15 avqust 2019 20:09
97

“Azercell”: rabitə, yoxsa əsəb xidməti?

Bu mobil operator hələ də abonentlərinə yaratdığı problemlərin həllinə sayğısız yanaşmaq prinsipindən əl çəkmir

Biz ötən ay “Azercell” möbil operatoru barədə tənqid yazaraq konkret faktlar ortaya qoymuşduq. Yazımızda haqlı olaraq qeyd etmişdik ki, mobil rabitənin, virtual əlaqənin ən çağdaş dövründə Azərbaycanın mobil operatoru olan “Azercell” inkişafın önündə deyil, quyruğunda sürünür.

Vurğulamışdıq ki, hər gün yüksək pafosla inkişafdan danışan bu mobil operatorun nəinki ən ucqar dağ kəndində, hətta paytaxt Bakının mərkəzində, Zərdabi prospekti 88-də “ İki sahil” qəzetinin redaksiyasında (şirkətin əsas ofisindən təxminən1 kilometr məsafədə)  şəbəkəsi tutmursa, ya da ki, danışıqlar qırıla- qırıla, kəsilə-kəsilə davam edirsə bu, abonentlərin incidilməsidir. Yəni, abonentin konturu xərclənir, ancaq aydın danışıq, keyfiyyətli xidmət isə ən aşağı səviyyədədir.

Hətta ekspertlərin dəfələrlə ölkə mətbuatında da qeyd etdikləri kimi, “Azercell” mobil operatorunun xidmət haqqı və tarifləri MDB məkanında ən bahalılar sırasındadır. Ancaq xidmət səviyyəsi isə bu yüksək tariflərə uyğunlaşdırılmır. Ümumi görünən mənzərə isə belədir: bu mobil operatorun bir məqsədi var- “qaz vurub qazan doldurmaq...” 

Təbii ki, “Azercell” mobil operatorunun nöqsanları bunlarla bitsə şükür edərdik. Hətta abonentlərinə qarşı hörmətsizliyinə, kələkbazlığına görə də bu mobil operator “Ginnesin rekordla” kitabı”na da düşə bilər. “Azercell”in saxta kampaniyalarla insanları öz toruna salmaq şakəri də uzun müddətdir davam edir. Şirkət hər vəchlə çalışır ki, abonentin konturunu asanlıqla “yesin”.

Abonentlərdən birinin bildirdiyinə görə, o, qəbul imtahanlarının nəticələri  ilə bağlı göndərdiyi “SMS”ə hələ də cavab ala bilməyib. Yenə də ötən yazımızda qeyd etmişdik ki, digər “Azercell” abonenti bu mobil operatorun yarıtmaz xidmətindən əsəb və stress keçirib. Abonentin söylədiyinə görə, bir dəfə ona  “ulduz falı” ilə bağlı bir mesaj gəlir. O, mesajı rədd etməyə cəhd edir. Lakin bilmədən başqa bir düyməni basır. Nəticədə hər gün ondan istəmədiyi halda 14 qəpik çıxılır. Abonentin bildirdiyinə görə, mesajı ləğv etmək üçün elə həmin mesajdakı nömrəyə “stop” yazıb göndərir. Lakin bir neçə gün həmin mesajı qəsdən qəbul etmirlər. Beləliklə də minlərlə abonent onların bu hiyləgərliklərinin qurbanına çevrilir.

Başqa bir abonent isə bildirir ki, 5 manatlıq kontur yükləmişdim. Mənə mesaj gəldi ki, kreditiniz sona çatdı. Halbuki mən kredit götürməmişdim. Müraciət edəndə absurd ifadələrlə məni yola verməyə çalışdılar. Açıq-aydın hiss edilirdi ki, haqsızdırlar, ancaq boyunlarına almaq istəmirlər. Axırda əlacsız qalaraq “sim” nömrəmi bir xeyli bağlı saxladım və kontur yükləmədim.

Dəfələrlə qeyd etdiyimiz kimi, bu yazdıqlarımız “Azercell” mobil operatorunun abonentlərinə sərgilədiyi hörmətsizliyin və hiyləgərliyin heç də hamısı deyil. Belə yüzlərlə abonent şikayətləri mövcuddur ki, bu da cəmiyyətdə çox ciddi narazılıq yaradır. Təbii ki, bütün bunlara görə bu mobil operatorun xidmətini əsəb xidməti kimi dəyərləndirənlər də var.  

“Azercell” kimi mobil operatorun müştərilərinə qarşı bu hörmətsizliyinin bir səbəbi də ölkəmizin mobil operator bazarında bu kimi xidmətlərin sayının az olmasıdır. Hər zaman böyük sərmayələrə açıq olan ölkəmizdə daha bir neçə mobil operatorun olması vacibdir ki, insanların seçimi daha geniş olsun. Onda “Azercell” kimi mobil operatorlar yaxşı anlayarlar ki, müştəri hər zaman haqlıdır.

Elçin Zaman, “İki sahil”