13 avqust 2019 16:42
287

"Bağırsaq qripi" nədir?

Bağırsaq qripi, çirkli əllərin xəstəliyi də adlandırılır. Bu yoluxucu xəstəlik çox vaxt uşaqlar tərəfindən "gətirilir" və bir neçə gün ərzində bütün ailənin düzəni pozulur. Xüsusilə bağırsaq infeksiyalarının artması meyvələrin yetişmə mövsümünə təsadüf edir. Ürəkbulanma, qusma və ishalın yaranması keyfiyyətini itirmiş qidaların qəbulu ilə əlaqələndirilir, sanki ailənin bütün üzvləri "yanlış bir şey yeyiblər" kimi fikir formalaşır. Bir çox insan bağırsaq problemləri üzündən istirahətlərinin pozulmasından şikayət edir.

Bağırsaq qripini törədən nədir və yoluxma necə baş verir? Bağırsaq qripini antibiotiklərlə müalicə etmək cəhdləri nəticə vermir. Çünki bağırsaq qripinə səbəb rotaviruslardır: bütün virus infeksiyalarında olduğu kimi, bu vəziyyətdə də antibakterial dərmanlar faydasızdır. Simptomların başlanmasından sonra on gün ərzində virus nəcis ilə xaric olmağa davam edir. İçməli suyu yaxşı təmizlənməyən ərazilərdə rotavirus infeksiyası su ilə yayıla bilir. İctimai yerlərdə aparılan araşdırmalar nəticəsində viruslar telefonların üzərində, su içmək üçün qoyulan çeşmələrdə, oyun masalarında və s. yerlərdə aşkarlanmışdır. Məhz buna görə səyahətə, dincəlməyə yollanan bir çox insanı "səyahətçilərin diareyası" narahat edir.

Bağırsaq qripinin əsas simptomları. İnfeksiyaya yoluxandan etibarən ilk üç gün ərzində qusma, ishal, temperaturun yüksəlməsi, umumi halsızlıq və qarında ağrılar yaranır. Bu simptomlar üç -səkkiz gün davam edə bilər və susuzlaşma da daxil olmaqla ciddi ağırlaşmalara səbəb ola bilər. Belə bir vəziyyət həyat üçün təhlükəlidir və dərhal tibbi yardım lazımdır.

Bağırsaq qripinin müalicə və profilaktikası necə aparılır? Necə deyərlər: "Bağırsaq qripi: yoluxmaq asan, qurtulmaq çətin, unutmaq isə mümkün deyil". Bağırsaq qripinin yayla bağlı planlarınızı pozmaması üçün, bu xəstəliyin əsas profilaktika tədbirlərini bilməniz lazımdır. Onlar sadə və effektivdir: şəxsi gigiyena qaydalarına əməl edin (yeməkdən əvvəl, tualetdən istifadə etdikdən sonra, yemək hazırlamadan əvvəl əllərinizi yuyun), təmiz və termiki emal olunmuş qidalar qəbul edin, təhlükəsiz su və içəcəklərdən istifadə edin. Bu qaydalara riayət edin və heç vaxt xəstəliyə yoluxmayacaqsınız. Bundan əlavə, tətil planlaşdırarkən, özünüzlə götürmək üçün zəruri olan ilk yardım dəstini toplamağı unutmayın. Xüsusilə bağırsaq qripinin ilk əlamətlərini aradan qaldıran vasitələri götürməyi unutmayın. Nəzərinizdə saxlayın ki, bu virus infeksiyasıdır və antibiotiklər kömək etməyəcək.

İstər böyüklər, istər uşaqlarda bağırsaq qripinin müalicəsi əsasən simptomatik olaraq aparılır. Simptomatik müalicə bir neçə əsas istiqamətdə aparılır: simptomları (qusma, ürəkbulanma) aradan qaldırmaq, əsasən də ishalı dayandırmaq, itirilən maye miqdarını bərpa etmək, pozulmuş bağırsaq mikroflorasını bərpa etmək, virusun və onun toksinlərini xaric etmək üçün sorbentlərdən istifadə etmək, pəhrizi gözləmək, qaynadılmış və asan həzm olunan yüngül qidalardan istifadə etmək lazımdır.

Yay – hər kəsin səbirsizliklə gözlədiyi məzuniyyət dövrüdür! Sizə məzuniyyət müddətində xoş hava şəraiti, isti günəş və unudulmaz emosiyalar arzulayırıq.

Materialda əks olunmus məlumatlar müxtəlif qaynaqlardan, o cümlədən elmi-populyar məqalələr, internet materialları, rəsmi hesabatlar və s. əldə olunmuş, ümumiləşdirilmiş, tərcümə edilmiş və sistemləşdirilmişdir. Materiallardan istifadə olunduqda www.aptekonline.az saytına istinad olunma mütləqdir.