21 may 2019 10:45
2193

Bakıda tramvay və trolleybuslar bərpa olunacaqmı?

Avropada və dünyanın bir çox ölkələrində tramvaylar hələ də işləyir. Hətta bəzi böyük şəhərlərdə sürətli tramvaylar fəaliyyət göstərir. Türkiyədə isə sərnişindaşımada metrobusların istifadəsi tətbiq olunur. Bəs, Bakıda tramvay və trolleybus xətlərinin yenidən bərpası mümkündürmü? Həmçinin illərdir ki, tətbiqi gözlənilən və dəfələrlə müzakirələrə səbəb olan metrobus təcrübəsi paytaxtımızda gözləniləndirmi?

Belə ki, alternativ ictimai nəqliyyat növlərinin yaradılması istiqamətində zəruri addımların atılması gündəmdədir. Vətəndaşlara yaxşı sərnişindaşıma xidmətinin göstərilməsi həm təhlükəsizlik, həm də keyfiyyət baxımından vacibdir. Bu xidmətin müasir tələblər səviyyəsində qurulması əsas hədəfdir. Bununla bağlı dövlət başçısı tərəfindən də konkret tələblər qoyulub. Bu tapşırıqların icrası çərçivəsində hazırda avtobus parkının yenilənməsi və kart sisteminin əhatə dairəsinin genişləndirilməsi işləri gedir. Alternativ ictimai nəqliyyat növlərinin yaradılması məsələsi ötən ilin sonunda qəbul edilən Dövlət Proqramında da öz əksini tapıb.

Nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov mövzu ilə bağlı qəzetimizə açıqlamasında bildirdi ki, nəzərdə tutulan işlərin tətbiqindən sonra Bakı Nəqliyyat Agentliyi (BNA) tramvay və trolleybus xətlərinin bərpası və metrobus təcrübəsi məsələlərinə baxacaq: “Bu cür nəqliyyat vasitələrinin yenidən bərpa edilməsi üçün lazım olan şərait paytaxtda var. Ötən il ölkə Prezidenti İlham Əliyev tərəfindən yol hərəkətinin təhlükəsizliyinə dair Dövlət Proqramı təsdiqlənib. Proqramda bizim hər birimizi düşündürən, marağımızda olan məsələlər öz əksini tapıb. Çünki biz sürücü, sərnişin, piyada olaraq istənilən halda yol hərəkəti iştirakçısıyıq. Ona görə də bu proqram həyatımızın əksər hissəsini təşkil edir və biz hamımız maraqlıyıq ki, yollarımızda insanların təhlükəsizliyi, rahatlığı təmin edilsin. Tramvay və  trolleybusların tətbiqi yaxşı olar. Çünki onlar digər nəqliyyat vasitələrindən daha təhlükəsiz və ekoloji cəhətdən təmizdir”.

Ekspert qeyd etdi ki, tramvay və trolleybus kimi ictimai nəqliyyat növlərinin yaradılması, tətbiq edilməsi şəhər sakinləri üçün çox əlverişlidir: “Paytaxtda sıxlığı azaltmaq üçün atılan addımlardan bəlkə də ən vacibi elə bu olardı. İnsanlar məcburən şəxsi avtomobillərindən istifadə edirlər ki, bu da yollarda sıxlığa, tıxaclara səbəb olur. Xarici ölkələrdə isə demək olar ki, yalnız böyük işgüzar görüşlərində və ya çox özəl məqamlarda şəxsi avtomobillərdən istifadə olunur”.

Ekspert metrobus təcrübəsinin Bakıda tətbiq edilməsinin mümkün olduğunu və bunun paytaxtdakı tıxacları azaldacağını qeyd edib.

Qeyd edək ki, ötən il dekabrın 27-də ölkə Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair Dövlət Proqramı” təsdiqlənib və həmin proqramda bu cür ictimai nəqliyyat vasitələrinin yenidən bərpası məsələsi öz əksini tapıb. Proqramda bu işlərin görülməsi üçün 5 il müddət nəzərdə tutulub.

Cavid Əkbərov, “İki sahil”