01 iyul 2020 16:51
1229

Azərbaycanın koronavirusa qarşı ümumbəşəri mübarizəyə ciddi maddi və mənəvi dəstəyi

Prezident İlham Əliyevin pandemiyaya qarşı müəyyənləşdirdiyi siyasət təkcə rəhbəri olduğu xalqın deyil, həm də bütün bəşəriyyətin xilasına yönəlmişdir

Hər gün COVID-19 virusuna yoluxanlar və onun qurbanına çevrilənlərin sayı barədə ictimaiyyətə dəhşətli statistikalar açıqlanır. Hazırda dünya müstəvisində bu virusa yoluxanların sayı 10 milyonu, virusdan həyatını itiriənlərin sayı isə 500 mini ötüb keçib. Ancaq Azərbaycan xalqı olaraq bizlər şanslıyıq ki, pandemiyanın yayılmağa başladığı ilk günlərdən etibarən ölkə hakimiyyəti yüksək peşəkarlıqla addımlar ataraq, əhəmiyyətli və sistemli tədbirlər görərək virusun ölkə ərazisində sürətlə yayılmasının qarşısını qismən aldı və hazırda ölkəmizdə virusa yoluxanların, onun qurbanına çevrilənlərin sayı dünya statistikasının çox aşağısındadır. Dünyanın üz-üzə qaldığı, ən qüdrətli hesab olunan dövlətlərin belə qarşısında duruş gətirə bilmədiyi COVID-19 virusunun fəsadları ilə indiyə qədər ən ciddi mübarizə aparan ölkələr sırasında Azərbaycanın adı daim müsbət mənada fərqlənməkdədir. Azərbaycan dövləti virusa qarşı ciddi qabaqlayıcı addımlar atmış və zəruri profilaktik tədbirlər görmüşdür. Qeyd edək ki, Prezident İlham Əliyevin pandemiyaya qarşı müəyyənləşdirdiyi siyasət təkcə rəhbəri olduğu xalqın deyil, həm də bütün bəşəriyyətin xilasına yönəlmişdir. Azərbaycan koronavirusa qarşı ümumbəşəri mübarizəyə ciddi maddi və mənəvi dəstək verməklə, bütövlükdə, bu prosesə qoşulmaqla ortaya çox ciddi nəticələr qoymuşdur.

Təəssüf ki, bu günə kimi beynəlxalq münasibətlər sistemində BMT və onun əsas qurumları olan Baş Assambleya və Təhlükəsizlik Şurasının rolu hələ də görünmür, dünyanın aparıcı ölkələri qlobal liderlik əvəzinə geosiyasi rəqabət və özünü təcridə kökləniblər. Dünyanı bürüyən belə çətin bir qlobal vəziyyətdə böyük dövlətlərdən və beynəlxalq təşkilatlardan liderlik gözlənilsə də bu baş vermədi. Daha çox özünü təcrid, milli eqoizm xarakteri daşıyan və fraqmentar addımlar atıldı. BMT Təhlükəsizlik Şurasının xüsusi iclaslarının çağırılması təşəbbüsü fikir ayrılığına görə baş tutmadı. BMT Baş Məclisi çərçivəsində bir neçə qətnamə layihəsi irəli sürülsə də onların əksəriyyəti uğurla nəticələnmədi və yalnız deklarativ mətnlərlə yekunlaşdı. Dünya müharibəsi ilə müqayisə olunan COVİD-19 pandemiyası şəraitində özünü təcrid xarakteri daşıyan tədbirlər əvəzinə qlobal həmrəyliyə və qlobal baxışa daha çox ehtiyac vardır. Beləliklə, hazırda bəşəriyyətin növbəti pandemiya bəlasından daha az itki və qısa zaman ərzində xilası üçün dünya arenasında sözü keçən, böyük siyasi nüfuza malik, "xilaskar"lıq missiyasını və məsuliyyətini öz üzərinə götürməyə qadir bir liderə ehtiyac duyulur.

Belə bir vaxtda Prezident İlham Əliyev öz siyasi iradəsinə, gücünə və nüfuzuna arxalanaraq Azərbaycan dövlətinin təkcə regionda deyil, bütün dünyada söz sahibi olduğunu bir daha sübuta yetirdi. 10 aprel tarixində Türk Şurasının  fövqəladə Zirvə görüşü,  may ayının 4-də  Qoşulmama Hərəkatının Təmas Qrupu formatında Zirvə görüşlərinin keçirilməsi və görüşlərdə qəbul edilən qərar və təkliflərin dünya ictimaiyyəti tərəfindən qəbul edilməsi ölkəmizə və Prezident İlham Əliyevə olan beynəlxalq inam və etimadın göstəricisi oldu. Qeyd edək ki, Qoşulmama Hərəkatı özündə dünyanın 120-dən artıq ölkəsini birləşdirməklə BMT-dən sonra ikinci böyük təşkilatdır. Prezident İlham Əliyev Qoşulmama Hərəkatının onlayn Zirvə görüşündə çıxışı zamanı qlobal həmrəyliyin nümunəsi kimi pandemiya ilə mübarizə məqsədilə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə çıxış etdi. Təklif  Nyu-Yorkda 120 QH-ya  üzv ölkələr arasında yekdilliklə razılaşdırılmış və bunun ardınca QH-nin sədri Prezident İlham Əliyev QH ölkələri adından BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə BMT baş katibi Antonio Quterreşə müraciət ünvanlamışdır.

Prezident İlham Əliyevin BMT Baş Assambleyasının COVID-19-a həsr olunmuş xüsusi sessiyasının keçirilməsinə dair təşəbbüsünə dünyanın dəstəyi və münasibəti müsbət qarşılandı. Dünyanın 130-dan çox dövləti Prezident İlham Əliyevin BMT Baş Assambleyasının Xüsusi Sessiyasının təşkil olunması təşəbbüsünü dəstəklədi. Prezident İlham Əliyevin irəli sürdüyü və QH ölkələrin müdafiə etdiyi təşəbbüs dünya dövlətlərinin əksəriyyəti tərəfindən qəbul ediliyi üçün xüsusi sessiyasının keçirilməsi artıq təkcə QH ölkələrinin deyil, BMT-yə üzv olan bütün ölkələrin ümumi məsələsinə çevrilmişdir.

Bu təşəbbüsə qarşı çıxış edən yeganə dövlət isə Ermənistan oldu. Bütün dünya COVID-19-a qarşı mübarizədə qlobal həmrəyliyin vacibliyini vurğuladığı halda, Ermənistan qlobal xarakter daşıyan bu təşəbbüsə qarşı çıxış etməklə BMT sistemində və dünya dövlətləri arasında özünü gülünc vəziyyətə saldı. Bütün dünya bir daha Ermənistanın əsl irticaçı mahiyyətinin şahidi oldu. Təşəbbüsü dəstəkləyən ölkələr tərəfindən BMT Baş katibinə ünvanlanan məktublarda Prezident İlham Əliyevinin Baş Assambleyanın xüsusi sessiyasının keçirilməsi ilə bağlı təşəbbüsünün vaxtında verilmiş və çox ehtiyac duyulan təşəbbüs olduğu da vurğulanır. Koronavirus pandemiyasına qarşı mübarizədə Azərbaycanın təkliflərinin dünya ictimaiyyəti və beynəlxalq təşkilatlar tərəfindən  diqqətə alınması ölkəmizin və Prezident İlham Əliyevin dünyada artan nüfuzunun göstəricisidir.  Pandemiya dövründə təkcə dünya ictimaiyyətinə təkliflər ilə deyil, maddi yardım və tibbi ləvazimatlarla köməklik göstərilməklə ölkə başçısı sübut etdi ki, bu çətin şəraitdə Azərbaycan sadəcə öz problemlərini həll etmir, eyni zamanda başqa dövlətlərə də yardım edir. Azərbaycan Respublikası COVID-19-a qarşı mübarizədə qlobal həmrəyliyin nümunəsi kimi Ümumdünya Səhiyyə Təşkilatına könüllü ianə ayırmış, 30-dan artıq dövlətə humanitar yardım göstərmişdir.

Sevinc Azadi,

“İki sahil”