03 sentyabr 2019 11:42
1417

Azərbaycanın dövlət müstəqilliyinin qarantı

Ulu öndər Heydər Əliyevin Naxçıvan MR Ali Məclisinin Sədri kimi gördüyü işlərin xronologiyası bu fikri böyük əminliklə söyləməyə əsas verir ki, bugünkü uğurlarımıza yol açan islahatların, yeniliklərin təməli məhz o illərdə qoyulub

“Mənim üçün hər şeydən əziz mənim xalqımdır, mənim vətənimdir, mənim torpağımdır” tezisi ulu öndər Heydər Əliyevin hakimiyyətinin bütün dövrlərində fəaliyyətinin əsasını təşkil etmiş, irəliyə doğru atılan addımlarında stimulverici amil rolunu oynamışdır.

Ümummilli Lider istər keçmiş sovetlər dönəmində, istər Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri olduğu vaxtlarda, istərsə də 1993-cü ildən sonra ölkənin siyasi, iqtisadi, sosial inkişafı naminə atdığı addımlarında bu məqamı xüsusi olaraq diqqətə çatdırmışdır ki, həyatı, fəaliyyəti bütünlüklə Azərbaycanın uğurlu gələcəyinə, beynəlxalq münasibətlər sistemində nüfuz qazanmasına həsr olunub. Arzusu, amalı Azərbaycanı daim müstəqil, iqtisadi cəhətdən dayanıqlı inkişaf etmiş, demokrtiya təcrübəsi digər ölkələrə örnək olan ölkə kimi görmək olub. Naxçıvan MR Ali Məclisinin Sədri işləyərkən Azərbaycanda hakimiyyətdə olan, ölkəni müstəqilliyini itirmək, bir dövlət olaraq dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qoyan AXC-Müsavat cütlüyünü təmsil edən siyasətbazların “Naxçıvanın muxtariyyəti ləğv olunmalıdır” kimi xəyanətkar təkliflərini ərazi bütövlüyümüzə və suverenliyimizə qarşı təxribat kimi dəyərləndirmiş, atdığı addımları ilə həmin şəxslərin siyasətdə naşı olduqlarını, idarəçilikdən xəbərsizliklərini bir daha onlara çatdırmışdır. Ümummilli Lider bildirmişdir: “Naxçıvanın muxtariyyatı tarixi nailiyyətdir. Biz bunu qoruyub saxlamalıyıq. Naxçıvanın muxtariyyəti Naxçıvanın əldən getmiş başqa torpaqlarının qaytarılması üçün ona xidmət edən çox mühüm amildir. Biz bu amili qorumalıyıq.”

Dahi şəxsiyyətin Naxçıvan MR Ali Məclisinin Sədri kimi gördüyü işlərin, atdığı addımların xronologiyasına diqqət yetirdikdə bu fikri böyük əminliklə deyə bilərik ki, bugünkü islahatların, yeniliklərin, dünyaya çağırışların təməli məhz o illərdə qoyulub.

Azərbaycanın dövlət müstəqilliyinin qorunması, möhkəmləndirilməsi ulu öndər Heydər Əliyevin fəaliyyətinin əsası olub. Xatırlasaq, onun Naxçıvandakı xidmətlərindən biri olan Yeni Azərbaycan Partiyasının yaradılması ilə bağlı “91-lər”in müraciətində də bu mühüm məqam öz əksini tapıb: “Azərbaycan Respublikasının dövlət müstəqilliyi əldə etməsi tarixi hadisədir və şübəhəsiz ki, bütün azərbaycanlıları, bütün Azərbaycan vətəndaşlarını hədsiz dərəcədə sevindirir. Eyni zamanda, bu əlamətdar hadisə müstəqil Azərbaycan dövləti, Azərbaycan xalqı qarşısında çox məsul, mürəkkəb, çətin vəzifələr qoyur. İndi əsas vəzifə dövlətçiliyin, müstəqilliyin bərqərar olunmasını, milli-demokratik dövlətin formalaşmasını, müstəqil Azərbaycanın suverenliyini, təhlükəsizliyini təmin etmək və vətəndaşlara azad, xoşbəxt, firavan həyat şəraiti yaratmaqdan idarətdir. Bu xeyirxah və şərəfli işə hər bir vətənpərvər layiqli töhfəsini verməlidir.”

Daim ölkəsinin, xalqının müstəqilliyi və azadlığı uğrunda çalışan ulu öndər Heydər Əliyev 1991-ci il sentyabrın 3-də Naxçıvan MR Ali Məclisinə Sədr seçilərkən fəaliyyətinə də elə bu mərhələdən başladı. Onun sədrliyi ilə keçirilən sessiyalar biri-birindən əhəmiyyətli məsələlərin müzakirə, qərarların qəbulu ilə yadda qalıb. Naxçıvan MSSR-in adının dəyişdirilməsi, dövlət atributları sayılan Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının bərpası, himn və gerbi üçün müsabiqə keçirilməsi barədə qərarların qəbulu da deyilənlərin təsdiqidir. 1990-cı ildə Bakıda törədilmiş 20 Yanvar hadisələrinə həsr olunmuş Azərbaycan SSR Ali Sovetinin yarımçıq dayandırılmış sessiyasını qətiyyətlə pisləyərək Naxçıvanda bu məsələnin müzakirəsini vacib hesab edən ümummilli lider Heydər Əliyev həqiqəti belə xarakterizə etmişdir: “Mən Azərbaycanın rəhbəri kimi Ermənistanın Dağlıq Qarabağın işlərinə qarışmasına yol vermirdim və bunu vətəndaş, azərbaycanlı kimi borcum bilirdim.” Yanvar hadisələri törədiləndə Moskvadakı Azərbaycan nümayəndəliyinə gedərək qırğını müstəqil bir dövlətin süverenliyinə qarşı törədilmiş siyasi aksiya hesab edən ulu öndər Heydər Əliyev Naxçıvanda işləyərkən faciəyə siyasi qiymət verilməsini, günahkarların cəzalandırılmasını qəti tələb etdi. Muxtar respublikada kommunist partiyasına məxsus bütün strukturları ləğv etdi. Bildirdi ki, çoxpartiyalılıq olmayan cəmiyyətdə demokratiyadan, inkişafdan söhbət gedə bilməz. Ulu öndər Heydər Əliyevin yenə də “91-lər”in müraciətinə cavabına diqqət yetirsək orada da bu fikirlər öz əksini tapıb: “Müstəqil Azərbaycanın dövlətçiliyinin möhkəmlənməsi hər şeydən əvvəl respublikada qanunların toxunulmazlığından, qanunun aliliyindən asılıdır. Totalitarizmdən tamamilə xilas olmaq yalnız demokratiyanın ardıcıl inkişafı, siyasi plüralizm, insan azadlığı şəraitində mümkündür. Söhbət söz, vicdan, seçib-seçilmək azadlığından gedir.”

Ümummilli Liderin Naxçıvandakı ən böyük xidmətlərindən biri də 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd olunması barədə qərarın qəbul edilməsidir. Ulu Öndər daim bu çağırışı edirdi ki, Azərbaycan bütün dünya azərbaycanlılarının Vətənidir. Harada yaşamasından asılı olmayaraq bütün soydaşlarımız bir amal-azərbaycançılıq ideyası ətrafında sıx birləşməlidir. Diaspor quruculuğu prosesi ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra dövlət siyasətinin əsas tərkib hissəsinə çevrildi. Onun təşəbbüsü ilə 2001-ci il noyabrın 9-10-da Dünya Azərbaycanılarının I qurultayının keçirilməsi diaspor quruculuğu prosesinin əsasını qoydu. Belə ki, dünyanın müxtəlif ölkələrinə səpələnmiş soydaşlarımızın vahid mərkəzdən idarə olunmaları onların həm Azərbaycan həqiqətlərinin təbliğində, həm də yaşadıqları ölkələrin həyatında baş verən ictimai-siyasi proseslərdə fəal iştiraklarında əhəmiyyətli rol oynadı. Bir daha bu çağırış olundu ki, Vətən birdir və hamı bu Vətən uğrunda çalışmalıdır.

Ulu Öndərin Naxçıvanda olarkən bütün Azərbaycan üçün ən böyük xidmətlərindən biri də respublikanın sərhədlərinin, Naxçıvanın ermənilər tərəfindən işğalının qarşısının alınmasına yönəldilmiş Qars müqaviləsinin yenilənməsi oldu. Blokadada qalan naxçıvanlıların çətin vəziyyətdən çıxması üçün qonşu İran və Türkiyə ilə əməkdaşlıq gücləndi. Naxçıvana hər iki qonşu dövlətdən ərzaq, sənaye malları, ən başlıcası isə yanacaq, enerji verildi. Türkiyə ilə qonşu dövlətlər arasında əlaqələrin möhkəmləndirilməsi üçün “Ümid körpüsü” salındı. Paytaxt Bakı ilə yeganə nəqliyyat yolunun intensiv fəaliyyəti üçün geniş imkanlara malik hava limanı, Bakıda Naxçıvan nümayəndəliyi açıldı.

Görülən işlərin miqyasının genişliyi ulu öndər Heydər Əliyevin torpaq, Vətən, xalq sevgisini bir daha nümayiş etdirir. Bu xidmətlər sırasında bu gün Azərbaycanın ictimai-siyasi həyatında aparıcı rol oynayan, ölkənin parlaq gələcəyinə böyük ümidlər yaradan Yeni Azərbaycan Partiyasının təsis konfransının keçirilməsini xüsusi qeyd etməliyik. 21 noyabr 1992-ci ildə müxtəlif bölgələrdən 550 nümayəndənin iştirakı ilə təsis konfransını keçirən Yeni Azərbaycan Partiyasının sıralarında bu gün 740 mindən artıq üzvün birləşməsi Heydər Əliyev ideyalarına sədaqətin, onun layiqli davamçısı Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin gələcəyinə inamın göstəricisidir.

Ulu öndər Heydər Əliyevin qısa vaxt ərzində Naxçıvanda Azərbaycan üçün gördüyü işlərin, həll etdiyi taleyüklü məsələlərin yalnız az bir hissəsini qeyd etdik. Azərbaycanın gələcəyi üçün müəyyənləşdirdiyi hədəflərin gerçəkləşməsi isə 1993-cü ildən, ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra başladı.

Müstəqilliyimizin ilk illəri hakimiyyətsizlik illəri kimi xarakterizə olunur. Əbəs yerə 15 iyun 1993-cü il Milli Qurtuluş Günü dövlətçilik tariximizin şanlı səhifəsi kimi dəyərləndirilmir. Qurtuluşdan başlanan yol Azərbaycana bugünkü uğurları qazandırdı. Ulu öndər Heydər Əliyevin uğurlu daxili siyasəti nəticəsində ölkə xaosdan, anarxiyadan, özbaşınalıqdan xilas oldu, inkişaf, tərəqqi dövrünə qədəm qoydu. Azərbaycan qısa müddətdə sabitlik diyarına çevrildi, ölkəyə investisiya axını sürətləndi. Ümummilli Lider bildirirdi ki, əgər respublikada ictimai-siyasi sabitlik olmasa, sağlam ictimai-siyasi mühit olmasa, heç bir sosial-iqtisadi proqramdan, yaxud problemlərin həll edilməsindən söhbət gedə bilməz. Ulu öndər Heydər Əliyevin gərgin səyləri nəticəsində 1994-cü il mayın 12-də atəşkəs sazişinin imzalanması ölkəmizdə sabitliyin daha da möhkəmlənməsini təmin etdi. Məhz həmin ilin sentyabrın 20-də tarixə “Əsrin müqaviləsi” kimi daxil olan neft sazişi imzalandı. Bununla Azərbaycanın dünya iqtisadi sisteminə inteqrasiyasının əsası qoyuldu. Bu saziş ölkəmizin iqtisadi imkanlarını artırmaqla yanaşı, beynəlxalq münasibətlər sistemində yeri və rolunu möhkəmləndirdi. Neft gəlirlərinin idarə olunmasında şəffaflıq prinsipinin yüksək səviyyədə qorunmasını təmin etmək məqsədilə Dövlət Neft Fondunun yaradılması da Ulu Öndərin uzaqgörən siyasətinin nəticəsidir. Məhz bu gün Dövlət Neft Fondunda toplanan vəsaitlərin düzgün istiqamətləndirilməsi nəticəsində mühüm sosial-iqtisadi layihələr həyata keçirilir ki, bunlar da öz növbəsində ölkənin hərtərəfli inkişafını təmin edir. Malik olduğu enerji resurslarından səmərəli istifadə etməklə iqtisadi qüdrətini artıran müstəqil dövlətimiz, eyni zamanda, əhalinin yüksək rifahının təmin olunması üçün ciddi addımlar atdı. Ulu Öndər bildirirdi ki, neft Azərbaycanın ən böyük sərvəti olub, xalqa, özü də təkcə indiki nəslə deyil, həm də gələcək nəsillərə mənsubdur. Dahi şəxsiyyətin ölkə iqtisadiyyatının inkişafında neft amilinə böyük dəyər verməsi də bugünümüzə hesablanmış inkişaf konsepsiyasının əsas tərkib hissələrindəndir. Məhz bu mühüm amilə söykənərək dövlətimizin başçısı İlham Əliyev neft siyasətinin məntiqi davamı olaraq qeyri-neft sektorunun inkişafı istiqamətində mühüm addımlar atır. Son 15 ildən artıq dövrdə ümumi daxili məhsulun 3 dəfədən çox artması özəl sektorun inkişafına diqqət və qayğının bariz nümunəsidir.

Azərbaycanın iqtisadi inkişafına geniş yol açan demokratik islahatlar sahəsində də ölkəmizin uğurları göz önündədir. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə işlənib hazırlanan və referendum yolu ilə qəbul olunan Konstitusiyamızda əksini tapan maddələrin üçdə iki hissəsi insan hüquq və azadlıqlarının qorunmasına xidmət edir. Ulu öndər Heydər Əliyev demokratik cəmiyyəti şərtləndirən atributlarının - insan hüquq və azadlıqlarının qorunması, azad mətbuatın yaradılması, çoxpartiyalı sistemin formalaşdırılması, seçkilərin demokratik və beynəlxalq standartlara uyğun keçirilməsinin təmin edilməsi istiqamətində biri-birindən əhəmiyyətli addımlar atdı. Bu uğurlarımız öz növbəsində Azərbaycanın beynəlxalq münasibətlər sitemində mövqeyinin möhkəmlənməsini şərtləndirdi. Belə ki, ölkəmiz iki və çoxtərəfli çərçivədə əlaqələrini genişləndirməklə həqiqətlərinin, ən əsası ermənilərin əsassız torpaq iddiasının baş qaldırması nəticəsində yaranan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyətinin dünya ictimaiyyətinə çatdırmaq imkanı qazandı. Ulu öndər Heydər Əliyevin “Azərbaycan dünyaya günəş kimi doğacaq” tezisi illər keçdikcə əldə olunan uğurların fonunda öz təsdiqini tapdı.

2003-cü ildən başlanan yol Heydər Əliyev siyasətinin təntənəsidir. Ulu öndər Heydər Əliyevin siyasətinə sadiqliyini atdığı hər bir addımı ilə təsdiqləyən dövlətimizin başçısı İlham Əliyev hər bir ölkənin inkişafında iqtisadiyyatın rolunu önə çəkərək, neft siyasətinin məntiqi davamı kimi qeyri-neft sektorunun prioritetliyini bəyan etdi. “Neft kapitalını insan kapitalına çevirək” tezisini irəli sürən cənab İlham Əliyev bildirir ki, inkişaf etmiş ölkələrin təcrübəsinə diqqət yetirsək görərik ki, ölkəni inkişafa aparan bilikdir, elmdir, yeni texnologiyalardır. Təhsilin, elmin və iqtisadiyyatın vəhdətliyinin qorunması yönümündə atılan addımlar özünü Azərbaycanın dünyanı bürüyən iqtisadi və maliyyə böhranından uğurla çıxmasında göstərdi.

İqtisadiyyatın şaxələndirilməsinə geniş yol açan neft-qaz sənayesində əldə olunan uğurlar da davamlılığı ilə diqqətdədir. “Yeni əsrin müqaviləsi”nin imzalanması, Cənub Qaz Dəhlizinin rəsmi açılışı, TANAP-ın, qardaş Türkiyədə “Star” neft emalı zavodunun istifadəyə verilməsi Azərbaycanın təşəbbüsləri gerçəkliyə çevirən, regional inkişafın aparıcı qüvvəsi, dünyanın enerji təhlükəsizliyinin təminatçısı kimi artan mövqeyinə bir daha işıq saldı. Enerji amilindən asılılığı minimuma endirmək üçün qeyri-neft sektorunun inkişafının vacibliyini qeyd edən cənab İlham Əliyev regionların malik olduğu potensialdan səmərəli istifadə etmək məqsədilə Dövlət proqramlarını təsdiqlədi və icrası istiqamətində ciddi səylər göstərir. İqtisadi imkanlar genişləndikcə əhalinin sosial müdafiəsi də yüksək səviyyədə təmin edilir. Azərbaycan beynəlxalq aləmdə ən islahatçı ölkə kimi tanınır. Müasirləşmə, yeniləşmə dövlət siyasətinin əsasında dayanır. Xarici siyasətində ikitərəfli, çoxtərəfli əməkdaşlıq əlaqələrinin qurulmasına xüsusi önəm verən Azərbaycanın bu sahədə uğurları da təqdirəlayiqdir. Azərbaycanın 2011-ci ildə 155 ölkənin dəstəyini qazanaraq BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi ölkəmizin beynəlxalq münasibətlər sistemində yeri və rolunun təqdimatıdır. Təbii ki, bu uğurlarımız yeganə problemimiz olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllini yaxınlaşdırır.

Ölkəmizdə demokratik təsisatların inkişafı istiqamətində davamlı addımlar atılır. Konstitusiyamıza əlavə və dəyişikliklərin edilməsi məqsədilə ümumxalq səsverməsinin keçirilməsi, “Siyasi partiyalar haqqında” yeni qanunun qəbulu, azad mətbuatın inkişafına yönələn KİV-lərə Dövlət Dəstəyi Konsepsiyasının qəbulu və bu sənədə uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti yanında KİV-lərə Dövlət Dəstəyi Fondunun yaradalması, jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılması üçün sərəncamların imzalanması, seçkilərin demokratik və beynəlxalq standartlara uyğun keçirilməsini təmin etmək üçün Seçki Məcəlləsinə mütəmadi əlavə və dəyişikliklərin edilməsi və sair deyilənlərə bariz nümunədir. Son 15 ildən artıq dövrdə əldə olunan uğurlar cənab İlham Əliyevin 2008, 2013 və 2018-ci il prezident seçkilərində qələbəsini təmin edib. Bu seçkilər, həmçinin ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasına milyonların sevgisini, inamını ortaya qoyur. YAP hər bir seçkini tarixinə uğur, qələbə səhifəsi kimi yazır.

Göründüyü kimi, Heydər Əliyev siyasətinin uğurlarının miqyası olduqca genişdir. Uğurlarımız gələcəyə nikbin baxmağa böyük əsas yaradır. Dövlətimizin başçısı İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə keçirilən rəsmi qəbulda söylədiyi  “Müstəqilliyin ilk illərində xalqımızın başına gələn bəlalar, işğal, vətəndaş müharibəsi, AXC-Müsavat cütlüyünün yarıtmaz fəaliyyəti demək olar ki, ölkəmizi məhv etmişdi. Ancaq biz dirçəldik. Nəyə görə? Məhz müstəqilliyə görə. Ona görə ki, bizim taleyimiz indi bizim əlimizdədir. Bizim gələcəyimiz etibarlı əllərdədir. Bugünkü Azərbaycan bir daha göstərir ki, müstəqillik ən böyük sərvətimizdir. Bu, həqiqətən də belədir. Müstəqillik ən böyük sərvətimizdir, ən böyük nemətimizdir, ən böyük xoşbəxtliyimizdir. Azərbaycanın müstəqilliyi əbədidir” fikirləri Heydər Əliyev yolunun aydın mənzərəsini yaradır.

Yeganə Cəlilqızı,

“İki sahil”