08 avqust 2019 11:13
196

Azyaşlılar onlayn təhlükənin ağuşunda DİQQƏT!

İnternetin davamlı və sürətli inkişafından yaranan, ictimai sferaya da mənfi təsirsiz ötüşməyən texnoloji yeniliklərdən biri virtual oyunlardır. Danılmaz faktdır ki, müasir dövrdə insanların psixologiyasına təsir edən, bəzən hətta onları intihar səviyyəsinə çatdıran kifayət qədər oyunlar var. Bu cür onlayn “əyləncələrin” ilk hədəfə aldığı isə məhz azyaşlılar olur.

Müasir uşaqlar oyuncaqlara deyil də, daha çox müasir texnoloji alətlərə maraq göstərirlər. Belə ki, onları daha çox mobil telefonlar, kompyuterlər, virtual oyunlar və internet cəlb edir. Azyaşlılara mavi ekran arxasından qəddarlığı, sərtliyi, riski təbliğ edən bu cür internet oyunları gələcəkdə bir çox fəsadlara yol aça bilər.

Sual doğuran əsas nüans isə budur ki, uşaqlarımızı necə qorumalı?

Psixoloq Zeynəb Eyyubova  mövzu ilə bağlı qəzetimizə açıqlamasında bildirdi ki, valideynlər tərəfindən uşaqlarının düzgün tərbiyələndirmə metodunun seçilməsi vacib amildir: “İndiki zəmanədə azyaşlı artıq böyüdüyünü düşünür, özünü uşaq saymır, bəlkə də uşaq necə olur, nə ilə başını qatır, necə əylənir, bunu dərk eləmir. İnformasiya komminakasiya mühiti uşaqla yetkin insan arasında məsafəni olduqca kiçik həddə gətirib. Əvvəllər uşaqları evdə tapmaq müşkül məsələ olurdu. Həyətda yığışaraq “Gizlənqaç”, “Ortadaqaldı”, “Yeddi şüşə” kimi kollektiv oyunlar balacaların ömrünə rəng qatar, yeni dostlar qazandırardı. Hazırda isə uşaqlar az qala ətraf aləmlə ünsiyyəti yalnız internetlə qururlar.Uşaqların canlı mühitlə əlaqəsinin düzgün təmin olunmasında valideynlər üzərinə böyük məsuliyyət düşür. Valideynlər bu prosesdə uşaqların dostu kimi iştirak etməlidirlər ki, onları internetdəki zərərli oyunlardan qoruya bilsinlər. Bu kimi zərərli informasiyalar, oyunlar uşaq psixologiyasına pis təsir edir. Elə valideynlər də var ki, onların texnologiyadan istifadə səviyyəsi çox zəifdir. Belə olduqda isə təhsil müəssisələri müəyyən qədər köməklik göstərə, məktəblərdə bununla bağlı tədbirlər keçirilə bilər. Eyni zamanda, media və televiziya vasitəsilə valideynlərə bu məsələnin hərtərəfli izah edilməsi mümkündür. Ümumiyyətlə, hazırda kompyuterdən, internetdən asılılıq problemi var. Bəzi valideynlər uşaqları konsultasiyalara gətirib deyirlər ki, kompyuteri, telefonu onların əlindən ala bilmirlər. Bu zaman uşaqlar aqressiv olur, sındırır, dağıdır və s. Narkotikdən, spirtli içkidən olduğu kimi, kompyuter oyunlarından, internetdən da asılılıq yaranması mümkündür. Çox yaxşı olar ki, bu vəziyyətdə uşaqları mütəxəssislərə, psixoterapevtlərə, klinik psixoloqlara göstərsinlər. Valideynlərin də uşaqlar üçün nəzərdə tutulmuş psixoloji təlimlərdə iştirak etməsi yaxşı olardı. Çalışmaq lazımdır ki, uşaq asudə vaxtını daha xeyirli, faydalı işlərə sərf etsin. Şahmat oynamaq, xarici dil kursları, dərnəklər, rəqs, üzgüçülük bu cəhətdən çox faydalıdır. Bundan başqa, maraqlı hobbilər tapmaq olar: uşaqda bitkilərə, heyvanlara qarşı sevgi aşılamaq lazımdır. Hətta internetdən istifadə zamanı qarşımıza çıxan tövsiyə xarakterli oyunlar arasında insan psixologiyasına mənfi təsir etmək gücündə olanları da var. Son vaxtlar kompyuter,telefon və planşetlər daha əlçatan olduğu üçün bu problem daha da artıb. Valideynlər açıq-aşkar büruzə vermədən övladlarının xüsusilə mobil telefonlar üzərindən daxil olduqları tətbiqlərin tarixçələrinə və adlarına nəzarət etməlidirlər. Beləliklə də, azyaşlılara psixoloji zərər yetirə biləcək cinayətkarlıq, zorakılıq, irqçilik, diskriminasiya və ekstremizmi təbliğ edən oyun və filmlərin daxil olduğu resurslara daxil olma ehtimalları və yollarını məhdudlaşdıra bilərlər”. 

Ekspert onu da əlavə etdi ki, ailənin uşaqlarla birlikdə keçirdiyi zaman çox olmalıdır:” Birinci növbədə ailələr özləri diqqətli olmalıdırlar ki, uşaqlar bahalı mobil telefonlardan, kompyuterdən müəyyən qədər məsafədə olsunlar. Bu şüalanmadan tutmuş uşağın əqli düşüncəsinə, psixikasına qədər mənfi təsir edir. Bütün günü qapalı yerdə böyüyən uşaq nədən və necə istifadə edəcəyini bilmir və nəticədə, onda stress yaranır ki, bu da müəyyən komplekslərə yol açır. Valideynlər uşaqlardan ünsiyyəti, sevgini, qayğını, paralel olaraq da diqqəti əskik olmamalıdır. Texnoloji vasitələr deyil, məhz ailə övladlarınızın təsəlli və dayağı olmalıdır. Ailədaxili əlaqələri artırmaq üçün birlikdə keçirilən vaxtların keyfiyyətini artırmaq olduqca önəmlidir. Beləliklə, gənclərimizi və uşaqlarımızı virtual dünyadan çəkərək real dünyanın fərqində olmaqlarını təmin edə bilərik”. 

Zeynəb Əyyubova onu da vurğuladı ki, ilk baxışdan adi əyləncə kimi görünən virtual oyunlar uşaqlarda möhkəmlik, dözümlülük deyil, əksinə qorxaqlıq, çarəsizlik yaradır. Birmənalı şəkildə virtual oyunlardan asılılıq uşaqlarda ünsiyyət problemlərinə yol açır. Bütün günü evində oturub oyun oynayan uşaq sözsüz ki, ünsiyyət çatışmazlığının gətirəcəyi fəsadlardan əziyyət çəkəcək. Eyni zamanda səbəbsiz aqressiyalara da tutulacaq. Uşaqlar canlı oyunlar oynayarkən bir-birləri ilə canlı ünsiyyətdə olurlar. Kompyuter oyunlarında isə emosiya yox səviyyəsində olur. Bütün hallarda uşaq oyun oynadığını dərk edir. Ancaq azyaşlı ölümün özünə belə xüsusi hal kimi baxmır. Ona görə də çox diqqətli olmaq lazımdır. Bu gün cəmiyyətimizin internetdən, texnoloji vasitələrdən bütün məqsədlər üçün deyil də, daha çox  yararlı və səmərəli formada istifadə etməsi daha doğru olardı.

Sonda bu qənaətə gəlmək olar ki, bu cür oyunlar uşaqlar və yeniyetmələrdə “izlər”qoyur. Davranış asılılığı, asosiallıq, ailədaxili münasibətlərin pozulması, çox zaman səbəbsiz aqressiya, qərəz, psixoloji pozğunluq, asılılıq, gördüyü hərəkətləri təqlid etməsi, yuxu zamanı oyundan olan döyüş, qətl epizodlarının təkrarlanması və davam etməsi. İzlər dedikdə nəzərdə tutduğum bu məqamların hər biri ayrı-ayrılıqda ciddi fəsad və zərbə mahiyyəti daşıyır. Deməli, həyatımızı, yaşam şərtlərimizi asanlaşdıran və rahatladan internet, uşaqları və gəncləri virtual məcəraların “ağuşuna atır”. Buna görə də planşet, mobil telefon, kompyuter kimi modern alətləri  uşaqlar üçün həm çox erkən yaşlarda, həm də bu qədər əlçatan etmək doğru deyil.

Yaqut Ağaşahqızı, “İki sahil”