14 fevral 2020 18:33
1575

Azərbaycanlı voleybolçu: Kubok qazanacağıma söz vermişdim

"Mövsüm mənim və komandam üçün çox ağır keçir. Oyunlarımızın sayı çoxdur. Bildiyiniz kimi, ölkə çempionatı ilə bərabər, Çempionlar Liqası (artıq bitib) və kubok oyunlarında da çıxış edirdik".

"Report" xəbər verir ki, bu fikirləri qadın voleybolçulardan ibarət Azərbaycan millisinin kapitanı Ayşən Abduləzimova federasiyanın rəsmi saytına açıqlamasında deyib.

Macarıstanın “Vaşaş” klubunun heyətində ölkə kubokunu qazanan voleybolçu bildirib ki, dünənki final oyunu karyerasının ən yaxşı görüşü olub: "Dünənki qarşılaşma mövsümdə 31-ci matçımız idi. Keçən il biz ölkə kubokunda üçüncü yerin sahibi olmuşduq. “Vaşaş”la bu mövsüm üçün müqavilə imzalayarkən özümə söz vermişdim ki, bu il kuboku qazanacağam. Şükürlər olsun ki, istəyimi həyata keçirə bildim. Dünənki final oyunu bəlkə də karyeramın ən yaxşı oyunu oldu. Hazırda çempionat davam edir. Turnir cədvəlinin üçüncü pilləsindəyik. Məqsədimiz isə çempion olmaqdır”.

Qeyd edək ki, "Vaşaş" klubu finalda “Nyireqiaza”nı 3:1 (27:25, 25:17, 24:26, 28:26) hesabı ilə məğlub edib.