05 sentyabr 2019 12:00
1928

Azərbaycanın müasir neft-qaz sənayesində yeni dövrün başlanğıcı

Kimi sənə “qara qızıl”, kimi Vətənimin “şah damarı” dedi, əsrlərdir Azərbaycanımı dünyaya tanıdan, var edən təbiətin bizlərə bəxş etdiyi misilsiz nemət olan neftimiz. Ta qədimdən bəşər öz düzənini yaratmağa, təkamülləşməyə meyilli olub. Belə ki, neftin xeyrini, yaşayış üçün önəmini bilən insan onun axtarışına çıxır. Ucu-bucağı görünməyən torpaqlarla insan zəkası, hissiyyatı üz-üzə qalır.

Torpağın dərinliklərində neft  tapmaq istəyi ilə axtarışa çıxan insanın texnologiyası çox primitiv idi. Azərbaycanda 1846-cı ildən mexaniki üsulla qazılmış quyulardan neftin hasil edilməsinə başlandıqdan sonra Binəqədi, Pirallahı, Suraxanı kimi yeni neft yataqları aşkar edilir. Getdikcə neftə maraq artmağa başlayır. XIX əsrdə sənaye inqilabının baş verdiyi bir zamanda Bakının neft qoxulu küləkləri xarici sərmayədarları ölkəmizə gətirdi. Nadir bir təbiət incisi olan neftimizi hər kəs öz boynunda görmək istəyirdi. 1876-cı ildə Nobel qardaşları Bakıda neft hasilatı və emalı üzrə neft şirkəti yaratmışlar.

Xarici kapitalın ölkəmizə sürətli axını çar Rusiyasının müstəmləkəsi olan Azərbaycanda milli sahibkarlığın  formalaşmasına, xalqımızın  “cəhalət yuxusundan” ayılmasına səbəb oldu. Belə bir tarixi şəraitdə neft hasilatı onlarla insanın həyatı bahasına başa gəlsə də, milyonları xaricə axsa da Azərbaycan nefti dünya neft sənayesində bir çox ilklərə imza atmışdır (ilk neft quyusu, neft daşıyan paraxod, tankerlər, dəmiryol sistemlərində neftin daşınması, barjlar və s.).

1878-ci ildə 12 km uzunluğunda inşa edilmiş neft kəməri  Rusiya neft sənayesində ilk neft kəməri hesab edilir. İstər çar hakimiyyəti, istərsə də Sovet İttifaqı dövründə Azərbaycan nefti Rusiya üçün əvəzsiz idi. Bircə bu faktı qeyd etmək kifayətdir ki, İkinci Dünya müharibəsi zamanı Sovetlər İttifaqı müharibə ərzində istifadə etdiyi neftin 70 faizdən çoxunu məhz Bakı neftinin hesabına ödəyirdi.

İnsanın sonsuzluğa nüfuz edən zəkası neftin dənizin dibindən çıxarılmasına səbəb oldu. Dünyada ilk dəfə açıq dənizdən neftin hasilatına başlanması möcüzəvi “Neft Daşları” ilə bağlıdır. 1949-cu ildə Xəzərin sahillərindən 40 km məsafədə açıq dənizdə aşkar olunmuş yataq neft-qaz sənayesinin inkişafında dəniz yataqlarının mənimsənilməsinin başlanğıcını qoydu.

Taxta çəlləklərin ləmbər vurub dağıtdığı neftli yolları tarix öz toz dumanında yox etdi. Arabaların cır-cır səslə getdiyi cığırları neft kəmərləri əvəz etdi. Kim bilərdi ki, sonralar bu kəmərlər uzanaraq dünyanın dörd bir bucağına Azərbaycan neftini daşıyacaq.

Təbiətin xalqımıza bəxş etdiyi neft, təbii qaz hər zaman bu xalqın çətinliklərdən qurtuluşu olub. Müstəqillik qazandıqdan sonra ölkəmiz ağır siyasi, iqtisadi böhranla üz-üzə qalmışdı. Digər tərəfdən, xain ermənilər tərəfindən torpaqlarımızda elan olunmamış müharibənin baş verməsi, on minlərlə insanın öz doğma yurd-yuvalarından didərgin düşməsi Azərbaycanda iqtisadi vəziyyəti daha da ağırlaşdırdı. Belə bir çətin tarixi şəraitdə ulu öndər Heydər Əliyev 1994-cü il sentyabrın 20-də dünyanın məşhur neft şirkətləri ilə “Əsrin müqaviləsi” kimi tanıdığımız, müstəqillik tariximizə qızıl hərflərlə yazılan sazişə imza atdı. Təbiətlə insan zəkasının vəhdətindən yaranan, dövlətini, xalqını uğurlu gələcəyə aparan, onun xoş güzəranına təminat verən möhtəşəm bir layihə. Bu müqavilə ilə müstəqil Azərbaycan  dünya dövlətləri içərisində öz varlığını təsdiqlədi. “Əsrin müqaviləsi” Azərbaycanın müasir neft-qaz sənayesində yeni dövrün başlanğıcı oldu. Bu müqavilə Xəzərin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” yataqlarının tam miqyaslı işlənməsini əhatə etdi. “Əsrin müqaviləsi” layihəsinə uğurla başlayan və artıq 25 ildir müvəffəqiyyətlə davam etdirən Azərbaycan dövləti artıq dünyada neft ixrac edən ölkə kimi öz sözünü deyib. Dünya bazarına çıxarılan neftin nəqli üçün 1997-ci ildə Bakı-Novorossiysk,1999-cu ildə isə Bakı-Supsa neft boru kəmərləri istifadəyə verilmişdir. Azərbaycanın neft nəqli sisteminin “şah əsəri” sayılan Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməridir. 2006-cı ildə gerçəkləşən bu möhtəşəm layihə Azərbaycan neftinin dünya bazarına təhlükəsiz və fasiləsiz ixracını təmin edir.

Ümummilli lider Heydər Əliyev siyasətini layiqincə davam etdirən möhətəm Prezidentimiz İlham Əliyevin uğurlu siyasəti sayəsində neft-qaz strategiyasında yeni dövr başlandı. Bu gün Azərbaycan həm də dünyada böyük miqdarda qaz ixrac edən, Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan  bir ölkə kimi tanınır. 1999-cu ildə kəşf edilmiş “Şahdəniz” yatağı dünya dənizlərində bu günə kimi aşkar edilmiş ən böyük qaz yataqlarından biridir.

Avropaya səs salan Trans- Anadolu Qaz Boru Kəməri (TANAP) və Trans-Adriatik Boru Kəməri(TAP) layihələrinin həyata keçirilməsi ilə  Azərbaycan bir daha qaz ixrac edən ölkə kimi özünü təsdiqlədi.

Müstəqil Azərbaycanın neft-qaz sənayesi tarixində baş vermiş və bundan sonra həyata keçiriləcək bütün layihələrə mayak olan 30 illik müddətə imzalanmış “Əsrin müqaviləsi”nin vaxtı 2017-ci il sentyabrın 14-də imzalanmış yeni sazişlə 2050-ci ilədək uzadıldı. Yenilik sayəsində Azərbaycanın AÇG şirkətinin mövcud layihə üzrə payı 11,6%-dən  25%-ə  artırılır. Yataqlardan hasil edilən səmt qazı bütünlüklə Azərbaycana qalacaq, tərəfdar şirkətlər isə Azərbaycan dövlətinə 3,6 mlrd. dollar həcmində bonus ödəyəcəklər. Bütün bunlar ölkəmizin gələcək rifahından xəbər verir.

Bu gün Türkiyə, Gürcüstan, Almaniya, İsveçrə, Ruminiya, Ukrayna kimi dövlətlərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) nümayəndəlikləri fəaliyyət göstərir. “SOCAR” markası Azərbaycanın brendi kimi bir çox ölkələrin petrol siyasətində mühüm rol oynayır.

Gülnar Zeynalova,

SOCAR-ın Sosial İnkişaf

İdarəsinin arxiv müdiri