31 iyul 2020 14:01
352

Balakəndə yeni məktəb tikiləcək - SƏRƏNCAM

Balakənin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulmasına 1 milyon manat ayrılıb

 

Prezident İlham Əliyev Balakən rayonunun Yeni Şərif kəndində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Trend-in məlumatına görə, sərəncama əsasən, Balakən rayonunun Yeni Şərif kəndində 360 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ilkin olaraq 1,5 milyon manat ayrılıb.

Prezident Balakən şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması layihəsinin icrası ilə bağlı tədbirlər haqqında da sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, Balakən şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması məqsədilə layihələndirmə və tikinti-quraşdırma işlərinin icrası üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə ilkin olaraq 1 milyon manat ayrılsın.

Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin edəcək.

İqtisadiyyat Nazirliyinə tapşırılır ki, bu Sərəncamın 1-ci hissəsində göstərilən su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması işlərinin başa çatdırılması üçün zəruri olan maliyyə vəsaitini Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə nəzərdə tutsun.

Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll edəcək.