28 yanvar 2019 16:42
216

Azərbaycanın neft-qaz layihələri çox gəlirlidir

Bu sözləri Prezident İlham Əliyev “Rossiya 1” televiziya kanalına müsahibəsində deyib.

Ölkə başçısı bildirib ki, Azərbaycan 25 il ərzində Xəzər dənizinin Azərbaycan sektorunda iri neft və qaz yataqlarının kəşfiyyatı və işlənilməsi üzrə beynəlxalq şirkətlərlə uğurla işləyir: “Bu illər ərzində bəzi şirkətlər öz paylarını satıblar, bəzi şirkətlər isə paylarını alıblar”.

Azərbaycanın neft-qaz layihələrinin çox gəlirli olduğunu deyən Prezident İlham Əliyev əlavə edib: “Təkcə son 15 il ərzində bizim iqtisadiyyatımıza 250 milyard dollara qədər sərmayə qoyulub. Bu sərmayələrin yarısı xaricidir və bunların böyük əksəriyyəti neft-qaz sektoruna aiddir. Həmçinin bizim neftimizi bir çox istiqamətlərə nəql etməyə imkan verən ixrac neft və qaz boru kəmərləri inşa edilib. Buna görə də bu gün, əlbəttə, neft-qaz layihələrinin gəliri artır. Hər bir şirkətin öz sərmayə siyasəti, strategiyası var, hansısa şirkət payını sataraq layihədən çıxmağa üstünlük verir. Deməliyəm ki, 25 il ərzində bizim əsas enerji tərəfdaşlarımız artıq lap çoxdandır özlərinin qoyduqları vəsaitləri sayəsində böyük qazanc əldə ediblər. Buna görə də düşünürəm ki, Amerika şirkətlərinin öz paylarını satmaq qərarı tamamilə təbiidir və onları kimlərin alacağı kimlərə təklif etmələrindən asılı olacaq. Əlbəttə ki, Azərbaycanın bu ehtiyatlara sahib ölkə kimi həmin sövdələşməni təsdiq, yaxud inkar etmək haqqı var. Amma, bir qayda olaraq, əvvəlki bütün sövdələşmələr tərəfimizdən təsdiqlənib”.