22 iyul 2019 19:51
1108

Azərbaycanın supergüclərlə əlaqələri

Ölkəmizin bölgədə liderlik mövqeyini möhkəmləndirən faktor

Beynəlxalq ictimaiyyətin nüfuzlu üzvünə çevrilən, BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası, Qoşulmama Hərəkatı kimi mötəbər qurumların üzvü olan Azərbaycan dünyada etibarlı tərəfdaş, müstəqil xarici siyasətə malik, regional inkişafa, təhlükəsizliyə, sabitliyə və multikulturalizmə töhfə verən ölkədir.

Prezident İlham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasət, formalaşdırdığı səmərəli dövlət idarəçiliyi sayəsində Azərbaycanın regional və beynəlxalq nüfuzu getdikcə artır, Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqazdakı geosiyasi, geoiqtisadi və hərbi-geostrateji mövqeləri daha da güclənir.  Ölkənin təbii ehtiyatlarından, coğrafi mövqeyindən, maddi, mənəvi və insan resurslarından səmərəli istifadəyə, transmilli nəqliyyat-kommunikasiya və enerji dəhlizləri sahəsində həyata keçirilən uğurlu regional siyasət və düzgün mövqe seçiminə, daxili və xarici siyasətin müstəqillik əmsalına, sosial-iqtisadi inkişafın davamlılıq və dinamiklik göstəricilərinə, gələcək inkişaf potensialına və digər parametrlərinə görə də hazırda Azərbaycan regionun özünü tam təmin edən dövlətləri sırasında ön sıralarda qərarlaşmışdır.

Ermənistandan fərqli olaraq Azərbaycan dünya siyasətində  nüfuzu, təşəbbüsləri ilə fərqlənən,  sayılıb- seçilən sabit ölkədir. Dünyanın diqqətlə izlədiyi və beynəlxalq aləmdə müzakirə mövzusuna çevrildiyi ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin sədri Cozef Danford, NATO Müttəfiq Qüvvələrinin Avropa üzrə Baş Komandanı Kortis Skaparotti ilə Rusiya müdafiə nazirinin birinci müavini, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun  görüşlərinin Bakıda keçirilməsi respublikamıza artan marağın ifadəsi olmaqla, siyasi cəhətdən sabit ölkə stutusu qazanması ilə birbaşa bağlıdır.

Bu günlərdə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovla NATO-nun Avropadakı Birləşmiş Silahlı Qüvvələrinin Baş komandanı Tod Valtersin növbəti görüşü təsdiqlədi ki, süpergücləri maraqlandıran məsələlərin müzakirəsi üçün Azərbaycanın seçilməsi sivilizasiyalar arasında körpü olan, Cənubi Qafqazın lider respublikası kimi geopolitik güc mərkəzlərinin strateji maraqlarının birləşdiyi ölkəmizin beynəlxalq aləmdə möhkəmlənən mövqeyinin təsdiqidir.

“Azərbaycanda sabitliyin təminatçısı Azərbaycan xalqıdır və bizim siyasətimizdir. Ona görə xalq-iqtidar birliyi bizim uğurlarımızın əsas şərtidir. Azərbaycan bu gün dünya miqyasında sabitlik məkanı, sabitlik adası kimi tanınır və bu, bizim böyük nailiyyətimizdir” söyləyən Prezident İlham Əliyevin vurğuladığı kimi, seçdiyi yolla uğurla dünyaya inteqrasiya edən Azərbaycan xalqı təhlükəsizlik, əmin-amanlıq şəraitində yaşayır. “Bu vəhdət imkan verir ki, biz uzunmüddətli inkişaf strategiyamızı planlaşdıraq. Bu, imkan verir ki, bu gün Azərbaycana milyardlarla dollar xarici sərmayə qoyulur və Azərbaycan xalqı rahat, əmin-amanlıq, təhlükəsizlik şəraitində yaşayır. Ona görə bundan sonra da biz elə işləməliyik ki, Azərbaycan daim inkişaf etsin” sözləri ilə sabitliyin dövlətin varlığı, əhalinin rifahı üçün başlıca şərt olduğunu diqqətdə saxlayan cənab İlham Əliyevin son aylarda həyata keçirdiyi sosial islahatların uğurlu davamı da ölkədə mövcud olan şəraitlə bağlıdır.

Dünyanın müxtəlif bölgələrində, Avropada çox təhlükəli proseslərin, qanlı toqquşmaların, müharibələrin, dövlət çevrilişlərinin baş verməsinə baxmayaraq Azərbaycan xalqının təhlükəsizlik şəraitində yaşaması, risklərdən kənarda qalması xalq-iqtidar birliyinin möhkəmliyini göstərməklə , iqtisadi inkişafımızın da əsas şərtdir. Çünki sabitliyi pozulan ölkədə inkişafdan, sosial, iqtisadi islahatlardan, demokratik təsisatların mövcudluğundan söhbət gedə bilməz. Bəllidir ki, sabitlik pozulanda xarici müdaxilə baş verir, ölkələr idarəolunmaz vəziyyətə düşür, qan tökülür və dövlətlərin varlığına təhlükələr yaranır.

İki supergüc dövləti təmsil edən güc strukturları nümayəndələrinin Azərbaycanda görüşü ABŞ-Azərbaycan, Rusiya-Azərbaycan münasibətlərinin möhkəmlənməsinin göstəricisidir.

Respublika Günü münasibətilə Prezident İlham Əliyevi, Azərbaycan xalqını təbrik edən ABŞ Prezidenti Donald Trampın  Bakıda keçirilən Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin təşkilinin 26-cı ildönümü ilə əlaqədar  azərbaycanlı həmkarına növbəti məktubunu ünvanlamışdır.  Dünyanın enerji siyasətində önəmli rolu və xidmətləri olan Azərbaycanın qlobal proseslərdəki fəaliyyətini yüksək dəyərləndirən  ABŞ Prezidenti Donald Trampın məktubunda yer alan “ Amerika Birləşmiş Ştatları xarici sərmayələrin cəlb edilməsi və innovasiyaların təşviqinə xidmət edəcək iqtisadi islahatların davam etdirilməsində səylərinizi dəstəkləyir. Azərbaycanın iqtisadi uğuru bütün regiona sabitliyin gətirilməsinə yardım edəcəkdir” sözləri ölkəmizlə əməkdaşlığa verilən dəyərdir. Cənab İlham Əliyevə Donald Trampın ünvanladığı növbəti məktubda birmənalı olaraq ifadə olunur ki, Cənubi Qafqazda müşahidə olunan geosiyasi proseslərin fonunda qlobal iqtisadiyyatla bağlı olan, dünyanın enerji və nəqliyyat xəritəsini dəyişən Azərbaycan regionun iqtisadi cəhətdən inkişaf etmiş ən uğurlu dövlətidir və liderdir. ABŞ sərmayələrin Azərbaycana cəlb edilməsi istiqamətində rəsmi Bakının atdığı addımları böyük razılıqla qarşılayır və dünya iqtisadiyyatı üçün çox önəmli hesab edir.

Bu kimi dəyərləndirmə bir həqiqətə əsaslanır: Azərbaycan öz xarici siyasətini əməkdaşlıq müstəvisində tam bərqərar edib. Ölkəmizin xarici siyasəti məhdud məqsədlərə deyil, bütün dünya siyasətinə təsir edəcək qədər düşünülmüş, praqmatik və əhatəlidir. Müstəqil dövlət kimi qlobal iqtisadiyyata bağlılığını ölkədə keçirilən, biri-birindən əhəmiyyətli qlobal iqtisadi, siyasi, humanitar tədbirləri ilə sübut edən,  dünya iqtisadiyyatına təsir edən təşəbbüsləri, ünvanlı islahatları, yüksək səviyyəli diplomatik fəaliyyəti, geosiyasi cəhətdən perspektivli ölkə kimi xarici siyasətini əməkdaşlıq müstəvisində təkmilləşdirən  Azərbaycan bölgədə liderlik mövqeyini möhkəmləndirir.

Rusiya-Azərbaycan münasibətlərində də ölkəmizin əməkdaşlıq əlaqələrinə xüsusi diqqətlə yanaşılması, əsrlərdən bəri davam edən qardaşlıq münasibətlərinin möhkəmlənməsi, iqtisadi, siyasi müstəvidə birgə fəaliyyət istəklərinin genişlənməsi dövlətlərarası əməkdaşlığı möhkəmləndirir. Rusiya-Azərbaycan tərəfdaşlığı siyasi, iqtisadi, mədəni, ticari sahələrdə genişlənməkdədir. Bu baxımdan ABŞ və Rusiya Federasiyası nümayəndələrinin görüşü üçün Azərbaycanın seçilməsi təsadüfi deyil və xeyirxah ənənənin davamıdır. Əgər Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda, UNESKO-nun Ümumdunya Mədəni İrs Komitəsinin 43-cü sessiyasında dünya xalqlarını birliyə, həmrəyliyə çağırışlar səsləndirildisə, hərbçilərin görüşü adı dünyanın ən güclü 50 ordusu arasında çəkilən Azərbaycanın hərbi qüdrətinin  təsdiqidir. Azərbaycanda aparılan ciddi islahatlar və ölkə daxilindəki sabitlik ölkəmizi Cənubi Qafqazın lider dövləti kimi tanıdıb.

Hazırda Azərbaycanda davam edən Avropa Gənclərinin XV Yay Olimpiya Festivalında 3600-dən artıq avropalı yeniyetmənin iştirakı ilə keçirilən oyunlar idman bayramı olmaqla xalqları həmrəyliyə səsləyən birlik yarışıdır.

Azərbaycanın təşəbbüsu ilə reallaşan enerji və nəqliyyat layihələrinə artan maraq regional əməkdaşlıq və mədəniyyətlərarası dialoqların təşkili üçün də başlıca amildir.  Nüfuzlu beynəlxalq təşkilatlarla birgə keçirilən biri-birindən əhəmiyyətli konfranslarda, sivilizasiyalararası dialoqlarda, forumlarda dünya ictimaiyyətini düşündürən hədəfləri əks etdirən çağırışların Azərbaycandan səslənməsi ölkəmizi humanitar platforma kimi tanıdırsa, hərbçilərin birgə görüşləri Azərbaycanın müdafiə qüdrətini təsdiqləyir. Ölkəmizin Avropa, Qərb dövlətləri ilə əməkdaşlığı qarşılıqlı anlaşma çərçivəsində davam və inkişaf etdirilir. Enerji və nəqliyyat diplomatiyasında şaxələndirmə siyasətinə böyük önəm verən Prezident İlham Əliyev dünyada baş verən siyasi proseslərdə də birgə əməkdaşlığın gücünə, qüdrətinə inanır, beynəlxalq həmrəyliyə xüsusi diqqət yetirir. ABŞ və Rusiyanın yüksək rütbəli hərbçilərinin Bakıda müzakirələr aparması ölkəmizin nüfuzunu , respublikamıza marağı artırmaqla iqtisadi qüdrətimizin də təsdiqidir. Qərb və Rusiya üçün əhəmiyyətli hərbi-müdafiə xarakterli məsələlərin ölkəmizdə müzakirəsi regional münaqişələrin həllinə də təsirsiz ötüşməyəcək. Belə önəmli problemlərin həllinə yönələn müzakirələr milliyyətindən, dinindən asılı olmayaraq bütün xalqlara ölüm gətirən, fəlakətlər törədən terrorlara, separatizmə, dini radikalizmə qarşı mübarizəni də gücləndirir. “Biz bu gün iqtisadi müstəqilliyi təmin etmişik. İqtisadi müstəqillik siyasi müstəqilliyin əsasıdır. Əgər biz kimdənsə asılı olsaq, heç vaxt müstəqil siyasət apara bilmərik, heç vaxt öz prinsipial mövqeyimizi indiki qədər ifadə edə bilmərik. İqtisadi müstəqillik siyasi müstəqilliyə gətirib çıxardı ki, bu gün Azərbaycan dünya miqyasında müstəqil siyasət aparan nadir ölkələrdən biridir” söyləyən Prezident İlham Əliyevin davam etdirdiyi siyasətin məntiqi nəticəsi dünyada nüfuzu möhkəmlənən müasir, qüdrətli Azərbaycandır.

Xuraman İsmayılqızı, “İki sahil”