23 iyun 2020 16:12
292

Azərbaycanın xarici siyasətində Avropa İttifaqı ilə əlaqələr bərabərhüquqlu tərəfdaşlıq və əməkdaşlığa əsaslanır

Azərbaycan dövlətinin xarici siyasətində Avropa qurumları ilə əlaqələr prioritet istiqamətlərdən biridir. Xüsusilə, beynəlxalq təşkilat kimi Avropa İttifaqı ilə bütün sahələrdə fəal əməkdaşlıqla yanaşı, ölkəmiz Avropa təhlükəsizlik sisteminin etibarlı tərəfdaşı kimi qitənin enerji təhlükəsizliyinin təmin olunması istiqamətində mühüm rol oynayır. Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinə nəzər saldıqda, ilk növbədə, qeyd etmək lazımdır ki, 1996-cı il aprelin 22-də Lüksemburqda Avropa İttifaqı və Azərbaycan Respublikası arasında ticarət, sərmayə, iqtisadiyyat, qanunvericilik, mədəniyyət, immiqrasiya və qeyri-qanuni ticarətin qarşısının alınması sahəsində əməkdaşlığı nəzərdə tutan “Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi” imzalanıb. Bütün dövlətlər tərəfindən ratifikasiya edildikdən sonra 1999-cu il iyunun 22-dən qüvvəyə minmiş və ümummilli lider Heydər Əliyevin imzaladığı bu Saziş tərəflər arasında yüksək səviyyəli əməkdaşlığın təşəkkül tapmasını təsdiqləyir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru Elçin Əhmədov bildirib.

E.Əhmədov deyib ki, bu baxımdan, Azərbaycan 2004-cü ildə əsas məqsədi Cənubi Qafqaz dövlətlərinin siyasi, iqtisadi cəhətdən Avropa dəyərlərinə yaxınlaşmasını sürətləndirməkdən ibarət olan “Avropa qonşuluq siyasətinə” qoşulub. 2006-cı ildə Azərbaycan ilə Avropa İttifaqı arasında enerji məsələləri üzrə strateji tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalanıb, 2008-ci ildə isə Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramına qoşulmaqla bu siyasi, iqtisadi əməkdaşlıq daha da genişlənmiş və keyfiyyətcə yeni mərhələyə qədəm qoyub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Donald Tuskun dəvəti ilə 2017-ci il noyabrın 24-də Şərq Tərəfdaşlığı Sammitinin plenar sessiyasında çıxışında deyib: “...Avropa İttifaqı ilə tərəfdaşlıq Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir. Azərbaycan Avropa İttifaqına üzv olan 9 ölkə ilə strateji tərəfdaşlıq bəyannamələri qəbul edib. Bu, o deməkdir ki, Avropa İttifaqına üzv ölkələrin üçdə biri Azərbaycanı strateji tərəfdaş hesab edir. Bu, gənc müstəqil ölkə üçün çox vacibdir və əlbəttə ki, biz Avropa İttifaqı ilə Azərbaycan arasında gələcək razılaşmanı strateji əlaqələrin gücləndirilməsində daha bir mühüm mərhələ hesab edirik”.

2018-ci ilin iyulun 11-də Avropa İttifaqı ilə Azərbaycan arasında qəbul olunmuş “Tərəfdaşlıq Prioritetləri” adlı mühüm sənəddə bir çox məsələlər öz əksini tapmaqla yanaşı, Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə, sərhədlərimizin toxunulmazlığına dəstək və hörmət ifadə olunur. Eyni zamanda, qeyd etmək vacibdir ki, Azərbaycan-Avropa İttifaqı münasibətləri hər şeydən əvvəl bərabərhüquqlu və qarşılıqlı surətdə faydalı əməkdaşlığa əsaslanır. Həmçinin Azərbaycanla Avropa İttifaqı arasında imzalanacaq strateji tərəfdaşlıq sənədi üzərində hər iki tərəf üçün məqbul ola biləcək müddəalar müzakirə olunur. Bu baxımdan, Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığı inkişaf edərək bərabərhüquqlu tərəfdaşlıq səviyyəsinə qalxıb.

2019-cu il iyulun 9-da Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun Azərbaycan Respublikasına səfəri zamanı keçirilən görüşdə Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, Avropa İttifaqı ilə Azərbaycan arasında gələcək əməkdaşlığı planlaşdıracağıq və qarşıdakı illərdə biz tərəfdaşlığın müsbət məcrada inkişafını davam etdirəcəyik ki, bu da Azərbaycanın maraqlarına xidmət edir və uğurla həyata keçirdiyimiz bütün layihələr yaxşı nəticələr verəcək. Bununla yanaşı, Prezident İlham Əliyev çıxışında bildirib ki, Azərbaycan və Avropa İttifaqı bu sahələrdə çox konstruktiv əməkdaşlıq edir və Cənub Qaz Dəhlizi layihəsi uğurla həyata keçirilir: “Şərq-Qərb və Şimal-Cənub dəhlizləri ölkəmizin ərazisindən keçir. Sözsüz ki, coğrafi mövqeyimiz üstünlük yaradır, lakin nəqliyyat sektoruna investisiyalar yatırılmasaydı, coğrafi mövqeyimiz o qədər də böyük məna kəsb etməzdi”.

Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinə daim böyük əhəmiyyət verdiyini vurğulayan dövlət başçısı bildirib ki, 2018-ci il ildə Avropa Komissiyası ilə Azərbaycan arasında “Tərəfdaşlıq Prioritetləri” sənədi qəbul olundu: “Bu, çox mühüm sənəddir. Burada Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığına dəstək ifadə olunur”. Eyni zamanda, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məlumat verən dövlət başçısı diqqətə çatdırdı ki, münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə əsasən həll olunmalıdır: “Uzun illərdir ərazilərimiz erməni işğalı altındadır. Bir milyondan çox qaçqın və məcburi köçkün bu təcavüz və işğaldan əziyyət çəkir. Bizim qəti mövqeyimiz ondan ibarətdir ki, münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Səylərimiz münaqişənin ən tez zamanda həllinə yönəlib. Münaqişənin indiyədək həll olunmamasının əsas səbəbi Ermənistanın qeyri-konstruktiv mövqeyidir. Əminəm ki, beynəlxalq ictimaiyyətin və ATƏT-in Minsk Qrupunun səyləri münaqişənin ən tez zamanda həllinə yönəlməlidir. Status-kvo qəbuledilməzdir və dəyişməlidir. Status-kvonun dəyişməsi Azərbaycan ərazilərinin işğaldan azad edilməsinin başlanması deməkdir”.

2020-ci il mayın 11-də Avropa Parlamentinin məruzəçilərinin birgə bəyanatında əksini tapmış mühüm məqamlar da işğal faktının Avropa qurumları tərəfindən də təsdiq olunduğunu göstərir. Avropa Parlamentinin Cənubi Qafqaz üzrə Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Mariya Kalyurand, Azərbaycan üzrə məruzəçisi Jelena Zavko, Ermənistan üzrə məruzəçisi Trayan Basesku Ermənistan ilə Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsi arasında əlaqə yaradacaq magistral yolun tikintisi ilə bağlı birgə bəyanat yaydılar. Sənəddə Ermənistan tərəfindən verilən bu qərar beynəlxalq hüququn pozulması kimi göstərilir. Əslində bu bəyanatın təkcə Cənubi Qafqaz ölkələri üzrə Parlament Tərəfdaşlıq Komitələrində nümayəndə heyətinin həmsədri, eləcə də Azərbaycan üzrə məruzəçisi tərəfindən deyil, həm də Ermənistan üzrə məruzəçinin adından da verilməsi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Avropa təsisatlarının vahid yanaşmasının təsdiqi kimi də qiymətləndirilə bilər. Digər tərəfdən, bəyanatda ölkəmizin işğala məruz qalan tərəf olduğu, eyni zamanda, birbaşa Ermənistan tərəfindən Azərbaycanın torpaqlarını işğal etməsi faktı aydın şəkildə təsdiq edilir. Bununla yanaşı, bəyanatda tərəflərin danışıqlara dəvət olunması çağırışı onu göstərir ki, son illərdə təcavüzkar dövlətin bu prosesdən özünü kənara çəkməsi əbəsdir, çünki işğalçı tərəf məhz Ermənistandır. Eyni zamanda, adıçəkilən sənəddə münaqişənin məhz Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həllinə çağırış da ifadə olunub. Bu baxımdan, sənəd mühüm əhəmiyyət kəsb edir və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq birliyin məlum mövqeyini bir daha təsdiqləyir. Digər tərəfdən, bu bəyanat 1992-ci ildən münaqişənin nizama salınması üçün yaradılmış və tərəfsiz vasitəçilik missiyasını öz üzərinə götürmüş ATƏT-in Minsk qrupu üçün də bir nümunə ola bilər. Çünki 2005-ci ildə ATƏT-in Azərbaycanın işğal olunmuş ərazilərində faktaraşdırıcı missiyasının hesabatında öz əksini tapmış faktlar, yəni, Ermənistan tərəfindən atılan qeyri-qanuni addımlar, xüsusilə məskunlaşdırma siyasətinin aparılması ilə demoqrafik tərkibin qəsdən dəyişdirilməsinin yolverilməz olduğu, o cümlədən beynəlxalq hüququn prinsiplərinin kobud şəkildə pozulduğu təcavüzkar tərəfin diqqətinə çatdırılmalıdır.

Bu yüksək bərabərhüquqlu əməkdaşlığın davamı olaraq Azərbaycan Prezidenti İlham Əliyev iyunun 18-də Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında keçirilən Sammitində iştirak edib. Prezident İlham Əliyev çıxışında bildirib ki, Azərbaycan Şərq Tərəfdaşlığının fəal tərəfdaş ölkəsidir və Avropa İttifaqı ilə əməkdaşlıq ölkəmizin xarici siyasətinin əsas prioritetlərindəndir. Dövlət başçısı Avropa İttifaqının bir çox üzv ölkəsi ilə sıx əməkdaşlığımızın mövcud olduğunu diqqətə çatdıraraq bildirdi ki, Azərbaycan Avropa İttifaqının 9 üzvü ilə strateji tərəfdaşlıq haqqında sənəd imzalayıb, İttifaq Azərbaycanın əsas ticarət tərəfdaşıdır və ticarətimizin təqribən 50 faizi üzv dövlətlərin payına düşür, eləcə də on beş ilə yaxındır ki, Azərbaycan Avropa bazarlarına xam neft nəql edən etibarlı təchizatçıdır. Bununla yanaşı, ölkəmiz Avropa İttifaqı bazarlarına bağlayacaq 3500 kilometrlik inteqrasiya edilmiş boru kəməri sistemi olan Cənub Qaz Dəhlizinin tikintisinin təşəbbüskarı olmuş, onu maliyyələşdirmiş və bu mühüm enerji əməkdaşlığı, enerji təhlükəsizliyi və enerjinin şaxələndirilməsi layihəsidir.

Avropa İttifaqı ilə yeni tərəfdaşlıq sazişi ilə bağlı danışıqların yekun mərhələsində olduğunu diqqətə çatdıran Prezident İlham Əliyev 2018-ci ildə Brüsseldə Azərbaycan və Avropa İttifaqı arasında “Tərəfdaşlıq Prioritetləri” sənədinin paraflandığını bildirərək qeyd etdi ki, burada hər iki tərəfin müstəqillik, suverenlik, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı prinsiplərinə sadiqliyi öz əksini tapıb.

Ermənistan və Azərbaycan arasında olan münaqişənin də eyni prinsiplər əsasında həll edilməli olduğunu bildirən Prezident İlham Əliyev Avropa İttifaqına üzv dövlətlərin və Şərq Tərəfdaşlığı ölkələrinin dövlət və hökumət başçılarının iştirak etdiyi videokonfransda diqqətə çatdırdı ki, Ermənistan Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizinin işğalını davam etdirir: “Dağlıq Qarabağ və Azərbaycanın daha 7 rayonu 30 ilə yaxındır ki, Ermənistanın işğalı altındadır. Ermənistanın etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilmişdir. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş bütün ərazilərindən qeyd-şərtsiz və tam çıxarılmasını tələb edir. Ermənistan bu qətnamələrə, habelə ATƏT, Qoşulmama Hərəkatı, NATO, Avropa Parlamenti və digər beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş müvafiq sənədlərə əməl etmək əvəzinə işğal olunmuş ərazilərdə qeyri-qanuni məskunlaşma siyasəti həyata keçirir”. Prezident İlham Əliyev bəyan etdi ki, danışıqların mahiyyət və formatını məhv etməyə çalışan Ermənistanın baş nazirinin dediyinin əksi olaraq, Dağlıq Qarabağ Ermənistan deyil, Dağlıq Qarabağ Azərbaycandır və bütün dünya bunu belə tanıyır. Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır.

Bu videokonfransın, eləcə də bir Şərq Tərəfdaşlığı ölkəsi kimi Azərbaycana olan inamın və ikitərəfli əməkdaşlığın nəticəsi olaraq iyunun 19-da Avropa Parlamenti “Avropa Parlamentinin iyun (2020-ci il) sammiti ərəfəsində Avropa İttifaqı Komissiyasına və Komissiyanın vitse-prezidenti / Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramı üzrə xarici siyasət məsələləri və təhlükəsizlik üzrə Ali Nümayəndəsinə tövsiyə” adlı qətnamə qəbul edib. Bu qətnamə Azərbaycanın diplomatik qələbələri siyahısına daxil olmaqla bərabər, həm də Avropa İttifaqının prinsipial mövqeyini əks etdirən bir sıra ciddi müddəalardan ibarətdir. Bu sənədin preambulasında Avropa Parlamentinin 2010-cu il mayın 20-də qəbul edilmiş “Avropa İttifaqının Cənubi Qafqazda strategiyasına tələblər” adlı qətnaməsinə istinad edilir. Həmin qətnamədə iki dəfə, yəni 8-ci və 10-cu bəndlərdə erməni qüvvələri tərəfindən tutulmuş ərazilər “işğal edilmiş ərazilər” adlandırılıb. On il bundan əvvəl həmin qətnaməyə bir daha istinadda Avropa Parlamentinin Cənubi Qafqazda münaqişələrə öz münasibətini bir daha bildirməli və təsdiqləməli olduğu ciddi sərhədlər göstərilmişdi. Avropa Parlamentinin son qətnaməsində Avropa İttifaqının “ərazi bütövlüyü” anlayışının məhz nədən ibarət olması dəqiqləşdirilir və bu məsələyə qəti aydınlıq gətirilir. Avropa İttifaqının Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən sənəddə məhz beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində, yəni, 1992-ci ildə ölkəmizin ayrılmaz tərkib hissəsi kimi Dağlıq Qarabağ regionu ilə birlikdə BMT-yə bərabərhüquqlu üzv olarkən mövcud sərhədlər çərçivəsində olan ərazini nəzərdə tutur. Bu sənəddə ermənilərin əzbərlədiyi dair əsassız olaraq səsləndirdiyi “millətlərin öz müqəddəratını təyinetmə hüququ” barədə heç nə deyilmir. Bu isə, Ermənistanın uzun illərdir uydurduğu əsassız iddialara nöqtə qoymaq deməkdir.

Bu qətnamədə şübhəsiz ki, Avropa İttifaqının və Şərq Tərəfdaşlığı proqramının iştirakçısı olan altı ölkənin iyunun 18-də keçirilmiş birgə videokonfrans formatda Sammitinin də siyasi əhəmiyyəti var. Azərbaycan Prezidenti İlham Əliyevin də iştirak etdiyi həmin sammitdə Avropa Parlamenti qəti həlli tələb olunan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində dövlətimizin ədalətli mövqeyini tam dəstəklədi. Bu dəstək həm də Avropa İttifaqı Şurasının keçmiş prezidenti, Avropa Xalq Partiyasının sədri Donald Tuskun sammit başlanandan bir neçə saat əvvəl yayılmış bəyanatında da öz əksini tapmışdır. Qeyd etmək lazımdır ki, Avropa Parlamentinin qətnaməsi Şərq Tərəfdaşlığının iştirakçıları olan ölkələrdə onilliklər boyu uzanan münaqişələr barəsində Avropa İttifaqının birgə mövqeyinin ifadəsi oldu.

Ümumilikdə, hazırda Azərbaycan-Avropa İttifaqı münasibətlərinə nəzər saldıqda qeyd etmək lazımdır ki, hazırda dünyanın diqqət mərkəzinə çevrilən Azərbaycan artıq qlobal məkanda özünün müstəqil xarici siyasətini müəyyənləşdirməyə nail olub və əksər dövlətlərdən fərqli olaraq, ölkəmizin beynəlxalq subyektlərdən asılı tərəf kimi deyil, əksinə, dünya birliyinin bərabərhüquqlu üzvü olması ilə fərqlənir. Eyni zamanda, Avropa qurumları ilə əlaqələrin xarici siyasətdə əsas prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirən Azərbaycan Respublikası həm Avropanın nüfuzlu təşkilatları, həm də əksər dövlətləri ilə bərabərhüquqlu tərəfdaşlığa əsaslanan uğurlu siyasi əməkdaşlığın qurulmasına nail olub.