04 fevral 2019 17:24
407

“Azpetrol” Salyanda yeni - ikinci yanacaqdoldurma məntəqəsini açıb

Fevralın 2-də “Azpetrol” şirkəti Salyan rayonunda, Bakı-Astara magistral yolunun üzərində özünün yeni yanacaqdoldurma məntəqəsini (YDM) açıb. Bu, “Azpetrol”un sayca 90-cı yanacaqdoldurma məntəqəsidir.

Yeni məntəqənin açılışında Salyan rayon İcra Hakimiyyətinin nümayəndəsi və digər qonaqlar iştirak edib.

YDM-in açılışında çıxış edən “Azpetrol” şirkətinin baş direktoru Ceyhun Məmmədov bildirib ki, bugünkü məntəqənin açılışı əlamətdar günə, Gənclər Gününə təsadüf edir: “Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin gələcək inkişafında dərin izlər buraxıb. Ulu Öndərin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gənclər Günü elan edilib. Müasir dövrdə elmin və texnologiyanın sürətli inkişafı, postneft dövrünün başlanması Azərbaycan dövlətinin də gənclərlə bağlı zamanın tələblərinə uyğun siyasət yürütməsini zəruri edib. Bu zərurəti nəzərə alan Ulu Öndərin siyasətinin davamçısı Prezident İlham Əliyev gənclərin intellektual, fiziki və mənəvi inkişafını, ölkənin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında fəal iştirakını təmin etmək məqsədilə 2015-ci il yanvarın 26-da “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb”.

Şirkətin baş direktoru daha sonra vurğulayıb ki, 2018-ci ildə “Azpetrol” bütün dünyada tanınan bir Azərbaycan layihəsi olan “ASAN xidmət” ilə birgə Şamaxı və Kürdəmir rayonlarında kompleks məntəqələrin inşasına başlayıb. “ASAN xidmət” mərkəzləri qeyd olunmuş rayonlarda kompleks şəkildə məntəqələrin yerləşdirilməsi əhalinin rahatlığı üçün həyata keçirilir. Adıçəkilən xidmət mərkəzlərində nəinki həmin rayon əhalisi, hətta qonşu və daha uzaq rayonların sakinlərinə də xidmət göstərilməsi planlaşdırılır: “Azpetrol” şirkətinin əsas məqsədi respublika iqtisadiyyatının özəl sektorunda tutduğu mövcud mövqeyini qoruyub saxlamaq və daha yüksək nailiyyətlər əldə edərək iqtisadiyyatımızın inkişafına töhfələr verməkdir. Salyanda ikinci, yeni məntəqənin istifadəyə verilməsi ilə 23 daimi iş yerinin açılması məsələsi həll olunur ki, bu da şirkətin prioritet istiqamətlərindən biridir”.

“Azpetrol” şirkəti bundan sonra da yanacaqdoldurma məntəqələr şəbəkəsini genişləndirməyi planlaşdırır. Belə ki, şirkət yaxın vaxtlarda Kürdəmir və Şamaxı rayonlarında da yeni yanacaqdoldurma məntəqələrinin istismara verilməsini nəzərdə tutur.

Bundan əlavə, şirkət Bakıda da bir neçə YDM-in tikintisini planlaşdırır.