05 noyabr 2019 17:19
93

“Azərsu” yeni elektron portal hazırlayacaq

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti vətəndaşlara göstərilən xidmətlərin daha əlçatan olması, müraciətlərin asanlaşdırılması, göstərilən xidmətlərdə operativliyin artırılması və şəffaflığın təmin edilməsi məqsədilə yeni elektron portalın hazırlanmasını nəzərdə tutub.

ASC-dən bildirilib ki, yeni portalda vətəndaşlar üçün şəxsi kabinetlər yaradılacaq. İstifadəçilər şəxsi kabinetləri vasitəsilə “Azərsu” ASC haqqında məlumatlar, xəbərlər və elanlarla tanış olmaq, su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə elektron qaydada ödənişlər etmək, o cümlədən portal üzərindən elektron arayışlar, informasiya sistemlərində toplanılan fərdi məlumatlar, faktura və ödəniş məlumatları, həmçinin digər sənədləri əldə etmək, portal vasitəsilə rəy və təkliflər bildirmək imkanı əldə edəcək.

“Azərsu” ASC yeni hazırlanacaq portalın loqosunun hazırlanması məqsədilə müsabiqə elan edir. Müsabiqənin şərtlərinə əsasən loqo portalın mahiyyətinə, “Azərsu” ASC-nin fəaliyyət sahəsinə aid olmalıdır. Loqoda bayraq atributlarından istifadə olunmamalı, su ilə əlaqəli atributlardan istifadə edilməlidir. Portal abonentlərə göstərilən bütün xidmətlər barədə məlumatları özündə əks etdirəcək. Bu, uyğun bir formada loqoda nəzərə alına bilər. Loqonun “favicon”u olmalıdır. Loqo dizaynı bir neçə versiyada hazırlanmalıdır.

Nümunələr noyabrın 22-dək təqdim olunmalıdır. Nümunələr münsiflər heyəti tərəfindən qiymətləndiriləcək və müsabiqənin qalibi 500 manat məbləğində mükafatlandırılacaq.