25 yanvar 2020 19:56
895

Azərbaycanın vahid və dayanıqlı dünyada rolu əvəzsizdir

Dünyanın ən nüfuzlu Davos İqtisadi Forumu siyasətçiləri, biznes adamlarını və ictimai təşkilatların rəhbərlərini bir araya gətirən və dünyada baş verən iqtisadi, ictimai-siyasi proseslərin müzakirə olunduğu mötəbər platformadır.

Azərbaycan Prezidenti İlham Əliyev 2007-ci ildən başlayaraq bu Forumun işində 14 dəfə iştirak edib. Bir neçə gün əvvəl Forumun saytında Azərbaycan Prezidentinin “Azərbaycanın vahid və dayanıqlı dünyada rolu” başlıqlı məqaləsi verilib. Məqalədə söhbət əsasən yol və nəqliyyat infrastrukturlarının yaradılmasından və Azərbaycandan Avropaya qaz kəmərinin çəkilişindən gedib. Məqalədə bildirilir ki, Avropaya qaz təchizatının şaxələndirilməsi istiqamətində qitə ölkələrinin səylərinə dəstək verən Azərbaycan Cənub Qaz Dəhlizi layihəsinin reallaşmasına nail olub. Bu layihə dünyanın ən böyük enerji layihələrindən biridir və 3500 kilometrlik məsafədən n’ql ediləcək qaz yanacağı Avropa ölkələrinin ehtiyacının müəyyən bir qismini təmin edəcəkdir. Bununla da dünyanın bu regionunun enerji xəritəsində ciddi dəyişikliklər ediləcəkdir. Layihənin ümumi kapital qoyuluşu 40 milyard ABŞ dolları təşkil edir ki, təkcə bu rəqəm layihənin nəhəngliyini təsəvvürdə canlandırır.

Azərbaycan Prezidenti öz məqaləsində bildirir ki, layihənin birinci hissəsi olan “Şahdəniz-2” fazası üzrə bütün işlər tamamlanıb. “Şahdəniz” qazı relyefdən asılı olaraq bəzi yerlərdə 2500 metr hündürlüyə qaldırılaraq və dənizin dibindən 800 metr dərinliyə enərək 3500 kilometrlik məsafəyə nəql ediləcək. Layihənin ikinci hissəsi Cənubi Qafqaz Boru Kəməri artıq istismara verilib. 691 kilometrlik uzunluğu olan bu kəmər Gürcüstandan keçməklə Azərbaycanla Türkiyəni birləşdirir. Layihənin üçüncü hissəsi olan Trans-Anadolu Boru Kəməri (TANAP) Cənubi Qafqaz Boru Kəmərinin davamı olaraq Türkiyənin qərb sərhədinə çatdırılmaqla 1850 kilometr məsafə qət edir. Bu istiqamətdə son tamamlama işləri də icra olunub. TANAP artıq Türkiyə-Yunanıstan sərhədində TAP-a birləşdirilib. TAP Boru Kəmərinin uzunluğu isə 878 kilometrdir. Bu kəmərin inşası 90 faiz yerinə yetirilib. Kəmər Yunanıstandan Almaniyaya, oradan da Adriatik dənizinin dibindən keçməklə İtaliyaya çatdırılacaqdır.

Qeyd etmək lazımdır ki, keçən il noyabrın 30-da TANAP-ın TAP-a birləşən hissəsinin təntənəli açılış mərasimi keçirildi və bir neçə ölkənin dövlət başçıları və beynəlxalq təşkilatların nümayəndələri həmin mərasimdə iştirak etdilər. Orada qeyd olundu ki, Azərbaycan Avropaya qaz yanacağı verməklə qitə ölkələrini bəzi bədxah dairələrin təzyiqindən və sərt qışlarda soyuqdan xilas edəcək. Kəmərlərin çəkildiyi illərdə bu kəmərə qarşı çıxan bədxahlar layihəni dayandırmağa, o da mümkün olmadıqda işləri  ləngitməyə çalışırdılar. Ancaq Azərbaycan sarsılmaz iradə nümayiş etdirərək bütün əngəllərin aradan qaldırılmasına nail oldu. Bu baxımdan Azərbaycandan çəkilən qaz kəməri təkcə iqtisadi deyil, həm də  Avropa ölkələri üçün böyük siyasi  əhəmiyyət kəsb edən bir layihədir. Ona görə də indi bu ölkələr Azərbaycanla iqtisadi sahədə münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə qaldırılmasına meyillidirlər.

Dövlət başçımızın müəllifi olduğu məqalədə daha sonra vurğulanır ki, Azərbaycanın Dünya İqtisadi Forumu ilə əməkdaşlığının davamı olaraq 2019-cu ildə Azərbaycan ilə Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Mərkəzi arasında Əməkdaşlıq Razılaşması sənədi imzalanıb. Bu Razılaşma nəticəsində dünyada baş verən müsbət meyillərin, yeni təşəbbüslərin və qabaqcıl təcrübənin Azərbaycanın sosial-iqtisadi həyatına transformasiyasına münbit şərait yaradacaq. Prezident İlham Əliyev məqalənin sonunda əmin olduğunu bildirir ki, Dünya İqtisadi Forumu ilə fəal və səmərəli əlaqələri yüksək qiymətləndirən Azərbaycan bu platformada qarşılıqlı əməkdaşlığın daha da inkişaf etdirilməsi və irəli aparılması üçün irəli sürülən təşəbbüsləri dəstəkləməkdə davam edəcək. Bu, Avropaya inteqrasiya edən Azərbaycana böyük siyasi və  iqtisadi dividendlər gətirəcəkdir.

Vəli İlyasov, “İki sahil”