16 mart 2020 15:08
704

Azərbaycanlı məşqçinin İspaniyaya səfəri baş tutmadı

"Sevilya" futbol komandasında praktikadan keçmək istəyən azərbaycanlı məşqçi Samir Abasovun İspaniyaya səfəri baş tutmayıb.

Bu barədə "Report"a 42 yaşlı mütəxəssisin özü məlumat verib. O bildirib ki, Sevilyaya getmək şəxsi istəyi olsa da, səfər koronavirusa görə gerçəkləşməyib: "Mən və yaxın dostlarım o kluba müraciət edərək, müsbət cavab almışdıq. Qarşı tərəf də razılıq vermişdi. Səfər müddəti ilə bağlı danışıqlar gedirdi. Amma artıq bu söhbət bağlanıb. İspaniyada koronavirus haralara qədər gedib çıxıb. Ona görə də bu, baş tutacaq məsələ deyil". 

Abasov Sevilya səfərinin gələcəkdə baş tutacağına inam ifadə edib: "Mənə yaxın olan adamların klubda işləyənlərlə münasibətləri yaxşıdır. Ona görə də İspaniyaya hər zaman gedə bilərik. Hələlik bu məsələ koronavirusa görə bağlanıb".

Qeyd edək ki, hazırda işsiz olan Samir Abasov "Sumqayıt" və "Zirə" klublarında baş məşqçi vəzifəsində işləyib.