21 mart 2020 21:57
2137

Bakı Dövlət Universiteti Koronavirusla Mübarizəyə Dəstək Fonduna 100 min manat köçürüb

Bu gün Bakı Dövlət Universitetinin (BDU) Elmi Şurasının virtual iclası keçirilib. İclasda Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarından irəli gələn vəzifələr, universitetdə tədrisin onlayn və oflayn rejimlərdə, elektron vasitələrlə təşkili imkanları, tələbə və əməkdaşların sağlamlığının qorunması istiqamətində görülmüş işlər və nəzərdə tutulmuş tədbirlər müzakirə olunub.

BDU-dan AZƏRTAC-a bildiriblər ki, Elmi Şura Azərbaycan Respublikası Prezidentinin yeni növ virusla mübarizədə atdığı qətiyyətli və effektiv addımları dəstəkləyib, ölkə başçısının müvafiq Fərmanı ilə Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılmasını əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi istiqamətində vacib və əhəmiyyətli tədbirlər kimi qiymətləndirib. Bu ümummilli məsələdə dövlətin qətiyyətli addımlarının, həyata keçirdiyi yüksək təhlükəsizlik tədbirlərinin Azərbaycan xalqının gələcəyinə, əhalinin sağlamlığının qorunmasına xidmət etdiyi vurğulanıb, hər bir insan öz sosial məsuliyyətini dərk etməyə, birlik nümayiş etdirməyə, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə əməl etməyə çağırılıb.

Elmi Şuranın qərarına əsasən Bakı Dövlət Universitetinin hesabından Koronavirusla Mübarizəyə Dəstək Fonduna 100 min manat vəsait köçürülüb.