15 noyabr 2019 20:01
1367

Bakıda ekoloji sərgi keçirilib

Bakı Ekspo Mərkəzində 2019-cu il 13-15 noyabr tarixlərində “Caspian Ecology” tərəfindən 10-cu Yubiley Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisi keçirilib.

Bu sərgi Xəzəryanı və Qafqaz regionlarında ekologiya və ətraf mühitin mühafizəsi məqsədi ilə keçirilib. “Caspian Ecology” bu sahədə fəaliyyət göstərən yerli və xarici şirkətləri öz meydançasında bir araya gətirib. “Caspian Ecology” keçirilən bu sərginin burada iştirak edən şirkətlərin Azərbaycandakı bizneslərinin inkişafı üçün ən əlverişli vasitə olacağını bildirib.

Sərgidə iştirak edən şirkətlər tərəfindən ekoloji cəhətdən təhlükəsiz texnologiya və istehsal, ətraf mühitin monitorinqi və ətraf mühitin çirklənməsinin qiymətləndirilməsi üsullar, eko - layihələr, havaya buraxılan sənaye emissiyalarını təmizləyən sistemlər, landşaft və dizayn, polimer və rezin tullantılarının emalı (maşın və avadanlıq), şəhər ətraf mühit üçün təmizləyici nəqliyyat vasitələri və qurğuları, sənaye tullantılarının idarə edilməsi və emalı, səs izolyasiya texnologiyaları, səs-küy və vibrasiya nəzarəti, su və tullantı sular, torpağın təmizlənməsi və bərpası üsulları, yaşıl enerji bölmələri nümayiş olunub.

Sərgidə Almaniya, Azərbaycan, Birləşmiş Krallıq, Finlandiya, Fransa, Rusiya, Türkiyə, İtaliya, Ukrayna kimi dövlətlərdən nümayəndələr iştirak ediblər. Həmçinin bu sərgiyə İran, Niderland, Avstriya, Latviya ölkələrindən də ziyarətçilər qatılıb.

Sərginin işgüzar proqramı çərçivəsində ilk dəfə olaraq sərgi iştirakçıları arasında görüşlər, eləcə də müxtəlif seminarlar keçirilib. Həmçinin, İtaliya Ticarət Agentliyi tərəfindən təşkil olunan “B2B” formatlı ikitərəfli işgüzar görüşlər keçiriblər.

Eyni zamanda, sərgi çərçivəsində “Qafqazda vəhşi təbiətin bərpası üzrə əməkdaşlıq” mövzusunda beynəlxalq elmi konfrans da keçirildi. Konfransın məqsədi bioloji müxtəlifliyin qorunması, regionun təbii bərpa sahəsində potensialının inkişafı üçün prioritetləri müəyyənləşdirmək və regional əməkdaşlığı genişləndirmək idi. Tədbirdə bir sıra ölkələrin tanınmış mütəxəssisləri iştirak ediblər.

Təşkilatçılar sərgilər çərçivəsində “Düşünüb, bölüşürük” layihəsini davam etdirdilər.

Sərgidə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Naziri Muxtar Babayev, “Oreon Commerce” (Azərbaycan) şirkətinin təsisçisi Şahin Şahbazov, “Suyum Az” MMC-nin (Azərbyacan) direktoru Yunis Abdiyev, “HAUS Centrifuge Technologies Co.” (Türkiyə) şirkətində satış meneceri Oğuz Vural iştirak edib.

Röya Rasimqızı, “İki sahil”