04 noyabr 2019 21:01
127

Bağdadda polis etirazçılara atəş açıb

Bu gün polis İraqın paytaxtında etiraz aksiyasının iştirakçılarını atəşə tutub.

AZƏRTAC Sky News Arabia telekanalına istinadla xəbər verir ki, insident nəticəsində azı beş nəfər həlak olub.

Son məlumata əsasən, təhlükəsizlik qüvvələri Bağdadın mərkəzi rayonundakı Ər-Rəşid küçəsində etirazçılara qarşı odlu silahdan istifadə edib. Hazırda nümayişçilər şəhərin mərkəzində yerləşən “Təhrir” meydanına soxulmağa çalışır. Polis onların qarşısını almaq üçün dəyənəklərdən istifadə edir. Təhlükəsizlik qüvvələri ilə toqquşmalar nəticəsində, həmçinin onlarla insanın xəsarət aldığı bildirilir.

Xatırladaq ki, oktyabrın 1-də İraqda həyat şəraitinin yaxşılaşdırılması, səhiyyə, təhsil sahələrində, əmək bazarında, həmçinin korrupsiya ilə mübarizədə problemlərin həlli tələbi ilə etiraz aksiyaları başlayıb. Etirazçılar Baş Nazir Adil Abdulmehdinin istefasını tələb edirlər. Paytaxtda və bəzi əyalətlərdə keçirilən dinc etiraz aksiyaları sonradan iğtişaşlara çevrilib.