04 avqust 2020 13:55
898

Azərbaycanın zəngin enerji resursları regional əməkdaşlıqda mühüm rol oynayır

Azərbaycan Prezident İlham Əliyevin yürütdüyü düzgün daxili və xarici siyasət nəticəsində dünyanın inkişaf etməkdə olan ölkələrinin sırasında yer alıb. Ölkəmizdə dayanıqlı, davamlı tərəqqini, insanların həyat səviyyəsinin yüksəldilməsini ehtiva edən güclü iqtisadiyyat modeli yaradılıb. Son illərdə böyük uğurlara imza atan ölkəmiz müstəqil siyasət yürütməklə beynəlxalq aləmdə kifayət qədər nüfuz qazanıb, söz sahibinə çevrilib.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.

Deputat bildirib ki, respublikamızda kənd təsərrüfatının və qeyri-neft sektorunun inkişafı ölkə iqtisadiyyatının əsas prioritetlərindəndir. Azərbaycanda həyata keçirilən siyasət nəticəsində aqrar sahədə istehsalın artırılması üçün mühüm layihələr reallaşdırılır. Ərzaq təhlükəsizliyinin təmin olunmasını iqtisadi strategiyanın əsas hədəflərindən biri hesab edən dövlətimiz aqrar sahədə istehsal imkanlarının daha da yaxşılaşdırılması üçün davamlı addımlar atır. Azərbaycanın zəngin enerji resursları həm ölkəmizin iqtisadi potensialını gücləndirir, həm də regional əməkdaşlıqda çox mühüm rol oynayır.

M.Cəfərov diqqətə çatdırıb ki, Dövlət proqramlarının uğurla həyata keçirilməsi üçün Prezident İlham Əliyev tərəfindən çox sayda sərəncam imzalayıb. Bu proqramların əsas mahiyyəti ölkədə qeyri-neft sektorunun inkişafının sürətləndirilməsinə, iqtisadiyyatın şaxələndirilməsinə, davamlı sosial-iqtisadi inkişafa, əhalinin həyat səviyyəsinin daha da yüksəldilməsinə nail olmaqdır. “Dövlətimizin başçısı da qeyd etdiyi kimi, bu Dövlət Proqramının icrasının nəticəsi Azərbaycanda bütün infrastrukturun dünya səviyyəsinə çatmasına və Avropa İttifaqının meyarlarına bərabər olmasına şərait yaradacaq. Bu baxımdan Dövlət Proqramında ölkə iqtisadiyyatının bütün sahələri və regionlar üzrə indiyədək həll olunmamış bütün məsələlərin, o cümlədən bölgələrdə hər bir kəndin konkret problemlərinin, əhalini narahat edən məsələlərin əks olunması prioritet vəzifə kimi qarşıya qoyulub. Şərqi və Qərbi, Orta Asiya, Qafqaz və Avropanı birləşdirən neft, qaz, nəqliyyat-kommunikasiya, transmilli layihələrin mərkəzinə çevrilən Azərbaycan regional inteqrasiyanın, qlobal enerji təminatının mərkəzlərindən biridir”, - deyə deputat qeyd edib.

2020-ci ilin dünya ölkələri üçün iqtisadi cəhətdən heç də ürəkaçan olmadığını xatırladan deputat deyib ki, yaxşı infrastruktura, kifayət qədər maliyyə ehtiyatlarına malik inkişaf etmiş ölkələrlə müqayisədə zəif inkişaf etmiş və ya inkişafda olan ölkələrin üzləşdiyi təhlükə daha böyükdür. Dünyanın 80 ölkəsi Beynəlxalq Valyuta Fonduna maliyyə yardımı üçün müraciət edib. Pandemiya şəraitində bütün ölkələrin bir ortaq cəhəti səhiyyə sisteminin infrastrukturuna yeni investisiyaların yatırılmasıdır. Bu baxımdan, Azərbaycanda yeni tibb müəssisələrinin açılması, səhiyyə işçilərinin əməkhaqlarının əsaslı şəkildə artırılması kimi tədbirlərdə xüsusilə fərqləndiyini qeyd edə bilərik. Eyni zamanda, Azərbaycanın əlavə olaraq, iqtisadi təşviq proqramının həcminin 1 milyard manatdan 2,5 milyard manatadək (ÜDM-in 3,1 faizi) artırılması nəzərdə tutulur ki, bunu da təkcə anti-böhran tədbirləri kimi deyil, iqtisadi genişlənmə, kredit ekspansiyası və məcmu tələbin stimullaşdırılması proqramı kimi qəbul edilir.

“Həmçinin Azərbaycanın anti-böhran paketi həm geniş spektrləri əhatə etməsi, zərər çəkmiş bütün iqtisadi sektorun fəaliyyətini nəzərdə saxlaması, inklüzivlik və sosiallıq prinsiplərini özündə ehtiva etməsi ilə diqqət çəkir. Yardım paketi ümumi həcmi, ÜDM-də xüsusi çəkisi üzrə yüksək göstəriciyə malik olması və digər xüsusiyyətlərinə görə analoji proqramlarla müqayisədə kifayət qədər fərqlənir”, - deyə Müşfiq Cəfərov bildirib.