31 yanvar 2019 14:07
184

Bakı Heyvanat Parkı müvəqqəti bağlanır

Bakı Heyvanat Parkı təmir-tikinti işlərinin intensivliyi ilə əlaqədar olaraq fevralın 2-dən etibarən müvəqqəti bağlanacaq.

Parkdan bildirilib ki, bütün heyvanlar təmir işləri müddətində xüsusi yaradılmış müvəqqəti volyerlərə köçürüləcək.

Həyata keçiriləcək təmir-quruculuq işləri çərçivəsində parkın ərazisinin genişləndirilməsi, ziyarətçilər üçün daha rahat məkana çevrilməsi, heyvanların saxlanma şəraitinin yaxşılaşdırılması və ərazidə müxtəlif əyləncə obyektlərinin istismara verilməsi nəzərdə tutulub. Yenidənqurma işləri nəticəsində zooparkın ərazisi iki dəfə genişləndiriləcək. Heyvanların öz arealına daha yaxın şəraitdə yaşamalarını təmin etmək, həmçinin şəhərimizin sakinlərinin və qonaqlarının rahat, zövqoxşayan istirahətlərini təşkil etmək məqsədilə zooparkda daha təbii mühit yaradılacaq. Heyvanlar Avropa Zoopark və Akvariumlar Assosiasiyası (AZAA) standartlarına uyğun şəraitdə saxlanılacaq.

Zoopark cəmiyyətin bütün hədəf qrupları üçün heyvanlar və təbii ekosistem, xüsusən də Azərbaycanın nadir təbiəti haqda məlumat əldə edə biləcəkləri tədris, tədqiqat və konservasiya mərkəzinə çevriləcək. Zooparkın fəaliyyətində uşaqların və gənclərin təbiət və onun mühafizəsi haqqında biliklərinin artırılmasına yönələn proqramların həyata keçirilməsinə xüsusi önəm veriləcək. Yeni zooparkda bütün ziyarətçilərin, həmçinin fiziki qüsurlu şəxslərin marifləndirilməsi və rahatlıqla istirahət etməsi üçün bütün lazımi şərait yaradılacaq.

Qeyd edək ki, 80 ildən artıq fəaliyyət göstərən Bakı Zooloji Parkının təmiri ilə bağlı ətraf mühit və heyvanların qorunması sahəsində fəal iştirak edən və dəyərli işgüzarlığı ilə seçilən Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevaya vətəndaşlar tərəfindən çoxsaylı müraciətlər ünvanlanıb.