03 may 2019 19:35
1887

“Azəriqaz”: Bütün nöqsanlar aradan qaldırılacaq

Mayın 3-də SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyində (İB) Azərbaycan Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirdiyi haqlı iradların aradan qaldırılması  istiqamətində görüləcək işlərlə bağlı geniş müşavirə keçirilib. Tədbirdə energetika nazirinin müavini Elnur Soltanov, Enerji Məsələlərinin Tənzimləmə Agentliyinin sədri Samir Axundov, “Azəriqaz” İB-nin baş direktoru Əkbər Hacıyev və Birlik rəhbərliyinin nümayəndələri iştirak  ediblər.

Birliyin baş direktoru Ə.Hacıyev qeyd edib ki, cənab Prezidentin apardığı uğurlu islahatlar və qazlaşdırmaya göstərdiyi böyük diqqət və qayğının nəticəsində 2009-2019-cu illər ərzində 2349 qəsəbə və kənddə qazlaşdırma işləri tam başa çatdırılıb. Qazlaşma səviyyəsi 95.7 faizə olub. Ölkə üzrə təbii qazla təmin olunan əhali abunəçilərinin sayı 2 milyon 183 mini keçib. Ötən dövr ərzində ümumilikdə uzunluğu 51915 kilometrdən artıq müxtəlif diametrli daşıyıcı və məhəllə daxili qaz xətti çəkilib, 9742  kilometrə yaxın boru xətti isə əsaslı təmir olunmuşdur. Görülən bu işlər ölkə başçısının vətəndaşların sosial rifahının yaxşılaşdırılması və hər zaman sadə vətəndaşlara diqqətinin bariz nümunəsidir.

Ə.Hacıyev qeyd edib ki, Nazirlər Kabinetinin iclasında cənab Prezidentin “Azəriqaz” istehsalat Birliyi ilə bağlı bildirdiyi haqlı iradlarının aradan qaldırılması istiqamətində işlər aparılmaqdadır və qısa zaman ərzində həmin nöqsanlar aradan qaldırılacaq. Hazırda “Azəriqaz” İB-də qeyd olunan çatışmazlıqların aradan qaldırılması üçün tədbirlər proqramı işlənilir. Həmin tədbirlər proqramına uyğun olaraq bütün nöqsanlar aradan qaldırılacaq.

Bununla əlaqədar olaraq qaz təchizatı üzrə abonentlərdən daxil olan müraciətlərin obyektiv araşdırılması və operativ həlli ilə bağlı “Azəriqaz” İstehsalat Birliyinin,  Energetika Nazirliyinin və Enerji Məsələlərinin Tənzimləmə Agentliyinin nümayəndələrinin iştirakı ilə İşçi Qrupu yaradılıb. Yaradılan İşçi Qrupu tərəfindən abonentlərdən daxil olan müraciətlərin ciddi təhlil olunması, araşdırılması və həlli istiqamətində abonentlərin özlərinin iştirakı ilə davamlı tədbirlər görəcəklər.

Abonentlərin sayının və istehlakçıların sayının artması qaz təchizatında təzyiqin aşağı düşməsinə və bəzi hallarda fasilələrin yaranmasına səbəb olur. Bu kimi halların qarşısının alınması istiqamətdə respublika ərazisində ciddi işlərin aparılması planlaşdırılır. Belə ki, ilk öncə istismar müddətini başa vurmuş qaz tənzimləyici avadanlıqlar, qurğular, o cümlədən də qaz xətləri yeniləri ilə əvəzlənməsi, artan qaz tələbatı ilə əlaqədar kiçik diametrli boruların böyük diametrli müasir standartlara cavab verən polietilen yeraltı qaz xətləri ilə əvəz olunması, eləcə də yeni qazlaşdırılan bütün yaşayış məntəqələrində şəbəkənin qurulmasının “bir pilləli” tənzimləmə sistemi əsasında aparılmasıdır ki, bu da hər bir abonentin fərdi qaz tənzimləyicisindən istifadə etməsinə, istehlakçılara verilən qazın sabit və texnoloji rejimdə saxlanılmasına zəmin yaradacaq.

Bu və görülən digər işlər abonentlərlə münasibətləri daha da möhkəmləndirəcək və göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsinə imkan yaradacaq.