17 sentyabr 2019 15:39
1313

AzTU-da “Bilik Günü”nə həsr olunmuş tədbir keçirilib - FOTO

Sentyabrın  16-da Azərbaycan  Texniki  Universitetində (AzTU) 2019-2020-ci tədris ilinin başlanmasına və “Bilik Günü”nə həsr edilmiş təntənəli tədbir keçirilib.

Universitetdən “İki sahil”ə verilən məlumata görə, iştirakçılar əvvəlcə ulu öndər Heydər Əliyevin universitetin foyesindəki büstü önünə tər çiçək dəstələri düzüb, Onun əziz xatirəsini ehtiramla yad ediblər.

Sonra universitetin binası qarşısında bu əlamətdar hadisəyə həsr edilmiş mitinq keçirilib.

Azərbaycan Respublikasının Dövlət himni səsləndirildikdən sonra AzTU-nun  rektoru, professor Vilayət Vəliyev tədbiri açaraq  qonaqları, professor-müəllim  heyətini, tələbələri, valideynləri “Bilik Günü” və yeni tədris ilinin başlanması münasibətilə təbrik  edib.

Tədbirdə çıxış edənlər yeni qəbul olunmuş tələbələri təbrik edib və onların bilikli, özünə inanan, iradəli mütəxəssis kimi və ən əsası Vətənə faydalı vətəndaş kimi yetişmələrini arzulayıblar.

Tədbir qəbul imtahanlarında yüksək bal toplamış birinci kurs tələbələrinə xatirə hədiyyələri və tələbə biletlərinin təqdim edilməsi ilə başa çatıb.

 Qeyd edək ki, bu il AzTU-nun bakalavr səviyyəsinə 1509, magistratura səviyyəsinə isə 308 gənc qəbul olunub.