22 yanvar 2020 19:54
2259

Baloğlan Abdullayev - 60: Neftə həsr edilmiş zəhmətkeş ömrü

Azərbaycan istisadiyyatının aparıcı sahələrinin önündə gedən neft sənayesi bu yaxınlarda əlamətdar hadisələrdən birini - Azərbaycan dövlətinin Xəzərin qoynunda yerləşən mirvarisi, əfsanəvi şəhər - Neft Daşlarının 70 illik yubileyini qeyd etdi.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Neft Daşlarının yaranmasının 70 illiyi münasibətilə Azərbaycan neftçilərinə ünvanladığı təbrik məktubunda deyilir: “Ötən müddət ərzində böyük məsafə qət edərək dəniz şəraitində müasir infrastrukturlu istehsalat  şəhərinə çevrilən Neft Daşları indi öz inkişafının yeni mərhələsini yaşayır. Əminəm ki, Neft Daşları yatağının zəngin ehtiyatları bundan sonra da uzun illər ölkəmizin iqtisadi potensialının gücləndirilməsinə və xalqınızın həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına xidmət edəcəkdir”.

Cənab Prezidentin bildirdiyi  kimi,  müasir Neft Daşları dövlətin və Azərbaycan  neftçilərinin misilsiz qəhrəmanlıqları hesabına başa gəlmişdir.

Belə qəhrəman neftçilərdən biri də bu yaxınlarda 60 illik yubileyini qeyd edəcək, ömrünün 38 ilini Neft Daşlarında çalışan, “Neft Daşları” NQÇİ-nin Elektrik Təchizatı və Elektrik Avadanlıqları Sahəsinin rəis müavini Baloğlan Abdullayevdir.

Baloğlan  Ağamoğlan  oğlu Abdullayev 1960-cı il yanvar ayının 25-də Biləsuvar rayonunun  Günəşli  kəndində  anadan olmuşdur. 1977-ci  ildə  rayonun Ağayrı  kənd orta məktəbini bitirdikdən sonra indiki Azərbaycan Neft və Sənaye universitetinin  Energetika fakültəsinə daxil olmuşdur. 1982-ci ildə universiteti böyük müvəffəqiyyətlə  bitirərək mühəndis-energetik ixtisasına yiyələnmiş, təyinatla “Neft Daşları” NQÇİ-yə göndərilmişdir. 1982-ci ildə “Neft Daşları” NQÇİ-nin ET və EAS sahəsində elektrik montyoru kimi əmək fəaliyyətinə  başlamış, mühəndis, aparıcı mühəndis, ET və EAS-nin rəisi vəzifələrində işləmişdir. 2017-ci ildən hal-hazıra qədər ET və EAS-nin rəis müavini vəzifəsində işləyir. Ailəlidir, dörd  övladı var.

Yubiley ərəfəsində olan qəhrəman neftçi Baloğlan Abdullayevə bu yaxınlarda  bir neçə sualla müraciət elədik.

- Baloğlan usta, 60 illiyinizi və Neft Daşlarında əmək faliyyətinizə başlamanızın 38 illiyini qeyd edirsiniz. Təbrik edirik! Necə keçdi bu 38 il? Kimləri gördünüz, kimlərlə işlədiniz?

- 1949-cu il noyabr ayının 7-də Bakı şəhərindən 110  km aralıda Xəzərin açıq qoynunda  ilk neft quyusunda sutkada 100  tona yaxın hasilatla neft fontan vurub. Həmin gün Neft Daşlarının doğum günü kimi tarixə düşüb. Bu ötən illər ərzində Qara daşlar adlanan bu yer insan zəkasının və əməyinin təntənəsi olan müasir Neft Daşlarına çevrilib. Mən özüm 1982-ci ildən Neft Daşlarında işləyirəm. Bugünkü müasir Neft Daşlarının qurulmasında, buranın dünya neft standartlarına uyğun istehsalat  şəhərciyinə çevirilməsində Azərbaycan dövlətinin, şəxsən ümummilli liderimiz  Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyevin böyük rolu olmuşdur. Onların hər ikisi dəfələrlə Neft Daşlarında olmuş, biz neftçilərlə görüşmüş, buranın inkişafına şəxsən nəzarət etmişlər. Ötən 38 il ərzində Azərbaycan neft  sənayesinin Xoşbəxt Yusifzadə, Natiq Əliyev, Qurban Abbasov, Daşqın İsgəndərov, Səyyad  İbrahimov, Vaqif Hüseynov, Alçın Şirinzadə, Bayram Bayramov, Balamirzə Ağarəhimov, Qoçalı Mahmudov kimi peşəkar  neft mütəxəssisləri ilə birlikdə  işləmişəm. Hazırda da SOCAR-ın prezidenti Rövnəq Abdullayevin başçılığı altında işləyirik. Nəhəng  neft  infrastrukturunun idarə edilməsi ağır və məsuliyyətli işdir. Bu işdə hər bir nefçinin danılmaz əməyi vardır. İdarəmizin rəhbəri Qoçalı Mahmudov çox savadlı və peşəkar neftçidir. 30 ildən çoxdur ki, Xəzər dənizində neft və qazın çıxarılmasında böyük səylə çalışır. Təsadüfi deyildir ki, gərgin əmək faliyyətinə görə 2017-ci ildə cənab Prezidentin müvafiq sərəncamı ilə “Neft Daşları” adına Neft və Qazçıxarma İdarəsinin rəisi kimi ona “Əməkdar mühəndis” fəxri adı verilmişdir.

- Baloğlan müəllim, ömrünüzün ən yaxşı vaxtlarını - gəncliyinizi bu dəniz şəhərinin estakadaları üzərində  çalışmısınız. Neft Daşları sizin üçün nə deməkdir?

- Neft Daşları mənim ikinci evim, həyatımın bir hissəsidir. Bu gün SOCAR kimi nəhəng bir kollektivdə işləmək, yorulmadan çalışan zəhmət adamlarının arasında olmaq hər bir Azərbaycan neftçisi kimi mənim üçün də qürurvericidir. Hazırda Neft Daşları ərazisi və ətraf stasionar dəniz özüllərinin fasiləsiz enerji ilə təmin edilməsi prosesində fəal iştirak edən bir sahənin rəis müaviniyəm. İşimiz NQÇİ-nin qazma meydançalarının, ayrı-ayrı özüllərin və köməkçi sahələrin elektrik enerjisi ilə fasiləsiz təchizatı və elektrik qurğularına  vaxtında, keyfiyyətli texniki xidmət etməkdir.

Neft Daşlarının bütün sahələrində olduğu kimi, burada da çox zəhmətkeş və qəhrəman kollektivimiz var.

İşimizin qurulmasında idarəmizin Baş Mühəndisi Azər Rüstəmovun, Energetika şöbəsinin rəisi Eldar Əfəndiyevin və rəis müavini Qüdrət Əmirovun zəhməti böyükdür. Bundan əlavə də kollektivimizdə Pərviz Xansuvarov, Vüsal Kərimov, Xəyyam Şərifov, Fuad Musayev, Kamandar Əliyev, Səbuhi Ağasəfov, Ceyhun Əliyev, Akif Fazilov, Firudin Bayramov, Güləhməd Hüseynov, Bəhlul Qardaşbəyov, Ayaz Allahverdiyev, Əjdər Abdullayev, Dərgah Həsənov kimi öz işini bilən, fədakar və savadlı mühəndis-energetiklərimiz var. Kollektvimizin bütün işçiləri əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına uyğun olaraq Neft Daşlarının elektrik enerjisi ilə fasiləsiz  təchizatında  səylə çalışırlar. Elektrik təchizatı və elektrik avadanlıqları sahəsinin növbətçi elektriklərindən Şakir Hətəmovu, Rövşən Buliyevi, Faiq Mehdiyevi, Mürvət Muradovu, Faiq Cavadovu, Xanlar Rzayevi, Balarza Məlikovu, Şəbəkə rayonunun və quraşdırma sahəsinin elektriklərindən Ehtiram Quliyevi, Elşən Xalıqovu, Elnur Fərzəliyevi, Ceyhun Əmirovu, İlyas Bağrovu, Vəli Əhmədovu, Eldəniz Musayevi, Maarif Süleymanovu, Tural Qasımovu, Tərlan İdayətovu, Arif Rəcəbovu, Səməd Rzayevi, Fuad Aslanovu, Malik Atakişiyevi, Samir Əhmədlini, Kamran Turabovu, Əmrah Bağırovu və Aslan Bürhanovu xüsusi olaraq qeyd etmək istərdim. İnanıram ki, kollektvimiz həmişə olduğu kimi gələcəkdə də yeni-yeni uğurlar qazanacaq, Neft Daşlarının çiçəklənməsində  öz  töhfələrini əsirgəməyəcək.

Söhbətimizin sonunda hörmətli zəhmət adamı usta Baloğlanı bir daha 60 yaşının tamam olması münasibətilə səmimi qəlbdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı, yorulmaz failiyyətində uğurlar arzulayırıq.

Aqşin Dadaşoğlu

neftçi, şair, Azərbaycan
Jurnalistlər Birliyinin üzvü