16 avqust 2019 19:39
1050

Bakı beynəlxalq maliyyə mərkəzinə çevrilə bilərmi?

Son illər ərzində ölkəmizdə əlverişli xarici mühit və daxili tələbin genişlənməsi ilə əlaqədar artım prosesləri iqtisadiyyatımızda da özünü büruzə verməkdədir. Düzgün şəkildə həyata keçirilən xarici siyasət iqtisadi artımın sürətləndirilməsi üçün fərqli mənbələrin hesabına maliyyə vəsaitlərindən istifadəyə və sosial-infrastruktur layihələrinin reallaşdırılması üçün idxal olunan məhsulların sərfəli və keyfiyyətli əldə olunmasına şərait yaratmışdır. Davamlı iqtisadi inkişafın təmin olunması, əhalinin sosial vəziyyətinin yaxşılaşmasında maliyyə sektoru əvəzolunmaz xidmətlər ifadə etməkdədir və regionun maliyyə mərkəzinə çevrilməsi üçün bu sektor üzrə təhlükəsizliyinin formalaşması mühüm məsələlərdəndir.

Maliyyə mərkəzlərinin formalaşması üçün əsas imkanlar güclü maliyyə potensialı, iri megapolis şəhərlər, həyat səviyyəsinin yüksək olması, maliyyə bazarlarına çıxış, əlverişli investisiya mühiti, sənayenin, elm və texnikanın sürətli inkişaf xüsusiyyətlərindən asılıdır. Dünyanın ən böyük maliyyə mərkəzlərinə fond və valyuta birjalarını, iri bankları və transmilli şirkətləri misal göstərmək olar ki, bu böyük mərkəzlərin əksəriyyəti Avropa, Amerika, Cənub-Şərqi Asiya ölkələrində yerləşir. Hətta yenicə fond və maliyyə birjalarının formalaşdığı ölkəmizin də bu tipli maliyyə mərkəzlərinin sırasına daxil olması üçün xeyli müddət lazım gələcəkdir. Regionumuzda ən böyük maliyyə mərkəzlərinin formalaşdığı ölkələrə misal olaraq Türkiyə və Rusiyanı misal göstərmək olar. Bu cür maliyyə mərkəzlərinin ölkəmizə yaxın mövqedə yerləşməsini maliyyə bazarlarımızın üstünlüklərindən hesab etmək olar. Bakı yaxın gələcəkdə regionun beynəlxalq maliyyə mərkəzinə çevrilə bilərmi?

Tədqiqatlar göstərir ki, Bakı şəhəri yuxarıda qeyd olunan bölgələrin maliyyə strukturundan nisbətən zəif olmasına baxmayaraq burada maliyyə potensialının inkişaf etdirilməsi üçün geniş perspektivlər vardır. Bütün bu imkanlar sənaye məhsulu istehsalında artım, əsas kapitala yönəldilən investisiyalar, nəqliyyat və tikinti sektorunun inkişafı və digər bu kimi xüsusiyyətlərin qiymətləndirilməsi zamanı meydana çıxır. Bunlardan əlavə ölkəmizin mühüm ticarət və nəqliyyat qovşaqlarının üzərində yerləşməsi, Şərqlə Qərb arasında körpü rolunu oynaması, Bakı - Tbilisi - Qars dəmir yolu xətti, eyni zamanda, Böyük İpək Yolunun buradan keçməsi, qonşu dövlətlər ərazisində siyasi və iqtisadi təhlükənin yaranması ilə əlaqədar investisiya və iqtisadi maraq mərkəzinə çevrilməsi, xarici iqtisadi əlaqələrin genişləndirilməsi, mövcud turizm potensialı, bank sisteminin son illər ərzində sürətli inkişafı və başqa digər sosial və kommersiya məqsədli işlərin həyata keçirilməsi ilə əlaqədar əlverişli investisiya mühitinin formalaşması Bakının regional maliyyə mərkəzinə çevrilməsini şərtləndirən əsas amillərdir.

Ölkəmizdə son illər üçün qəbul olunmuş regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının uğurla həyata keçirilməsi əlverişli investisiya mühiti formalaşdırmışdır. Bu proqramların yekunlarına nəzər saldıqda əhəmiyyətli irəliləyişlərin şahidi olmaq mümkündür. Başqa sözlə, əldə olunan müsbət göstəricilər dinamik və sağlam iqtisadi mühitin yaranmasından xəbər verməkdədir. Hazırda Azərbaycanın ÜDM-u Gürcüstan və Ermənistanın birgə ÜDM-dən bir neçə dəfə artıqdır.

Maliyyə bazarının inkişaf etməsində inteqrasiya prosesinin də rolu böyükdür. Siyasi və iqtisadi cəhətdən dünyadan təcrid olunan heç bir ölkənin inkişafından söhbət gedə bilməz. Ölkənin dünya iqtisadi birliyinə üzv qəbul edilməsi, beynəlxalq təşkilatlara qoşulması, dünya ölkələri ilə ticarət əlaqələrinin genişlənməsi onun maliyyə imkanlarının güclənməsində yeni perspektivlər müəyyən edəcəkdir. Hazırda Azərbaycanın BMT-nin xüsusi orqanları ilə əməkdaşlıq etməsi, Avropa Şurasının, ATƏT-in və MDB-nin üzvü olması, GUAM ölkələri ilə əlaqələr, İslam Konfransı Təşkilatı və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası ilə isti münasibətlər, NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramına qoşulması, xarici iqtisadi proqramlarda fəal iştirakı və digər beynəlxalq-regional təşkilatlarla əlaqələri, eyni zamanda, son illər ərzində mühüm beynəlxalq layihələrə ev sahibliyi etməsi, yeni enerji sazişləri Bakının beynəlxalq nüfuzunu artıran əsas amillər kimi qiymətləndirilir.

Bu istiqamətdə gedən proseslərin səmərəliliyini artırmaq üçün ölkəmizdə münasib qanunvericilik bazası mövcuddur.”Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununun 2009-cu ildən qüvvəyə minməsi ölkəmizdə kapital resursları mövqeyinin möhkəmlənməsi, maliyyə sistemi üçün təhlükələrə qarşı tədbirlərin görülməsi, banklara, şirkətlərə etibarlı investisiya mühitinin yaradılması, xarici investorların ölkəmizə marağının artması baxımından olduqca əhəmiyyətlidir. Bundan əlavə, “2011-2020-ci illər üçün Azərbaycan Respublikasının qiymətli kağızlar bazarının inkişafı” Dövlət Proqramını təsdiqlənməsi, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının hazırlanması, “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri” maliyyə bazarlarının düzgün idarə edilməsi, sığortanın tətbiqinin genişləndirilməsi, ticarətdə rəqabətədavamlı bazar infrastrukturunun formalaşdırılması üçün yeni imkanlar yaradacaqdır.

Bakının beynəlxalq maliyyə mərkəzi kimi formalaşması üçün bir sıra imkanlar mövcuddur:

- Bu istiqamətdə dövlət səviyyəsində ciddi islahatların aparılması və qanunvericilik bazasının yaradılması;

- Xarici layihələrə ev sahibliyi və turizm imkanlarının genişləndirilməsi;

- Ölkəmizin beynəlxalq aləmdə siyasi nüfuzunun güclənməsi;

- Beynəlxalq maliyyə və investisiya şirkətlərinə ölkəyə gəlmək üçün imkanların yaradılması;

- Maliyyə savadlılığı işlərinin son zamanlar geniş vüsət alması;

- Zəngin maddi-texniki bazaya və əsaslı kadr ehtiyatlarına malik biznes-tədris mərkəzləri, universitetlər və akademiyaların mövcudluğu;

- 2019-cu ildə “Global İqtisadi Mərkəzlər” indeksi üzrə qiymətləndirilmədə biznes mühiti, infrastruktur, insan kapitalı və maliyyə sektorlarının inkişafı indikatorları nəzərə alınmaqla Bakı şəhəri dünyanın 100 şəhəri arasında 95-ci yerdə qərarlaşmaqla Afina və Alma-Ata kimi şəhərləri də qabaqlamışdır;

- Bakı şəhəri ilk dəfə 2018-ci ildə “Global Financial Centers” indeksinə daxil edilmişdir ki, bu indeksdə Azərbaycanın reyting balı 511 olmuşdur.

Qeyd olunan bu imkanlarla yanaşı, Bakı şəhərinin sosial infrastrukturunun və gələcək strateji hədəfləri istiqamətində işlərin sürətləndirilməsi, yeni və böyük biznes mərkəzlərinin tikilməsi, beynəlxalq maliyyə sektoru üzrə magistratura və doktorantura istiqamətində mütəxəssislərin yetişdirilməsi, tez-tez beynəlxalq və regional tədbirlərin (hətta regionlarda belə) keçirilməsi, qiymətli kağızlar, valyuta bazarı üzrə birja dərslərinin tədrisi fəaliyyətinin genişləndirilməsi, xarici broker şirkətləri filiallarının artırılması bu istiqamətdə yeni perspektivlərinin ortaya çıxarılmasına gətirib çıxaracaqdır.

Bakının beynəlxalq maliyyə mərkəzi olması ölkəmizin strateji planının əsas hissəsidir. Əsas hədəfimiz Avropa İttifaqına üzvlük olduğu üçün üzərimizə düşən öhdəliklərin yerinə yetirilməsi olduqca vacibdir. Ona görə də Avropa standartlarına uyğun təkmilləşdirmə mexanizmləri yaradılmalı, maliyyə nəzarəti artırılmalı, beynəlxalq bank-sığorta qurumları, birja və maliyyə fondalarının təsis olunması istiqamətində fəaliyyətlər gücləndirilməlidir.

Bütün bunları nəzərə alaraq hesab edirik ki, Bakı şəhəri yaxın gələcəkdə ən azı keçmiş Sovet məkanının mühüm maliyyə mərkəzlərindən biri kimi formalaşacaqdır.

Eltun İbrahimov