31 iyul 2020 17:17
377

Bakı Media Mərkəzi bayram namazının çəkilişini və canlı yayımını həyata keçirib

Müqəddəs Qurban bayramı ilə bağlı bayram namazı bu il karantin qaydalarına uyğun fərqli şəkildə baş tutub. Bakı Media Mərkəzinin çəkilişlərini həyata keçirdiyi mərasim zamanı din xadimləri, Qafqaz Müsəlmanları idarəsinin təmsilçiləri Bakı şəhəri Binəqədi rayonunda yerləşən “Heydər” məscidində bayram namazı qılıb, xalqımız üçün dualar ediblər.

Bakı Media Mərkəzindən Trend-ə bildirilib ki, Qafqaz Müsəlmanları İdarəsinin təmsilçiləri Hacı Şahin Həsənli və Hacı Ceyhun Rüstəmovun bayram namazı ilə bağlı xütbələri dinlənilib. Eyni zamanda Müqəddəs Qurban bayramı ilə bağlı Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadə, Bakı şəhəri Dağ Yəhudiləri dini icmasının sədri Milix Yevdayev, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein, Roma Katolik Kilsəsinin Azərbaycandakı apostol prefekturasının ordinarisi Vladimir Fekete və Qafqaz Müsəlmanları idarəsinin sədr müavini Hacı Salman Musayevin çıxışlarına yer verilib.

Qeyd edək ki, bayram namazı Bakı Media Mərkəzinin çəkiliş qrupu tərəfindən ən müxtəlif rakurslardan geniş şəkildə çəkilib və yüksək keyfiyyətli görüntü birbaşa yayım avadanlıqları vasitəsilə İctimai TV, Real TV, o cümlədən, mərkəzin rəsmi sosial şəbəkə səhifəsindən canlı olaraq yayımlanıb.

Canlı bağlantı zamanı bayram ərəfəsində Bakı Media Mərkəzinin yaradıcı heyətinin ölkəmizin ən müxtəlf şəhər və regionlarında mövcud olan, milli ornamentlərimizlə bəzədilmiş, islam arxitekturasının gözəl nümunələri sayılan məscid və ziyarətgah komplekslərimizdə etdikləri çəkilişlərin görüntülərindən də istifadə olunub.