04 dekabr 2020 17:35
1626

Azərbaycan dünyada qlobal problemlərin həllinə töhfə verməyə qadir ölkə kimi tanınır və nüfuz qazanır

Dövlətimizin başçısı İlham Əliyevin  BMT Baş Assambleyasının COVID-19 pandemiyası ilə mübarizəyə həsr edilmiş dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyasının keçirilməsi təşəbbüsünün dəstəklənməsi və reallaşması bunu bir daha təsdiqləyir

2020-ci il  bütün dünya üçün COVID-19-la mübarizə ili, ölkəmiz üçün isə bununla yanaşı, eyni zamanda, «Dağlıq Qarabağ münaqişəsi» termininin arxada qaldığı qalibiyyət ili kimi yadda qalacaq. Azərbaycan hər iki cəbhədə mübarizə aparmaqla bərabər, qlobal  problemlərin həllinə töhfələrini də əsirgəmir,  birgə səylərin göstərilməsinin, təcrübə mübadiləsinin vacibliyini önə çəkərək dünyanı bir araya gətirən təşəbbüslərlə çıxış edir. Koronavirus infeksiyasına qarşı mübarizə tədbirlərinə başlandığı gündən cənab İlham Əliyev «Koronavirus pandemiyası qlobal təhlükə olduğu üçün qlobal cavab tələb edir. Pandemiyanın ilk günlərindən etibarən bəzi ölkələr və beynəlxalq təşkilatların koronavirus qarşısında çaşqın qalmasının, özünəqapanma yolunu seçməsinin şahidi oluruq. Pandemiyanın dünyanı bürüdüyü indiki şəraitdə dünyanın həmrəyliyə və əməkdaşlığa ehtiyacı vardır» söyləyərək  birgə  addımların atılmasını əsas amil kimi önə çəkdi. Dövlətimizin başçısının təşəbbüsü ilə Türk Şurasının, Qoşulmama Hərəkatının Zirvə görüşlərinin keçirilməsi bunun bariz nümunəsidir. Cənab İlham Əliyev Türk Şurasının Zirvə görüşündə bu əminliyi ifadə etmişdir ki, səhiyyə xidmətləri sahəsində əməkdaşlığımız, o cümlədən tibb mütəxəssislərinin təcrübə mübadiləsi, birgə tibbi komissiyaların yaradılması üçün yaxşı imkanlar vardır. Gördüyümüz bu tədbirlər vətəndaşlarımızın sağlamlığının qorunması və pandemiyanın doğurduğu sosial-iqtisadi fəsadların yüngülləşdirilməsi, iqtisadiyyatlarımızın davamlı inkişafının təmin edilməsi məqsədi daşıyır. Ölkələrimiz və xalqlarımız bu ağır vəziyyətin öhdəsindən layiqincə gələcək və pandemiyaya qarşı qlobal mübarizəyə öz layiqli töhfəsini verəcək.

   Qoşulmama Hərəkatının “COVID-19-a qarşı birlikdəyik” mövzusunda keçirdiyi  Zirvə görüşündə də dövlətimizin başçısı bildirmişdir ki,  qarşılıqlı dəstək, özünəqapanmama və yalnız birgə səylərlə bu virusa  qalib gələ bilərik.

   120 ölkəni özündə birləşdirən Qoşulmama Hərəkatı BMT Baş Assambleyasından sonra ən böyük beynəlxalq təsisatdır. Ölkə Prezidenti bu inamı da ifadə etmişdir ki,  Azərbaycanın sədrliyi dövründə birgə səylərimizlə Qoşulmama Hərəkatının beynəlxalq nüfuzunu, beynəlxalq aləmdə oynadığı rolunu artırmaq əzmindəyik. Ölkələr arasında dostluq, həmrəylik və qarşılıqlı dəstək xüsusi rol oynayır. Həmin Zirvə görüşündə «Razılığınız olarsa, qlobal həmrəyliyin nümunəsi kimi Qoşulmama Hərəkatının üzv ölkələri olaraq BMT Nizamnaməsində nəzərdə tutulan Baş Assambleyanın COVID-19 pandemiyasına həsr olunmuş dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə çıxış edə bilərik» söyləyən cənab İlham Əliyev bu çətin dövrdə  bir daha bütün dövlətləri dostluğa, qarşılıqlı dəstəyə və həmrəyliyə çağırmışdır.

  Bu təşəbbüs həm Qoşulmama Hərəkatı ölkələri, həm də  BMT-yə üzv olan digər dövlətlər tərəfindən dəstəkləndi.  130-dan çox ölkə öz rəsmi dəstəyini ifadə etdi. Qeyd edək ki, BMT tarixində 31 xüsusi sessiya keçirilmişdir. Bunlardan yalnız üçü dövlətlər tərəfindən çağırılmışdır. Lakin Azərbaycanın təklifi ilə xüsusi sessiya ilk dəfə olaraq dövlət və hökumət başçıları səviyyəsində və videokonfrans formatında oldu.   Beləliklə, dövlətimizin başçısı İlham Əliyev öz önəmli təşəbbüsü ilə BMT tarixində bir ilkə imza atdı.

 2020-ci ilin iyulun 10-da xüsusi sessiya rəsmi olaraq öz işinə başlamışdır. Çoxsaylı müzakirələr zamanı xüsusi sessiyanın sədrliyi, keçirilmə qaydaları və digər önəmli məsələlər haqda qərarlar verilmişdir. Müzakirələrin sonunda, 5 noyabr 2020-ci il tarixində BMT Baş Assambleyası öz plenar iclasında “Koronavirus xəstəliyi (COVID-19) pandemiyasına cavab olaraq Baş Assambleyanın Xüsusi sessiyası” ilə bağlı qətnaməni qəbul etmişdir. 150 ölkə bu qətnamənin lehinə səs verərək Prezident İlham Əliyevin təşəbbüsünü növbəti dəfə dəstəkləmişdir. Qətnaməyə əsasən, Azərbaycan Respublikasının Prezidenti tərəfindən Qoşulmama Hərəkatına üzv ölkələri adından irəli sürülən təşəbbüs əsasında BMT Baş Assambleyasının COVID-19-a qarşı mübarizəyə həsr olunmuş, dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyasının bu ilin 3-4 dekabr tarixlərində keçirilməsi qərara alınmışdır.

Ermənistan isə hətta qlobal təhdid ilə mübarizədə belə öz çirkin niyyətindən əl çəkməmişdir. Bütün dünya birliyi COVID-19 pandemiyasına qarşı vahid mövqe nümayiş etdirdiyi halda, Ermənistan əvvəldən bu təşəbbüsə qarşı çıxmışdır. Bu qətnamə ilə bağlı müzakirələrdə də Ermənistan ona qarşı çıxmış və lehinə səs verməmişdir. Ermənistan sonuna kimi bu təşəbbüsə qarşı maneələr yaratmağa çalışmış, lakin beynəlxalq ictimaiyyətin qəti mövqeyi ilə üzləşmiş və onun bu cəhdləri rədd edilmişdir. Qeyd edək ki, Ermənistan açılış mərasimində Qoşulmama Hərəkatının sədrinin çıxışının olmaması üçün cəhdlər etmiş, lakin öz məqsədinə nail ola bilməmişdir.

  Günümüzün reallığı budur ki, COVID-19 pandemiyası kimi qlobal təhdidə qlobal bir cavab lazımdır. BMT bütün dünya dövlətlərinin təmsil olunduğu ən böyük beynəlxalq platforma kimi bu cavabın təşkilində mərkəzi rol oynamalı idi. Bu mənada bəşəriyyətin BMT-dən böyük gözləntiləri var. Təəssüf ki, pandemiyanın ilk günləri göstərdi ki, BMT effektiv şəkildə bu təhdidə qarşı mübarizəni təşkil edə bilmədi. Xüsusilə BMT Təhlükəsizlik Şurası öz effektivliyini nümayiş etdirmədi və bu vacib məsələ ilə bağlı vahid mövqe ortaya qoymadı.  Sanki BMT və onun Təhlükəsizlik Şurası sadəcə texniki məsələləri müzakirə edirdi və pandemiyaya qarşı mübarizədə kənarda qalmışdı.  Onların əsas müzakirə predmeti pandemiya dövründə iclasların necə keçirilməsi, onlayn formatda müzakirələrin necə təşkil olunması idi.  Məhz Prezident İlham Əliyevin vaxtında irəli sürülmüş təşəbbüsü həm Qoşulmama Hərəkatının üzvlərini, həm də bütün BMT-ni sanki səfərbər etdi və aktiv şəkildə pandemiyaya qarşı müzakirələrə başlanıldı. İnamla demək olar ki, pandemiya ilə mübarizədə qlobal liderlik rolunu məhz Prezident İlham Əliyev öz üzərinə götürdü və bu vacib missiyada BMT-nin fəaliyyətinə təkan verdi. Bu təşəbbüs pandemiyaya qarşı mübarizədə müstəsna əhəmiyyətə malikdir və inanırıq ki, bu müzakirələr nəticəsində bəşəriyyəti pandemiyanın əlindən xilas edə biləcək önəmli qərarlar veriləcək. Bu prosesdə BMT-dən sonra ikinci ən böyük təsisat olan Qoşulmama Hərəkatı da böyük rol oynadı. Qoşulmama Hərəkatı üzvləri Prezident İlham Əliyevin təşəbbüsünü ilk gündən dəstəklədilər. Hazırda Azərbaycan bu önəmli beynəlxalq təsisata uğurla sədrlik edir və pandemiyaya qarşı dövlət və hökumət başçıları səviyyəsində BMT Baş Assambleyasının xüsusi sessiyasının açılış mərasimində QH sədri kimi Prezident İlham Əliyevin çıxışı ölkəmizin Qoşulmama Hərəkatına  sədrliyinin növbəti böyük uğurudur. Dekabrın 3-də Nyu-Yorkda BMT Baş Assambleyasının COVID-19 pandemiyası ilə mübarizəyə həsr edilmiş dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyasında çıxışı zamanı dövlətimizin başçısı İlham Əliyev bu gün dünya üçün ən böyük təhlükə olan COVID-19 pandemiyası ilə mübarizədə beynəlxalq ictimaiyyətin birgə səylərinə çox böyük ehtiyac olduğunu önə çəkərək bildirmişdir ki, hazırda dünya pandemiyanın növbəti dalğası ilə üzləşib. Azərbaycanda virusla mübarizə sahəsində həyata keçirilən davamlı tədbirlərdən geniş bəhs edən cənab İlham Əliyev vurğulamışdır ki, pandemiya başlayandan bəri Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatı ilə sıx təmasdadır. Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanı pandemiya ilə mübarizədə nümunəvi ölkə adlandırmışdır. Quruma toplam 10 milyon dollar həcmində iki dəfə könüllü maliyyə töhfəsi edildiyini önə çəkən dövlətimizin başçısı bu məqamı da xüsusi qeyd etmişdir ki, bununla yanaşı, bugünədək Azərbaycan 30-dan artıq ölkəyə humanitar və maliyyə yardımı göstərib.

 Keçirilən hər bir beynəlxalq əhəmiyyətli tədbirlərdə Dağlıq Qarabağ problemindən, Ermənistanın təxribatlarından bəhs edən ölkə Prezidenti xüsusi sessiyada  diqqəti 44 gün davam edən İkinci Qarabağ müharibəsinə yönəldərək bu müddətdə Ermənistan silahlı qüvvələrinin törətdikləri hərbi təxribatları, Azərbaycan Ordusunun sentyabrın 27-dən 10 noyabr üçtərəfli Bəyanatının imzalanmasına qədər göstərdiyi şücaəti  diqqətə çatdırmışdır.  «O vaxtdan etibarən, təqribən bir aydır ki, atəşkəsə əməl olunur. Atəşkəsə Nəzarət üzrə Birgə Monitorinq Mərkəzi vasitəsilə Türkiyə və Rusiya atəşkəsin təmin edilməsi işində vacib rol oynayır» söyləyən cənab İlham Əliyev bu məqamı bir daha dünya ictimaiyyətinə çatdırdı ki,  Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi hərbi-siyasi yollarla həll edildi. Beynəlxalq hüquqa məhəl qoyulmadığı üçün BMT Təhlükəsizlik Şurasının qətnamələrinin güc yolu ilə icrası qaçılmaz idi. Nəticədə təcavüzkar dövlət sülhə məcbur edilmişdir.

   Dövlətimizin başçısı İlham Əliyev çıxışında işğalçı Ermənistanın BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi təşəbbüsünün əleyhinə olmasına da diqqəti yönəldərək bunun  yeganə səbəbinin təşəbbüsün  Azərbaycan tərəfindən irəli sürülməsi olduğunu bildirmişdir.

    Göründüyü kimi, gerçəkləşdirilən hər bir beynəlxalq əhəmiyyətli tədbir əhatə etdiyi mövzu ilə yanaşı, bu təşəbbüsü irəli sürən dövlətin, ölkə başçısının beynəlxalq aləmdə nüfuzuna da aydınlıq gətirir. Azərbaycanın bu gün beynəlxalq münasibətlər sistemində yeri və rolu göz qabağındadır. Müstəqil siyasəti ilə xarici siyasətdə davamlı uğurlara imza atan Azərbaycan regional inkişafın aparıcı qüvvəsinə çevrilmiş, dünya birliyində etibarlı tərəfdaş kimi nüfuz qazanıb. Dövlətimizin başçısı İlham Əliyevin çıxışlarının mahiyyətində bu məqam da yer alır ki, Azərbaycanın sözü imzası qədər əhəmiyyətlidir. Ölkəmizin, dövlətimizin başçısı  İlham Əliyevin təşəbbüsü ilə gerçəkləşən hər bir beynəlxalq tədbir dövlətlər, xalqlar arasında  əlaqələri daha da möhkəmləndirir, birliyə, həmrəyliyə böyük töhfədir.  44 günlük müharibədə Azərbaycanın siyasi qələbəsi  xarici siyasətində önəm verdiyi prinsiplərə bir daha işıq saldı: Beynəlxalq hüququn norma və prinsipləri əsasdır, bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı hörmət və maraqlar əsasında  əlaqələr qurulur, Azərbaycan heç bir dövlətin diktəsi ilə oturub durmur, siyasətində müstəqildir və dövlət maraqları öndə dayanır.

    İstər ölkə, istərsə də beynəlxalq ekspertlər bu reallığı da qeyd edirlər ki, irəli sürülən təşəbbüslərin dəstəklənməsində Azərbaycan Prezidentinin şəxsi nüfuzu da əsas rol oynayır.  Dövlətimizin başçısı İlham Əliyevin natiqlik məharəti, diplomatik təcrübəsi, dünya miqyaslı siyasi lider obrazı, nitqinin məntiqi ardıcıllığı, hər bir fikrini dəlillərlə əsaslandırmaq bacarığı 44 gündə 30-a yaxın xarici mətbuata verdiyi müsahibələrində bir daha özünü təsdiqləməklə yanaşı, ona olan etimadı, inamı artırdı. Mövqeyindən bir addım  belə geri çəkilməmək istəyini real addımları ilə nümayiş etdirən Prezident İlham Əliyevin qətiyyəti sayəsində Azərbaycan yeni reallıqlar, bölgədə yeni  əməkdaşlıq formatı yaratdı.  29 illik müstəqillik tarixinə malik olan gənc bir dövlətin   dünyanın xarici siyasətini yenidən formalaşdırması cənab İlham Əliyevin qətiyyətinin, siyasi iradəsinin nəticəsidir.  Azərbaycan  dünyada  qlobal  problemlərin həllinə töhfə  verməyə qadir ölkə kimi   tanınır və nüfuz qazanır.

Yeganə Əliyeva,

«İki sahil»