04 iyul 2019 16:07
1927

“Azəriqaz” İB-nin rəhbərliyi cənub bölgəsində

Prezident İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının, digər qurumların rəhbərlərinin və onların müavinlərinin 2019-cu ilin iyul ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, iyulun 4-də “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Əkbər Hacıyev Lənkəran şəhərində, birliyin baş direktorunun müavinləri Ramil İsgəndərov Astara, Ruslan Əliyev isə Masallıda vətəndaş qəbulu keçiriblər.

Birlikdən bildirilib ki, qəbulda Lənkəran, Lerik, Astara, Masallı və Yardımlı rayonlarından olan vətəndaşların müraciətlərinə baxılıb. Vətəndaşların müraciətlərinin əksəriyyəti yaşayış məntəqələrinin qazlaşdırılması, işə qəbul, qaz xətlərinin yerinin dəyişdirilməsi və müxtəlif məsələlərlə bağlı olub.

“Azəriqaz” İB-nin rəhbərliyi hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verib. Vətəndaşların qəbul zamanı qaldırdıqları məsələlərin bir qismi yerindəcə həll olunub. Birliyin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə müvafiq orqanlara çatdırılması üçün qeydiyyata alınıb və nəzarətə götürülüb.

Bölgə sakinlərinin yerlərdə qəbulu və müraciətlərinə baxılması üçün rahat, əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edən vətəndaşlar göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.