüvvələrin təhriki ilə törədilən «Gezi park» təxribatında, «Mavi Mərmərə» gəmisinə hücümda , aeroportda törədilən terror hadisəsində qardaş ölkə ilə həmrəyliyini bildirən, erməni soyqırımını tanımayanlara cəza tətbiqini nəzərdə tutan Fransa Konstitusiya Məhkəməsinin, ABŞ Konqresinin Xarici Əlaqələr Komitəsinin «erməni soyqırımı» ilə əlaqədar qəbul etdikləri ədalətsiz qərarlara rəsmi etirazını bildirən Prezident İlham Əliyev qardaş türk xalqına siyasi, mənəvi dəstək göstərməklə, daşnakların etnik təmizləmə, işğalçılıq əməllərini pisləməklə bu dostluğun sarsılmazlığını dünya birliyinə çatdırdı.
«Sürix protokolu»nun gerçəkləşməsinə çalışan, əslində Cənubi Qafqazda maraqlarını həyata keçirmək istəyən dövlətlərin planlarını boşa çıxaran Türkiyə-Azərbaycan birliyi, 15 iyul 2016-cı ildə qardaş ölkədə törədilən dövlət çevrilişinə cəhd zamanı Türkiyə xalqı ilə həmrəyliyini bildirən Azərbaycan ictimaiyyəti qardaşları ilə eyni narahatlıqlarını ifadə etdilər. Hər iki ölkənin iqtisadiyyatının möhkəmlənməsində böyük əhəmiyyətə malik sənaye müəssisələrinin açılması, hərbi əməkdaşlığın genişləndirilməsi, illərdən bəri qorunan milli-mənəvi dəyərlərin yaşadılması xalqlarımızın eyni kökdən qaynaqlanan tarixinə sadiqlik, bu günümüzü birləşdirən körpülərdir.
Bu tarixi məqamları xatırlatmaqda məqsəd Prezident İlham Əliyevin Yunanıstanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Nikolaos Piperiqkosun etimadnaməsini qəbul edərkən Türkiyə- Azərbaycan dostluğunun sarsılmazlığı ilə bağlı gətirdiyi arqumentlərin hər iki ölkədə yaratdığı ruh yüksəkliyini diqqətə çatdırmaq,
lider qətiyyətini, iradəsini göstərməkdir.
Cari ilin iyul ayında işğalçı dövlətin Azərbaycan- Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində törətdiyi təxribat zamanı qardaş ölkə rəsmilərinin dəstəyi, Ermənistana «ağlını başına yığ» mesajı bütün dünyaya bir həqiqəti çatdırdı: Türkiyə ilə Azərbaycan daim birlikdədir.
Həmin hadisədən sonra Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlıq haqqındakı Sazişə əsasən, illik plana uyğun respublikamızda hər iki ölkənin quru qoşunları və hərbi-hava qüvvələrinin iştirakı ilə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki uçuş təlimlərinin keçirilməsi, qardaş ölkənin yüksək səviyyəli hərbi heyəti təmsil edən nümayəndələrinin Azərbaycana səfəri ölkələrimiz arasındakı milli birlik və həmrəyliyin bütün sahələri əhatə etdiyinə nümunə idi. Yunanıstanın yeni səfiri ilə görüşündə bütünlükdə dünya siyasətinin aktual problemlərinə, hadisələrə beynəlxalq qanunlara əsaslanan məntiqlə aydınlıq gətirən Prezident İlham Əliyev diplomata diplomatiya tarixində az təsadüf olunan ustad dərsi keçdi.
Bütün görüşlərində, müsahibələrində səmimi olan, ədalət prinsiplərinə hörmətlə yanaşan, hadisələrə çoxvektorlu təcrübəsi, düşüncə tərzi ilə yanaşıb, qiymətləndirən Prezident İlham Əliyev Yunanıstanın səfiri ilə görüşündə də xarakterinə, üslubuna sadiq qaldı. “Sözsüz ki, diplomatların özlərinə məxsus ünsiyyət üslubu olur. Mən diplomatlar hazırlayan institutda təhsil almışam. Ona görə də mən diplomatik dilin nə olduğunu bilirəm. Lakin zənnimcə, yaxşı olar ki, harada olduğumuz, nə istədiyimiz və necə irəli getməyimizlə bağlı aydın anlayışa sahib olmaq üçün bir-birimizin mövqelərimizi bilək”” sözləri ilə münasibətini ifadə edən, açıq fikirli cənab İlham Əliyev dövlət başçısı kimi dövlətimizin dünyanın siyasi, iqtisadi mənzərəsində möhkəmlənən qüdrətindən söz açaraq, əvvəlki illərdə Yunanıstanla olan iqtisadi əlaqələrə mənfi təsir göstərən səbəblərə də aydınlıq gətirdi. Avropanın enerji təhlükəsizliyində önəmli yeri olan Azərbaycanın dünyada tanınan neft şirkəti SOCAR ilə Yunanıstanın qaz şirkəti «DESFA»” arasındakı narazılıqların başqalarının siyasi maraqları baxımından uğursuzluqla nəticələnməsinin səbəblərini diqqətə çatdırdı. Yunanıstanın əvvəlki hökumətinin Azərbaycana olan mənfi münasibəti səbəbindən yaranan anlaşılmazlıqları şərh etdi. “Beləliklə, bu, çox məyusedici məsələ idi və əlbəttə ki, düşünürəm, bizim əlaqələrimizə ciddi təsir etdi. Lakin yenə də deyirəm, bu, Azərbaycanın təşəbbüsü deyildi. Azərbaycan hər zaman əlaqələrin inkişafını dəstəkləyib. Yeri gəlmişkən, siz sözsüz ki, bilirsiniz, TAP Azərbaycan qazının nəqli üçün yeganə variant deyildi. Azərbaycan qazının Türkiyə ərazisinə çatandan sonra nəql olunması üçün bir neçə variant var idi. Fərqli istiqamətdə ola bilərdi. Lakin TAP-ın seçilməsi həm də investorlar, xarici neft şirkətləri və Azərbaycan tərəfindən verilmiş qərar idi. Başqa sözlə, biz öz tərəfimizdən Yunanıstana müsbət jest etdik» söyləyən Prezident İlham Əliyev belə tərəddüdlü münasibətlərin bölgədə, Cənubi Qafqazda siyasi gərginliyə təsirinə də münasibətini açıqladı : «Mənim sizinlə qaldırmaq istədiyim, sizin bunu digər mənbələrdən deyil, məndən eşitməyinizi istədiyim ikinci məsələ Ermənistan, Yunanıstan və Kipr arasında hərbi əməkdaşlıqla bağlı narahatlığımızdır. Bildiyiniz kimi, Ermənistan bizim ərazilərimizi işğal etmiş ölkədir. Xocalıda soyqırımı aktı törədib, bir milyon azərbaycanlını evlərindən didərgin salıb, tarixi, mədəni, dini abidələrimizi dağıdıb, işğal edilmiş ərazilərdə etnik təmizləmə siyasəti həyata keçirib, beynəlxalq hüququ pozur, BMT Təhlükəsizlik Şurasının və başqa təşkilatların qətnamələrinə əməl etmir. Yeri gəlmişkən, iki il əvvəl Avropa İttifaqı və Azərbaycan «Tərəfdaşlıq prioritetləri»” adlı sənədi paraflayıblar. Orada Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını dəstəkləyir.»
Görüş zamanı təxribatçı, terrorçu, separatçı, Azərbaycanın düşməni olan Ermənistanın istənilən ölkə ilə sıx hərbi əməkdaşlığından narahatlığını bildirən cənab İlham Əliyev Rusiyadan Ermənistana Xəzəryanı dövlətlərin hava məkanı vasitəsilə silah-sursatların, avadanlıqların daşınmasını da regionda gərginliyin artmasının başlıca səbəbi kimi diqqətə çatdırdı. «Bunu, sadəcə, sizə demirəm. Biz bu məsələni rusiyalı tərəfdaşlarımızla da qaldırmışıq ki, Ermənistanla hərbi əməkdaşlıq bizi narahat edən məsələdir. Çünki bu, Azərbaycan üçün mühüm təhdid törədir, çünki bu silahlardan istifadə edərək onlar bizim hərbçilərimizi, mülki şəxsləri öldürürlər» söyləyən Prezident İlham Əliyev Ermənistan, Yunanıstan və Kipr formatının yaratdığı gərginlikdən narahatlığını səfirin simasında təmsil olunduğu dövlətin diqqətinə çatdırdı.
Bir neçə vaxtdır ki, dünya siyasətinin gündəmində olan Türkiyə ilə Yunanıstan arasında Şərqi Aralıq dənizi regionunda yaranan gərginliyə diplomatik tərzdə münasibət bildirən Prezident İlham Əliyev qardaş ölkə ilə həmrəyliyini «Sizə deyə bilərəm və bu sirr deyil ki, Türkiyə təkcə bizim dost və tərəfdaşımız yox, bizim üçün qardaş ölkədir. Biz heç bir tərəddüd etmədən Türkiyəni dəstəkləyirik və bütün hallarda dəstəkləyəcəyik. Biz eyni dəstəyi türk qardaşlarımızdan da görürük. Onlar Azərbaycanı bütün məsələlərdə dəstəkləyirlər və biz onları bütün məsələlərdə dəstəkləyirik, o cümlədən Şərqi Aralıq dənizində kəşfiyyat məsələsi ilə bağlı» sözləri ilə ifadə edərək bu məsələdə Azərbaycan xalqının, hökumətinin rəsmi və dəyişilməz mövqeyini bütün dünya ictimaiyyətinə çatdırdı. Əlavə olaraq bildirdi ki, bütün məsələlərdə biz onların yanında olacağıq. Prezident İlham Əliyevin Türkiyə ilə həmrəylik çağırışının qardaş ölkənin mətbu orqanlarında manşetə çıxarılması, rəsmi dövlət nümayəndələri tərəfindən yüksək dəyərləndirilməsi Yunanıstanla eyni blokda birləşən Ermənistana, onu dəstəkləyənlərə də ciddi xəbərdarlıqdır.
«Toxunulası bir müsbət məsələ tapmaq istəyirəm, amma əfsuslar olsun ki, tapa bilmirəm» sözləri ilə bu ölkə ilə əməkdaşlıq üçün elə bir mühüm sahənin olmadığını bildirən, bütün dövlətlərlə qarşılıqlı əməkdaşlığın tərəfdarı olan Prezident İlham Əliyev Yunanıstanın
Azərbaycana qarşı siyasətini yenidən nəzərdən keçirəcəyinə də ümid edir: «Lakin əlbəttə ki, bu, Yunanıstan hökumətinin siyasəti və mövqeyindən asılı olacaq.» Təbii ki, Azərbaycanın maraqları nəzərə alınmaqla.
Xuraman İsmayılqızı, «İki sahil»