17 sentyabr 2020 18:17
1235

“Azərikimya”da növbəti qanvermə aksiyası keçirilib

Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara və digər xəstəliklər səbəbindən qana ehtiyac duyan insanlara dəstək məqsədilə sentyabrın 17-də SOCAR-ın “Azərikimya” İstehsalat Birliyində növbəti qanvermə aksiyası keçirilib.

Bu nəcib aksiya kimyaçıların təşəbbüsü ilə müəssisənin baş ofisində reallaşıb. “Azərikimya” İB-nin dəvəti ilə B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankı tərəfindən ezam olunmuş xüsusi tibbi briqada yüzlərlə könüllü kimyaçıdan qan götürüb.

Xüsusi karantin rejimi qaydalarının tələblərinə uyğun şəkildə təşkil edilən bu xeyirxah təşəbbüsdə kimyaçılar əvvəlcə müayinədən keçiblər.

“Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı” Dövlət Proqramı çərçivəsində “Azərikimya” İB-də qanvermə aksiyası 2010-cu ildən bəri davamlı olaraq hər il keçirilir. Bu il isə bu aksiya iki dəfə təşkil edilib. Bundan öncə - aprel ayında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsünə qoşulan SOCAR-la birlikdə "Azərikimya" İstehsalat Birliyinin kimyaçıları da ölkəmizdəki irsi qan xəstələrinə və digər ehtiyaclı insanlara dəstək üçün qan veriblər.