16 may 2020 18:52
537

Azərbaycanın beynəlxalq arenada növbəti uğuru

Bu gün dünyada COVID-19 epidemiyasının yayılmasının yaratdığı narahatlıqla əlaqədar bir çox beynəlxalq tədbirlər təxirə salınır, koronavirus təhlükəsi ucbatından əksər ölkələrin liderləri əhali ilə təmaslarını belə dondurublar. Koronavirus pandemiyası çoxsaylı insan ölümlərinə səbəb olmaqla yanaşı, dünya ölkələrini bir sıra iqtisadi, maliyyə, səhiyyə və sosial problemlərlə də baş-başa qoyub. Dünyanın aparıcı ölkələri belə hazırda pandemiyanın yaratdığı fəsadları aradan qaldırmaq, bu bəladan daha az itki ilə çıxmaq üçün yollar axtarırlar. Lakin sevindirici haldır ki, düşünülmüş və məqsədyönlü siyasəti ilə nümunə olan Azərbaycan bu məsələdə də müsbət mənada fərqlənir. Bütün dünyanı cənginə almış koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması istiqamətində Prezident İlham Əliyevin atdığı addımlar, əhalinin sağlamlığının qorunması üçün gördüyü işlər Azərbaycan vətəndaşları tərəfindən böyük rəğbətlə qarşılanır.

Mayın 4-də Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşü keçirildi. Beləliklə, çox qısa bir vaxt ərzində Azərbaycanın dövlət başçısı Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşündən sonra ikinci dəfə dünya liderlərini bir araya toplamağa müvəffəq oldu. 

Zirvə görüşünə BMT Baş Assambleyası sədrinin, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktorunun, Afrika İttifaqı Komissiyası sədrinin qatılması, BMT-nin Baş katibi Antonio Quterreşin və Avropa İttifaqının ali nümayəndəsi və Avropa Komissiyasının vitse-prezidenti Cozef Borrellin videomüraciət ünvanlaması, habelə Zirvə görüşünü təşkil etdiyi və pandemiya ilə mübarizəyə ciddi əməli töhfələr verdiyinə görə Azərbaycan Prezidentinin fəaliyyətinin təqdir olunması, dövlət başçımıza çoxsaylı təşəkkürlərin bildirilməsi ölkəmizin və onun liderinin beynəlxalq arenada yüksək nüfuzunun əyani göstəriciləridir. Təsadüfi deyil ki, BMT-nin Baş katibi videomüraciəti zamanı koronavirus pandemiyasına qarşı yeganə cavabın cəsarətli, uzaqgörən və birgə rəhbərlik olduğunu bildirib. Eyni zamanda, o, Azərbaycan Prezidentinə belə bir görüşü çağırmasına görə təşəkkür edərək, BMT-nin Prezidentimizin səylərini dəstəklədiyini xüsusi vurğulayıb.

İnfeksiyaya yoluxma faktı qeydə alınan ilk gündən Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatı ilə yaxından əməkdaşlıq şəraitində əhalinin sağlamlığının qorunması və pandemiyanın daha geniş yayılmasının qarşısının alınması istiqamətində mühüm addımlar atıb.  Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus Azərbaycanın təşkilata verdiyi dəstəyi yüksək dəyərləndirib.

Beynəlxalq aləmdə baş verən proseslərin məntiqi elədir ki, məhz indiki vaxtda, dünyanın çoxqütblü olduğu, geosiyasi xəritədə yenidən qarşıdurma vəziyyətində olan bloklar və koalisiyalar yarandığı şəraitdə soyuq müharibə başa çatandan sonra bir qədər zəifləmiş Qoşulmama Hərəkatının rolu yenidən Prezident İlham Əliyevin apardığı xarici siyasət kursu sayəsində artmaqdadır. Bu gün dünyada formalaşmış dünya nizamı yenidən pozulur, yeni güc mərkəzləri yaranır, dövlətlər arasında münasibətlərin xüsusiyyətləri dəyişir, köhnə ziddiyyətlər dərinləşir, ənənəvi tərəfdaşlar barrikadanın müxtəlif tərəflərində qalır, çoxillik rəqiblər isə geosiyasi və iqtisadi maraqların üst-üstə düşməsi zəminində ortaq dil tapırlar. Yeni lokal münaqişə ocaqlarının genişmiqyaslı müharibələrə çevrilməsi təhlükəsi yaranır, demokratiya bayrağı altında bir sıra ölkələrin dövlətçiliyi sarsıdılır. Bu şəraitdə Qoşulmama Hərəkatı dünya arxitekturasında tarazlaşdırıcı və çəkindirici amil kimi öz yerini tapmalıdır. Məhz bu missiyanı coğrafi cəhətdən kiçik, lakin dünya siyasətində kifayət qədər güclü mövqeyi olan Azərbaycan yerinə yetirməkdədir.

Azərbaycan nəinki milli səviyyədə COVID-19-a qarşı mübarizədə səmərəli tədbirlər görür, eyni zamanda, regional və qlobal səviyyədə də COVID-19-a qarşı həmrəyliyin və əməkdaşlığın gücləndirilməsinə öz əhəmiyyətli töhfəsini verir. Azərbaycan dövləti Prezidentimiz İlham Əliyevin uğurlu siyasəti nəticəsində ilk gündən koronavirusla mübarizənin ən effektiv nümunəsini ortaya qoydu.  Qoşulmama Hərəkatının koronavirusa qarşı Təmas Qrupunun Zirvə görüşü də bunun bir hissəsi idi...

Rüfət Əhmədov,
YAP Pirallahı rayon təşkilatının Gənclər Birliyinin sədri