06 dekabr 2019 14:44
303

Azərbaycanın ekologiya tarixində əlamətdar gün

YAP İmadəddin Nəsiminin 650 illik yubileyi ilə bağlı keçirilən ağacəkmə kampaniyasında fəal iştirak etdi


Əli Əhmədov: Vətəndaşlar Birinci vitse-prezident Mehriban Əliyevanın bu təşəbbüsünü yüksək əhval-ruhiyyə ilə qarşılayırlar


Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə ölkə üzrə bir gündə 650 min ağac əkildi. Yeni Azərbaycan Partiyası (YAP) bu təşəbbüsə qoşularaq dekabrın 6-da ölkə üzrə keçirilən ağacəkmə kampaniyasında fəal iştirak etdi. Partiyanın rəhbərliyi və fəalları Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Şamaxı yolunda yerləşən Pirəkəşkül ərazisində keçirdiyi bu kampaniya çərçivəsində minlərlə ağac əkdilər.

Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini - İcra katibi, Baş Nazirin müavini Əli Əhmədov söylədi ki, bu günü Azərbaycanın ekologiya tarixində xüsusi gün adlandırmaq olar. “Nəsiminin 650 illik yubileyi münasibətilə Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə bir gündə 650 min ağac əkiləcək. Hesab edirəm ki, bu, miqyas etibarilə çox böyük aksiyadır”,-deyə Əli Əhmədov əlavə etdi.

Əli Əhmədov diqqətə çatdırdı ki, vətəndaşlar Birinci vitse-prezident Mehriban Əliyevanın bu təşəbbüsünü yüksək əhval-ruhiyyə ilə qarşılayırlar: “Azərbaycanın bir çox kənd və qəsəbələrində insanlar böyük coşqu ilə yaşıllıq zolağının salınmasına, ağacların əkilməsinə dəstək verərək kampaniyaya qoşulublar. Əkilən ağaclar Azərbaycanın ekoloji şəraitini daha da yaxşılaşdıracaq”.

Onun sözlərinə görə, yaşıllıq zolaqlarının salınması, yaşıllığa xidmət göstərilməsi insanların daha sağlam mühitdə yaşamaları üçün atılan addımdır. “Bir neçə ildən sonra bu ağaclar böyüyəcək və yaşıllıq zolaqları daha da artacaq, insanlar bunun faydasını görmüş olacaqlar”,-deyən Əli Əhmədov əlavə etdi ki, bütövlükdə Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi altında böyük quruculuq, abadlıq işləri görülür. Azərbaycanın müasirləşdiyini, kəndlərimizin, qəsəbələrimizin gözəlləşdiyini deyən Baş Nazirin müavini bildirdi ki, vətəndaşlar üçün rahat, əlverişli şərait yaradılır: “Vacib komponentlərdən biri də insanların yaxşı ekoloji mühitdə, təmiz hava şəraitində yaşamasının təmin edilməsidir. Bu ağacların əkilməsi həmin məqsədə xidmət göstərir. YAP kampaniyanı ürəkdən dəstəkləyən qurumlardan biridir. YAP-ın çoxlu üzvləri müxtəlif rayonlarda bu kampaniyada fəal şəkildə iştirak edirlər. Güman edirəm ki, ən fəal iştirak edən YAP-ın üzvləri olacaq. YAP və Ekologiya və Təbii Sərvətlər Nazirliyi digər layihə də həyata keçirir. Bu, əkilən ağaclara qulluq edilməsinin monitorinqinin keçirilməsi ilə bağlıdır”.

YAP-ın İcra Katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov isə bildirdi ki, bu, Azərbaycanda ekoloji mühitin yaxşılaşmasına, ölkənin daha da gözəlləşməsinə xidmət edən çox mühüm aksiyalardan biridir: “Ölkə üzrə 70-dən çox rayonda partiyanın nümayəndələri bu aksiyada iştirak edirlər. Yəni bu aksiyaya çoxsaylı insanlar qoşulub, onlar öz dəstəklərini əsirgəmirlər. Hətta deyərdim ki, bugünkü ağacəkmə kampaniyasında müxalifətin razılaşdırılmış və ya razılaşdırılmamış aksiyasında olduğundan daha çox insan iştirak edir. Onlar da vətəndaş, xalq, dövlət üçün səmərəli işlə məşğul olmalıdırlar, ağac əkməlidirlər, sosial layihələrə dəstək verməlidirlər. Dağıdıcı fəaliyyətlə, dövlət əleyhinə təbliğatla məşğul olmasınlar, xalqa xidmət etsinlər”.

İtaliyanın Azərbaycandakı səfiri Auqusto Massari qeyd etdi ki, bu aksiyanın keçirilməsi ilə bağlı təşəbbüs, eyni zamanda, ölkənin davamlı inkişaf məqsədləri ilə paralel fəaliyyət apardığını göstərir: “Bu da Azərbaycanın məqsədlərinə nail olmasına böyük töhfə verir. Bir gündə 650 min ağacın əkilməsi yaşıllıqların artırılmasına, qlobal iqlim dəyişikliyinin təsirlərinin azaldılmasına, karbon qazının intensiv udulmasına müsbət təsir göstərəcək”.

Səfir bildirdi ki, bu təşəbbüs insanları təbiətin qorunması istiqamətində həmrəy olmağa çağırır: “Ekoloji balansın pozulması dünyanı narahat edən bir məsələdir. Bu problemin aradan qaldırılması istiqamətində hər bir insan öz qüvvəsini sərf etməlidir. Odur ki, ekoloji problemlərin həlli istiqamətində Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın bu təşəbbüsü olduqca təqdirəlayiqdir”.

Milli Məclisin deputatı Sona Əliyeva qəzetimizə açıqlamasında ölkəmizin ekoloji mühitinin daha da yaxşılaşdırılmasında sözügedən aksiyanın rolunu olduqca yüksək qiymətləndirərək söylədi ki, dahi şair və mütəfəkkir İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə Birinci vitse-prezident Mehriban Əliyevanın bir gündə 650 min ağac əkilməsi təşəbbüsünə Yeni Azərbaycan Partiyası da qoşulub: “Bu, olduqca mühüm və əhəmiyyətli bir təşəbbüsdür, torpağımızın yaşıllaşmasına, ekologiyanın sağlamlaşmasına çox böyük töhfədir”.

İnsanların bu təşəbbüsə kütləvi şəkildə qoşulmasını vətəndaş birliyinə, dövlətə, xalqa, onun maraqlarına olan münasibət kimi dəyərləndirən Sona Əliyeva bildirdi ki, bu əsasda yaranan münasibətlər, bu əsasda formalaşan sabitlik, vətəndaş birliyi Azərbaycan dövlətinin maraqlarına çox vacib bir töhfədir və özlüyündə bu, həm də Yeni Azərbaycan Partiyasının bir dəstəyidir. YAP yarandığı vaxtdan bu günə kimi hər zaman belə aksiyaların təşəbbüskarı və iştirakçısı kimi çıxış edib. Bu gün də hamımız bir yerdəyik, çox gözəl əhval-ruhiyyəmiz var. Hesab edirəm ki, bu genişmiqyaslı kampaniyada fəal iştirak edəcəyik. Ölkəmizə, xalqımıza “Uğurlu olsun!” deyirik”.

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli qəzetimizə açıqlamasında aksiyanın əhəmiyyətindən danışaraq xüsusi vurğuladı ki, Azərbaycanda ağacəkmə kampaniyalarının keçirilməsi artıq ənənə halını alıb.

Onun sözlərinə görə, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən bu kampaniya insanların təbiətə qayğı ilə yanaşmasına, ekoloji mühitin sağlamlaşdırılmasına xidmət edir: “Partiyamızın rəhbərliyi və fəalları bu kampaniyada fəal iştirak edirlər. Eyni zamanda, bu mühüm kampaniya vətəndaşlar tərəfindən çox böyük maraqla və rəğbətlə qarşılanır, insanlar öz dəstəklərini ifadə edirlər”.

Cavid Əkbərov,
Vüsal Cahanov, (foto), 
“İki sahil”