29 iyul 2020 15:22
703

Bahadur Kəngərli: Mənbələrimizdə böyük həcmdə yeraltı su ehtiyyatları mövcuddur

Prezident İlham Əliyev "Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Sərəncam imzalayıb. Sərəncamın tərkib hissəsi olan Tədbirlər Planında 2020–2022-ci illərdə bir sıra işlərin görülməsi istiqamətində müvafiq qurumlara tapşırıqlar verilib. Tədbirlər Planında “Azərsu” ASC-yə də müəyyən tapşırıqlar verilib. Məsələ ilə bağlı "Azərsu" ASC-nin Planlaşdırma və Layihələndirmə Departamentinin rəisi Bahadur Kəngərli “İki sahil”in suallarını cavablandırıb.

- Bahadur müəllim, öncə bilmək istərdik ki, mövcud su mənbələrinin araşdırılması ilə hansı işlər görüləcək?

- Məlum olduğu kimi, iyulun 27-də ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalanıb. Bu Sərəncamın tərkib hissəsi olan 2020-2022-ci illəri əhatə edən Tədbirlər Planında “Azərsu” ASC-yə konkret tapşırıqlar verilib. Tədbirlər Planının 5-ci bəndində əhalinin içməli su təchizatının təkmilləşdirilməsi istiqamətində görüləcək işlər öz əksini tapıb. Burada əsas istiqamət su mənbələri ilə bağlıdır. Yəni, iqlim dəyişmələrinin mövcud su mənbələrinə təsirinin qiymətləndirilməsinin aparılmasından və bununla bağlı təkliflərin hazırlanmasından söhbət gedir. Bundan əlavə, İkinci Bakı Su Kəmərinin məhsuldarlığının artırılması məsələsi qoyulub.  Bildiyiniz kimi, bu kəmər 1953-cü ildən istismar olunur. Kəmərin layihə gücü 2.73 kubmetr/saniyədir. Lakin bu gün biz bu kəmərin mənbəyindən 1.8-1.9 kubmetr/saniyə su götürə bilirik. Ona görə də həmin mənbədə əlavə quyuların qazılması, məhsuldarlığın artırılaraq layihə gücünə çatdırılması ilə bağlı texniki-iqtisadi əsaslandırma 2 ay müddətinə hazırlanmalı, ardınca layihənin reallaşdırılması nəzərdə tutulur. Eyni zamanda, Oğuz–Qəbələ–Bakı su kəmərinin məhsuldarlığının artırılması ilə bağlı texniki-iqtisadi əsaslandırmanın hazırlanması aparılacaqdır. Həmçinin sovet dövründə tikintisinə başlanılan və yarımçıq qalan III Şollar su kəmərinin mənbəyində araşdırmaların aparılması istiqamətində aidiyyəti dövlət qurumları ilə birgə iş aparılacaqdır. Bütün bu tədbirlər gələcəkdə Abşeron yarımadası, Bakı, Sumqayıt və Xırdalan şəhərlərinin su təminatında sabitliyin təmin olunması üçün bəri başdan atılacaq addımlardır. Qeyd edim ki, bu su kəmərlərinin mənbəyi Xaçmaz və Oğuz rayonlarında yerləşir. Həmin mənbələrdə kifayət qədər böyük həcmdə yeraltı su ehtiyatları mövcuddur.

- Neftçala şəhərinin su təchizatı ilə bağlı işlər hansı səviyyədədir?

- Şirin su ehtiyatının məhdud olduğu Neftçala rayonunun bütün yaşayış məntəqələrində içməli su təchizatı həmişə aktual olub. Neftçala şəhərində 1950-1970-ci illərdə tikilmiş içməli su təchizatı sistemləri istismar müddətini başa vurduğundan artan tələbatı ödəmək iqtidarında deyil. İndiyə qədər Neftçala şəhərinə içməli su Kür çayından götürülərək qismən təmizləndikdən sonra verilib. Cənab Prezident iyulun 23-də su təsərrüfatının vəziyyətinə həsr olunmuş videoformatlı müşavirədə xüsusi vurğulayıb ki, Neftçala şəhərinin içməli su təchizatı ilə bağlı proqramın icrası başa çatdırılmalıdır. 44 km-lik su xəttinin 10 km-ə yaxın hisssəsinin inşası artıq yekunlaşıb. Qarşımızda tapşırıq qoyulub ki, dekabr ayının 1-dək bu kəmər və su anbarı tam hazır olsun. Mövcud kəmərlə Şirvan-Muğan qrup su kəmərindən götürülmüş içməli su mövcud şəbəkələrə qoşulacaq. Bununla da insanlar içməli su ilə təmin olunacaqlar. Bu işlərlə paralel Neftçalanın digər yaşayış məntəqələrinin də su ilə təminatı üzrə layihələr hazırlanacaq və təkliflər təqdim olunacaq.

- Tədbirlər Planında içməli su təchizatı sahəsində sayğaclaşmanın başa çatdırılması ilə bağlı da istiqamət var. Bu istiqamətdə hansı işlər görüləcək?

- Bəli, Tədbirlər Planında sayğaclaşma ilə bağlı tapşırıqlar da mövcuddur. Hazırda abonentlərimizin 85 faizi saygacla təmin olunub, haradasa 227 min saygacsız abonentimiz var və 2021-ci ildə sayğaclaşma 100 faiz təmin ediləcəkdir. 460 kənddə modul tipli sutəmizləyici qurğular və müvafiq sistemlər vasitəsilə əhaliyə içməli su təchizatı xidməti göstərilir. Həmçinin əhalinin içməli su ilə təmin olunması məqsədilə regionlarda quraşdırılmış modul tipli sutəmizləyici qurğuların fəaliyyətinin yaxşılaşdırılması üçün Tədbirlər Planının hazırlanması və icrasının təmin edilməsi də reallaşdırılacaq.

- Mövcud su çatışmazlığının əsas səbəblərindən biri də sudan qeyri-qanuni istifadədir. Bununla bağlı hansı addımlar atılacaq?

- Tədbirlər Planında əsas tapşırıqlardan biri də su itkisinin qarşısının alınmasıdır. Su təsərrüfatının vəziyyətinə həsr olunmuş videoformatlı müşavirədən sonra “Azərsu” ASC-də həm layihə istiqaməti üzrə, həm də istismar üzrə itkilərin aradan qaldırılması istiqamətində bir neçə toplantı keçirilib. Aidiyyəti üzrə konkret tapşırıqlar verilib. "Azərsu" Açıq Səhmdar Cəmiyyəti tərəfindən istehlakçıların içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması ilə yanaşı, bu sahədə dəqiq uçot sisteminin yaradılması, xidmətlərdən qeyri-qanuni istifadənin qarşısının alınması istiqamətində kompleks nəzarət tədbirləri həyata keçiriləcək. Artıq Bakının ətraf qəsəbələrindəki bağ massivlərində sudan qeyri-qanuni istifadələrin aradan qaldırılması istiqamətində işlərə başlanılıb. Sayğacdan kənar istifadə halları araşdırılır.  Bir faktı deyim ki, Bakı şəhəri və Abşeron rayonuna verilən içməli sudan həm də suvarmada istifadə olunur. Çünki Abşeron yarımadasında alternativ şirin su mənbəyi məhduddur. Həm də əhali suvarmada innovativ texnologiyalardan istifadə etmir. Bu da israfçılığa səbəb olur. Bir məsələni də deyim ki, itkiləri minimuma endirsək, sudan qənaətlə istifadə etsək Bakı şəhərinə verilən su ilə bütün Abşeron yarımadasının suya olan tələbatını 24 saat tam ödəmək olar.

- Reallaşdırılan layihələr nəticəsində rayon mərkəzlərində mövcud şəbəkə formalaşıb. Ancaq elə rayon mərkəzləri var ki, burada su almayan massivlər də var.

- Bəli, belə hallar da mövcuddur. Elə şəhərlər var ki, orada layihələr bir neçə il əvvəl bitib və bu gün həmin şəhərlərin ətraf ərazisində yeni massiv salınıb. Mütəxəssislərimiz tərəfindən hər rayon üzrə müfəssəl araşdırma aparılacaq və artıq bu işlərə start verilib. Nə qədər yeni ev tikildiyi, nə qədər susuz ərazi olduğu araşdırıldıqdan sonra bu ərazilərdə də şəbəkənin yaradılması ilə bağlı layihə hazırlanacaq və həyata keçiriləcək.  

Tədbirlər Planına uyğun olaraq rayonlar üzrə içməli su təchizatı ilə bağlı bitmiş, davam edən və yeni infrastruktur layihələrinin təhlil olunması və dövlət investisiya proqramının tərtibi zamanı əhalinin artan tələbatı da araşdırılacaq.

Orxan Vahidoğlu, “İki sahil”