21 fevral 2019 17:40
684

Baltik ölkələrində yeni bank qalmaqalı yaşanır

Baltik ölkələrində fəaliyyət göstərən iri bankların adları korrupsiya və çirkli pulların yuyulması kimi maliyyə qalmaqallarında hallanmaqda davam edir.

AZƏRTAC xəbər verir ki, indi də bu siyahıya hər üç Baltik ölkəsində fəaliyyət göstərən və ən çox müştəri sayına malik isveç bankı “Swedbank” daxil olub. Estoniya hökuməti Danimarka bankı olan “Danske”nin fəaliyyətindəki qanunsuzluqlar səbəbindən onun fəaliyyətinə xitam və ölkəsindən tam çıxmaq üçün 8 ay vaxt verməsindən sonra “Swedbank”ın yoxlanmasına başlayıb.

“Swedbank”ın adı hazırda 2007-2015-ci illər ərzində həyata keçirilmiş çirkli pulların yuyulmasında hallanır. İsveç televiziya kanalı olan SVT iddia edib ki, onların əlində həmin dövrdə qanunsuz dövriyyə etmiş 40 milyard isveç kronu barədə sənədlər var. Hazırda bununla bağlı İsveç Baş Prokurorluğunda araşdırmalar aparılır.

Bankın rəhbərliyi əsas müştəriləri və səhmdarları ilə danışıqlar aparıb, lakin bu, bir fayda verməyib. Bankın hazırkı zərəri artıq 3,2 milyard avrodur.

Estoniya hökuməti ölkəsində “Danske Bank”ın fəaliyyətini dayandırması barədə qərarını verdikdən sonra eyni yoxlamalar bankın Danimarka, Böyük Britaniya, Fransa və ABŞ filiallarında başlayıb.