04 iyul 2020 13:26
1231

Bakıdan Qəbələyə icazəsiz gedənlər inzibati məsuliyyətə cəlb ediliblər

Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində keçirilən reyd zamanı Bakı şəhərindən, eləcə də sərtləşdirilmiş karantin rejiminin elan olunduğu digər rayonlardan qaydaları pozaraq qeyri-qanuni yollarla istirahətə gələn şəxslər barəsində tədbirlər görülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə karantin rejimi dövründə heç bir icazələri olmadan Qəbələdə yerləşən otellərdə, istirahət mərkəzlərində və gündəlik kirayə evlərdə qalan Bakı şəhər sakinləri müəyyən edilib. Həmin şəxslər məsuliyyətdən yaxa qurtarmaq üçün uzun müddət burada yaşadıqlarını bildirsələr də, Təhlükəsiz Şəhər Xidməti və digər texniki vasitələrin köməyi ilə onlara məxsus avtomobillərin rayon ərazisinə giriş-çıxış vaxtı müəyyənləşdirilib və onların sərtləşdirilmiş karantin günlərində Bakıdan Qəbələyə gəldikləri məlum olub. Bəzilərinin isə çalışdıqları dövlət idarələri və müəssisələri tərəfindən verilmiş xüsusi icazələrdən sui-istifadə edərək ailəsi ilə birlikdə istirahət məqsədilə rayona gəldiyi aşkarlanıb. Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub və onlar cərimələniblər.

Onlarla fərdi söhbətlər aparılıb və bundan sonra da belə qayda pozuntularının olacağı təqdirdə barələrində daha ciddi tədbirlərin görüləcəyi bildirilib. İcazələr əsasında iş məqsədilə rayona ezam olunan vətəndaşlara da reyd zamanı rast gəlinib. Polis əməkdaşları tərəfindən onlar planşetlə yoxlanılıb və həqiqətən də müəyyən olunmuş müddətdə iş məqsədilə Qəbələyə gəldikləri aydınlaşıb. Onların hərəkətinə hər hansı məhdudiyyət tətbiq edilməyib.