11 avqust 2020 15:59
5092

"Azəriqaz" İB-də müştəri məmnuniyyəti prioritet məsələdir

"Birlik indiki çətin və mürəkkəb dövrdə fəaliyyətini yeni iş metodlarına və davranış qaydalarına uyğun qurmağı bacarıb"

Bu gün hər bir abonentin məmnunluğu və təhlükəsiz, texnoloji parametrlərə uyğun qazla təminatı «Azəriqaz» İStehsalat Birliyinin (İB) əsas fəaliyyət prioritetidir. Bundan başqa, təmir-tikinti, payız-qış mövsümünə hazırlıq işlərini operativ yerinə yetirmək, vətəndaşı narahat edəcək məqamlar, qaz dayanmaları, qazın təzyiqi ilə bağlı problemləri operativ araşdırmaq və yerinə yetirmək də gündəlik iş rejiminin mahiyyətini təşkil edir.

Lakin 2020-ci ilin ilk aylarından koronavirus  pandemiyasının (COVID-19) yaratdığı ciddi problemlərə görə sərtləşdirilmiş karantin rejimi bir çox xidmət sahələri kimi, SOCAR-ın «Azəriqaz» İstehsalat Birliyindən də yan keçmədi.  Məhz belə bir çətin və mürəkkəb dövrdə Birlik fəaliyyətini yeni iş metodlarına və davranış qaydalarına uyğun qurmağı bacardı.

Bu barədə «İki sahil»ə danışan «Azəriqaz» İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev bildirdi ki,  bu dövr «Azəriqaz» İB üçün də asan keçmədi: «Qazlaşma proqramlarının icrası üçün zəruri tədbirlər istisna edilməklə satınalmalar minimuma endirildi. Lakin Birlik bütün qüvvəsini səfərbər edərək problemlərin həllində fəal olmağa, çətinlikləri tez bir zamanda aradan qaldırmağa və ən vacibi abonentlərin məmnuniyyətini qazanmağa nail oldu.

Ümumiyyətlə, 2020-ci ilin 6 ayının yekunlarına nəzər yetirsək müsbət tendensiyanı aydın görmək olar. Bununla belə, xüsusi karantin rejimi bizim üçün bir sınaq oldu və fövqəladə durumlarda necə davranmalı olduğumuz üçün ekstermal planlarımızın işlək vəziyyətini  sınaqdan keçirdik. Məsələn, idarəetmədə onlayn sistemə keçməyimiz deyərdim ki, qarşımızda yeni bir istiqamət açdı. Bu, gələcəkdə də bir sıra hallarda tətbiq ediləcək təcrübəyə çevrilə bilər.»

2020-ci ildə 14 yeni yaşayış massivi qazlaşdırılıb və hazırda 30 yaşayış məntəqəsində,
27 yeni yaşayış massivində qazlaşma davam edir

Ruslan Əliyev ölkəmizdə aparılan qazlaşdırma barədə məlumat verərək bildirdi ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin ölkəmizdə aparılan qazlaşmaya dair sosial siyasətindən irəli gələn konkret vəzifələrimiz mövcuddur: «Məhz həmin vəzifələri əsas götürərək pandemiya dövründə belə qazlaşmanı dayandırmadıq. Cənab Prezident elə pandemiyanın başlandığı ilk dövrdə qazlaşmaya dair ardıcıl 4 Sərəncam imzaladı. Dövlət büdcəsindən ayrılan vəsait əsasında hazırda Gəncə şəhəri, Daşkəsən, Göygöl, Samux, Abşeron, Xızı, Siyəzən, Şabran, Ağdaş, Göyçay, Ağstafa, Gədəbəy, Şəmkir və Tovuz rayonlarında qazlaşma işləri həyata keçirilir. Ümumilikdə  2020-ci ildə 14 yeni yaşayış massivi qazlaşdırılıb. Hazırda isə 30 yaşayış məntəqəsində və 27 yeni yaşayış massivində qazlaşma davam edir. 2019-cu ildə Bakı şəhəri üzrə  dövlət vəsaiti hesabına 6 yeni yaşayış massivi üzrə minə yaxın fərdi yaşayış evinə qaz çəkilib. 2020-ci ildə isə 31 yeni yaşayış massivi üzrə 6 minə yaxın fərdi yaşayış evinə qaz çəkilişlərinə başlanılıb. Bu yaşayış massivlərindən 19-da işlər tamamlanıb, 12-də isə qazlaşma prosesinin ilin sonunadək yekunlaşdırılması nəzərdə tutulub. 2019-2020-ci illərdə Bakı şəhərində qazlaşma işləri zamanı ümumi uzunluğu 500 km-ə yaxın yeni qaz xətləri çəkilib. Paylayıcı, daşıyıcı qaz xətlərinin çəkilişi, fərdi yaşayış evlərinə qaz sayğaclarının quraşdırılması və hər bir evin mətbəxindəki qaz sobasına qədər qaz xəttinin çəkilişi Dövlət proqramları əsasında dövlət büdcəsindən ayrılan vəsait hesabına təmin olunub. 6 ay ərzində 583,1 km uzunluğunda yeni qaz xətti çəkilib. 57 ədəd qaz tənzimləyicisi, 58 ədəd müxtəlif diametrli siyirtmə və rəzələr quraşdırılıb. Plan üzrə 1125 qaz xəttindən 386-sı kipliyə sınaq olunub. Yanvar-iyun aylarında 41 979,5 metr yeraltı, 111 748,3 metr yerüstü qaz kəmərlərinə texniki baxış aparılıb. Bundan başqa, 96 942 qaz sayğacı dövlət yoxlamasından keçirilib ki, bu da 2020-ci il üçün planlaşdırılan yoxlamanın 66 faizini təşkil edir. İyul ayının 1-nə olan statistikaya görə, Birlikdə qeydiyyatda olan əhali abonentlərinin  sayı 2 milyon 284 min 980 təşkil edir.»

Son 5 ildə əhali  abonentləri üzrə artım 570 mindən çox olmaqla
ölkədə sayğaclaşma səviyyəsi 100 faiz təşkil edir

Ruslan Əliyev son 5 ilin statistik göstəricilərinə də toxundu: «Qazlaşdırılma tədbirləri ilə bağlı 2015-2020-ci illərdə dövlət büdcəsindən ayrılmış vəsait hesabına ölkənin müxtəlif  bölgələrində 301 min əhali abonentini əhatə etməklə 905 yaşayış məntəqəsi və 51 yeni yaşayış massivi qazlaşdırılıb. Həmin dövrdə müxtəlif bölgələrdə ümumilikdə 27 395 km yeni qaz xətti çəkilib. Qazlaşdırılma işləri hal-hazırda davam etdirilir. Bundan əlavə,  «Azəriqaz» İB imkanlarını səfərbər etməklə qaz təsərrüfatı şəbəkəsində genişmiqyaslı işlər görüb. Bu işlərin və fərdi qazlaşmaların nəticəsində 2015-2020-ci illərdə 274 min yeni əhali abonenti təbii qazla təmin olunub. Qaz təchizatı şəbəkəsində yenidənqurma və əsaslı təmir işlərinin aparılması zamanı son 5 ildə Birlik daxili imkanlar hesabına müxtəlif bölgələrdə ümumən 2610 km qaz xəttini yenidən qurub.  Bir sözlə, əgər 2015-ci ilin əvvəlində əhali abonentlərinin sayı 1 milyon 710 min olmuşdusa, 2020-ci ilin iyul ayının 1-nə isə bu göstərici 2 milyon 285 minə çatmışdır. Yəni, əhali abonentləri üzrə artım 570 mindən çox olmuşdur. Ölkədə sayğaclaşma səviyyəsi 100 faiz təşkil edir. Dayanıqlı qaz təminatının həyata keçirilməsi üçün mövcud xətlərə alternativ xətlərin yaradılmasına da diqqəti artırmışıq. Bir məqamı da qeyd etmək istərdim. Fəaliyyətimizdə yeni bir tendensiyaya da üstünlük veririk. Bunlar sosial aksiyalardır. Belə ki, Ramazan və Qurban bayramları ərəfəsində bir çox aztəminatlı ailələrin qaz çəkilişlərini Birliyin hesabına icra etdik. Qarabağ qaziləri, şəhid ailələri, əlillər və digər imtiyazlı kateqoriyadan olan insanlar daim diqqətimizdədir. Bu, dövlətimizin başçısı cənab İlham Əliyevin  sosial siyasətinin tərkib hissəsidir. Ona görə də bu siyasətə sadiq olaraq biz də vətəndaşların xidmətində olmağımızı özümüzün əsas vəzifəmiz hesab edirik.»

Ötən ilin 6 ayının göstəriciləri ilə müqayisədə qaz itkilərində 1,3 faiz azalma var

«Azəriqaz» İB-nin fəaliyyətində önəmli məsələlərdən biri olan təbii qaz itkisinin minimuma endirilməsi işindən danışan baş direktor bildirdi ki, ötən ilin 6 ayının göstəriciləri ilə müqayisədə qaz itkilərində 1,3 faiz azalma var: «Buna hər il icra edilən tədbirlər proqramı əsasında şəbəkədə aparılan yenilənmə işləri və digər islahatlarla nail olunub. Qaz xətlərinə və sayğaclara qeyri-qanuni müdaxilələr ötən ilin 6 ayı ilə müqayisədə 1699 fakt azalıb. Qanunsuz müdaxilələrin azalmasının əsas səbəbi abonentlərlə aparılan maarifləndirmə işləri və yerlərdə nəzarətin gücləndirilməsidir. «104 Operativ Xidmət» şöbəsi 6 ay ərzində 574 697 müraciət qəbul edib. Müraciətlərin operativ cavablandırılması üçün imkanlar genişləndirilib, işçi sayı 9 nəfər artırılıb. «104 Operativ Xidmət»in fəaliyyətini dəyərləndirmək üçün cari ilin iyun ayı ərzində sosial şəbəkədə aparılmış anket-sorğunun nəticəsinə əsasən, respondentlərin müxtəlif suallar ətrafında xidmətdən razılığı 82-91 % arasında dəyişib. «Asan Kommunal», «Asan xidmət» və «KOB» Evi mərkəzləri vasitəsilə 6 ayda 121 733 müştəri müraciətinə baxılıb.»

Digər çox önəmli məsələ isə Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq «Azəriqaz» İB-nin rəhbərliyinin regionlarda əhali ilə görüşlərinin keçirilməsi və onların problemlərinin həllinə nail olunması idi. Pandemiya dövründən əvvəl bu istiqamətdə «Azəriqaz» İB-nin baş direktoru Ruslan Əliyev həm ötən il, həm də 2020-ci ildə xeyli görüşlər keçirib. Təbii ki, bu görüşlər inzibati- bürokratik amillərin geridə buraxılmasına, vətəndaşlarla canlı ünsiyyətə,onların problemlərinin həllinə operativ yanaşmasına ciddi kömək edən məqamlardır.

Bu barədə Ruslan Əliyev bildirdi ki, pandemiya dövründə abonentlərin problemlərinin həllinə daha ciddi və səmərəli qaydada yanaşılıb: «Belə ki, hər bir abonentin şikayət və iradları, təklif və təşəbbüsləri İB-nin peşəkar əməkdaşları tərəfindən vaxtında dəyərləndirilib və həllinə nail olunub. Nəinki Birliyə rəsmi şəkildə müraciət edənlərin, hətta mətbuatda, sosial şəbəkələrdə abonentlərin təbii qaz təchizatı ilə bağlı problemləri aşkar olunduqda onların müsbət həlli məsələsi yerində və dərhal reallaşıb. Məhz bu tendensiya «Azəriqaz» İB-yə müştəri məmnuniyyəti qazandıran mühüm amilə çevrilib.»

Elçin Zaman, «İki sahil»